Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 06:53

Bayram namazı nə vaxt qılınsın?


Bayram namazı nə vaxt qılınsın?
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

Hacı Sultanəli Məscidindən reportaj

Günorta namazının başlanmasına 10-15 dəqiqə qalır. Bakının Yasamal rayonu ərazisindəki Hacı Sultanəli Məscidinin həyətində yüksək tonda olmasa da azan səsini eşitmək mümkündür. Məscidin həyətində dəstnamaz alıb içəri tələsənlər də az deyil. Namaza gələnlərin dediyinə görə, həm cümə günü, həm də Qurban bayramı ərəfəsi olduğundan, bu gün məscidə gələnlərin sayı digər günlərlə müqayisədə daha çoxdur.

Namaza gələnlərin bir-birinə gileyləndiyini eşidirik, məlum olur ki, indi çoxunu maraqlandıran əsas məsələ bayram namazı ilə bağlıdır. Elnarə xanım da, onun adaşı da deyir ki, bu gün məscidə həm də ona görə gəliblər ki, bayram namazını nə vaxt qılmalı, qurbanlıq qoyunu nə vaxt kəsməli olduqlarını dəqiqləşdirsinlər:

«Gah 6-a, gah da 7-ə salırlar. Qalmışıq müəmmalı».

«Bu məsciddə bayram namazı ayın 6-da olacaq, o birilərində 7-də. Biz də ayın 6-da gəlib burada qılarıq da».

«QOYUNA YAXIN DÜŞMƏK OLMUR»

Məsciddə bayram namazı qədər aktual olan ikinci bir məsələ də qurbanlıq qoyunların qiymətidir. Kimi bir-birinə qoyunu baha qiymətə almasından, kimi də qoyun almağa pulu yetmədiyindən şikayətlənir.

Ramiz Məmmədov
Ramiz Məmmədov
Təxminən 50 yaşlı Ramiz Məmmədov deyir ki, hər il qurbanlıq qoyun alıb kəssə də, bu dəfə bayram günü yalnız məscidə gəlib bayram namazı qılmaqla kifayətlənməli olacaq. Deyir ki, bu il qoyuna yaxın düşmək müşkül məsələyə çevrilib:

«Rayonlardan gətirilən qurbanlıqlar çox bahadır, yaxın düşmək olmur. Bir qoyunu 200 manata deyirlər. 85-100 manat olmalıdır, daha ondan o tərəfə yox da. Dövlət gərək buna nəzarət etsin».

Elnarə xanımsa deyir ki, ötən il onlara 120 manata başa gələn qoyuna bu il 150 manat veriblər. Bayram bazarlığına gəldikdə isə:

«Oy-oy, bazara yaxın düşüləsi deyil».

«ÇAŞQINLIĞA HEÇ BİR ƏSAS YOXDUR»

Namaza gələnlərlə həyətdə söhbətdən sonra məscidə giririk. Məscidin axundu Hacı Məhərrəm deyir ki, onlar da Qurban bayramına hazırlaşırlar. Bayram namazına gəlincə, axund deyir ki, çaşqınlığa heç bir əsas yoxdur, bayram namazı həm noyabrın 6-da, həm də 7-də qılına bilər:

«Bizdə - bu məsciddə həm ayın 6-da, həm də 7-də bayram namazı qılınacaq. Bayramın özü də 3 gün davam edir. Burada heç bir problem yoxdur, kim nə vaxt istəyir qıla bilər».

Hacı Məhərrəm deyir ki, məscidin həyətində qurbanlıq qoyun kəsmək üçün xüsusi yer də var, bayramda onlara bu məqsədlə müraciət edənlər olur. Məscidin axundu qurban kəsilən yerlərlə bağlı məhdudiyyət məsələsinə də toxunur:
«Yaxşı ediblər, çox gözəl göstərişdir. Qurbanlıq heyvanlar təmizlik olan yerdə kəsilməlidir, yoxsa ki, pərakəndə şəkildə kim harda istəyir, qoyun satır».

Hacı Məhərrəm
Hacı Məhərrəm
Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Qurban bayramı ilə əlaqədar fətvasında da deyilir ki, bayram qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə kəsilməlidir. Fətvada o da bildirilir ki, hər kəs öz əqidəsinə uyğun olaraq həm noyabrın 6-da, həm də 7-də qurban kəsə və bayram namazı qıla bilər.

«BAYRAM AYIN 6-DIR»

Amma dinşünas Elşad Miri bu mövqeyin yanlış olduğunu deyir:

Elşad Miri
Elşad Miri
«Namaz bayram günü qılınmalıdır, ayın 6-da. Həcc ziyarətində insanlar Ərafə günündən sonra gəlib qurbanlarını kəsirlər, bu da dünyanın hər yerində ayın 6-sı olaraq qəbul edilib. Bircə İran həmişə olduğu kimi özünü İslam dünyasında fərqləndirmək üçün ayın 7-nə təyin edib. Azərbaycanda da İranın təsiri altında olan insanlar deyirlər ki, ayın 7-dir».

Müsahibim Ramiz Məmmədov isə deyir ki, dövlət əqidə müxtəlifliyini düşünüb bayramı 2 gün elan etdiyi, sanitariya qaydalarını əməl etməyə çağırdığı kimi qiymətləri də nəzarətdə saxlamağı bacarmalıdır. Deyir bir çoxlarının qurban kəsmək istəyi məhz bu nəzarətin olmaması və nəticədə qiymətlərin ceyran belinə minməsi səbəbindən reallaşa bilmir.

İqtisadi İnkişaf Nazirliyindən isə bildirirlər ki, əhalinin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və süni qiymət artımının qarşısını almaq məqsədilə noyabrın 5-dən 7-dək Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz diri qoyunların satışını təşkil edəcəklər.
XS
SM
MD
LG