Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:08

Məhkəmə 8 illik mülk davasına son qoysa da, qətnamə icra olunmur


İcra məmurları bazarda
İcra məmurları bazarda
«MƏN SƏNƏ FƏHLƏ TUTANAM?»

- Ağsaqqal, burda qətnamə hissəsində yazılmayıb ki, əşyaların boşaldılması üçün fəhləni kim təşkil etməlidir. Fəhləni özün tutursan, çıxardırıq bunları, mən fəhlə tutmamalı deyiləm ki.

- Bu, təzə qanundur?

- Mən çıxartmalıyam əşyaları? Mən sənin yerinə fəhləlik edən deyiləm ki.

- Sən icraçı deyilsən?

- Mən sənə fəhlə gətirənəm?

- Ədliyyə Nazirliyinə gedəcəyəm, aydınlaşdıracağam, görüm fəhləni kim gətirməlidir.

- Niyə qışqırırsan üstümə?

Noyabrın 4-də Şəki rayon İcra bölməsinin icra məmurları bazara bir icra qərarını icra etməyə gəlmişdilər. Onlar bazara aidiyyəti olmayan, ancaq 8 ildir ki, bazar rəhbərliyinin nəzarətinə keçən ticarət obyektinin boşaldılaraq məhkəmə yolu ilə təsdiqlənmiş sahibi Mais Ağayevə təhvil-təslim etməli idilər. Şəki rayon icra bölməsinin böyük icra məmuru Zülfüqar Mehdiyevin mağazanın qanuni sahibinə «get fəhlə gətir, məhkəmə qətnaməsini icra edək» deməsi tələbkarı özündən çıxarmışdı.

ZƏBT OLUNMUŞ MAĞAZA

Hələ ötən il Mais Ağayev AzadlıqRadiosunun «Qaynar xətt»inə ona məxsus olan mağazanın 8 il əvvəl Şəkinin keçmiş icra başçısının qardaşı, həmin vaxt bazarın müdiri olmuş Ürfət İbrahimov tərəfindən zəbt olunmasından şikayət etmişdi. Deyirdi ki, Ürfət İbrahimov söhbətin böyüməkdə və məhkəmə müstəvisinə keçməkdə olduğunu görərək 2006-cı ildə bazarı həmin vaxt İcra hakimiyyətində şöbə rəisi işləmiş Nəbi Hüseynbəylinin adına rəsmiləşdirib. Bundan sonra Mais Ağayev mağazanı geri qaytarmaq üçün məhkəmələrdə Nəbi Hüseynbəyli ilə üz-üzə qalıb. 5 il davam edən məhkəmələr Mais Ağayevin xeyrinə başa çatıb – mağaza boşaldılmalı və ona qaytarılmalıdır. Bu ilin sentyabr ayında qətnamə məcburi icraya yönəlib. İcra məmurları cavabdeh Nəbi Hüseynbəyliyə qərarı icra etmək barədə xəbərdarlıq edəndə isə, Nəbi Hüseynbəyli bildirib ki, onun bazara aidiyyəti yoxdur. O, Şəki rayon icra bölməsində belə məzmunda izahat yazıb:

MƏHKƏMƏDƏ UDUZAN TƏRƏF MAĞAZADAN İMTİNA EDİB

««Şəki Bazar» Açıq Səhmdar Cəmiyyətinin keçmiş müdiri İbrahimov Ürfat Asabəli oğlunun etibarnaməsi əsasında «Şəki Bazar» ASC ilə mənim aramda bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarış ləğv olunmalıdır. Mağaza binası mənim tərəfimdən boşaldılaraq 2003-cü ildə olan vəziyyətdə Ağayev Maisə qaytarılmalıdır. Qeyd olunan icra sənədi üzrə olan icraata başlamaq haqqında qərarın surətini almışam və həmin qərarda qeyd olunan müddətdə icra sənədinin icrasının təmin edilməsinə etiraz etmirəm.
Mais Ağayev
Mais Ağayev
Qətnamədə qeyd olunan mağaza ilə bağlı uzun müddətdir heç bir əlaqəm yoxdur. Belə ki, həmin mağaza nə istifadəmdə, nə də sərəncamımdadır. Mənim tərəfimdən heç bir şəxsin də istifadəsinə verilməyib. Hazırda həmin mağazanı istismar edənlərə bazar rəhbərliyi tərəfindən icarəyə verilib».

Nəbi Hüseynbəyli icra yerinə də gəlməmişdi.

«BAZARKOM» OBYEKTDƏN ƏL ÇƏKMƏK İSTƏMİR

Bu ilin may ayında bazara yeni müdir təyin olunub – Vahid Abdullayev. Mağazanı boşaltmalı olan ticarətçilər dedilər ki, gedin bazar müdiri ilə danışın, buranı bizə o icarəyə verib. Yer haqqını da ona ödəyirik. Vahid Abdullayev isə dedi ki, nə məhkəmə, nə qətnamə, nə qərar. Mənim heç nədən xəbərim yoxdur, mağaza da bazara məxsusdur:

- O vaxt Ürfət İbrahimov həmin yeri «Azərittifaq»dan alıb, sonra da həmin yeri bazarın adından Nəbi Hüseynbəyliyə satıb. Mən gələndən sonra göstəriş verilib ki, köhnə müdirin vaxtında nə işlər görülübsə, yenidən baxılsın, qeyri-qanuni satılmış yerlər məhkəmə yolu ilə bazarın mülkiyyətinə qaytarılsın. Sonra bizə məktub gəldi ki, Mais Ağayev Nəbi Hüseynzadəni və bizi məhkəməyə verib. Biz də vəkil tutduq, getdi məhkəmədə iştirak etdi, məhkəmə də qətnamə çıxartdı.

Mais Ağayev:

- Bəli, qətnamə çıxarıldı ki, mağazanı boşaldıb mənə verəsiniz. İndi icra edin.

Elə söhbət də həmin məhkəmə qətnaməsindən gedir ki, orada mağazanın boşaldılması və sahibi Mais Ağayevə qaytarılması göstərilib. Yeri gəlmişkən, həmin qətnamədən apellyasiya şikayəti də verilib, ancaq həmin instansiya da mağazanın Mais Ağayevə qaytarılmalı olduğunu təsdiqləyib.

İCRA NOYABRIN 16-A QALDI

Məcburi icra prosesi günün ikinci yarısına keçsə də, başa çatmadı. İcra məmurları obyekti tələbkarın – yəni Mais Ağayevin öz hesabına boşaltdırmaq istəyirdilər. Tələbkar isə bunun qanunazidd olduğunu deyirdi. Buna görə də böyük icra məmuru Zülfüqar Mehdiyev qərarın icrasını noyabrın 16-dək təxirə saldı:

- Fəhlə də tutarıq, həmin gün icra işlərini başa çatdırarıq.

Noyabrın 16-da məhkəmə qətnaməsi necə icra olunacaq, bu barədə «Qaynar xətt»in növbəti buraxılışlarında məlumat verəcəyik.

Buna da bax:

XS
SM
MD
LG