Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Protestantlar katoliklərdən yaxşı yaşayır?


Britaniyada dinin maddi vəziyyətə təsiri ilə bağlı araşdırma aparılıb

Avropa iqtisadiyyatının inkişafında dinin hansı rolu olub? Britaniyanın Warwick Universitetində iqtisadi araşdırmalar mərkəzinin rəhbəri professor Sascha Becker bu məsələni təhlil edib. Və belə qərara gəlib ki, katoliklərə nisbətən protestantlar daha çox uğur qazanıblar.

KATOLİKLƏR BORC İÇİNDƏ ÜZÜR

“Guardian”da dərc olunan yazıya görə, Becker hazırda borc içində üzən İtaliya, ispaniya və Portuqaliyanın katolik olduğunu xatırladıb. Onlara nisbətən protestant sayılan şimal qonşuları, o cümlədən Almaniya və Skandinaviya ölkələri isə maddi cəhətdən nisbətən daha yaxşı durumdadırlar. Professor bunu təsadüf hesab etmir.

Warwick Universitetində apardığı araşdırma nəticəsində Sascha Becker belə fikrə gəlib ki, din Avropanın cənubu və şimalında büdcə fərqlərinin əsas faktorlardan biridir.

“Təbii, başqa faktorlar da var. Amma əldə etdiyimiz məlumatlar onu göstərir ki, katoliklərə nisbətdə protestantlar daha yaxşı təhsil alırlar. Onların universitetə daxil olması, ali təhsil alması ehtimalı daha böyükdür”.

Beckerin rəhbərlik etdiyi Cage mərkəzi Britaniya universitetləri arasında iqtisadi və sosial araşdırma ilə məşğul olan ən qabaqcıl qurumlardan biridir. Onun fikrincə, dini-tarixi kontekstdən yanaşanda, Avropa ölkələrinin nisbi uğur və uğursuzluğunun səbəbini anlamaq olar.

PROTESTANTLAR QIZLARI DA OXUDUB

Becker araşdırmasına 19-cu əsrin Prussiyasından başlayıb. Həmin vaxt bu ərazi 450 vilayətə bölünübmüş. Onlardan üçdə ikisində protestant inanclı insanlar yaşayırmış. Həmin dövrdə insanların təhsil, yaşayış səviyyəsindəki əsas fərqin səbəbi dini mənsubiyyətə bağlı idi. Protestantlar uşaqlarını məktəbə qoymağa həvəsli idilər. Buna görə də məhz onlar sonradan sənaye və xidmət sahəsində iş yerlərini tutublar. Katoliklər isə əsasən kənd təsərrüfatına meylləniblər. Ona görə də protestantlar katolik qonşularına nisbətən çox qazanıblar.

SAVADLI OLDUQLARINA GÖRƏ ÇOX PUL QAZANIBLAR

Araşdırmaçı hesab edir ki, təhsildəki bu üstün mövqe 16-cı əsrdə - Martin Lutherin rəsmi kilsədən ayrılmasından sonra başlayıb və hələ də bütün Avropada iqtisadi uğurun əsasını təşkil edir. Çünki Luther həm qadınların, həm kişilərin İncili oxuya bilməsini istəyirdi. Onun davamçıları hər kilsənin nəzdində məktəb yaradır, bura oğlanlarla yanaşı qızları da yazırdılar.

"Biz Almaniyanın Brandenburg torpağındakı məktəbin arxivinə baxdıq. 16-cı əsrdə bu məktəbdə qızların sayı daha çox olub. Halbuki, həmin vaxt katolik ərazilərdə heç oğlanlar üçün məktəb yox idi. Bu tendensiya 20-ci əsrdə də davam edib – protestant qadınlar universitetə girmək hüququ qazanıblar. Protestantlara nisbətən çox az sayda katolik xanımlar bunu edə bilirdi”.

BƏS 21-ci ƏSRDƏ NECƏ?

Araşdırmaçı qəbul edir ki, indiki dövrdə iqtisadi uğurda dinin elə bir xüsusi rolu yoxdur. Amma buna baxmayaraq, tarix öz işini görüb. Çünki adətən katoliklər elə katoliklərlə, protestantlar da öz davamçıları ilə evləniblər. Ona görə əsrlər keçə də, nəsillərdə təhsilə münasibətin kökü dəyişməyib.

Əhalisinin əksər hissəsinin katolik olduğu Fransaya gəlincə, Becker hesab edir ki, bu ölkə siyasi sekulyarizmin istehsalata necə təsir göstərdiyinin bariz nümunəsi ola bilər. Bəs iqtisadi iflasa uğrayan Yunanıstan? Becker hələlik yunan pravoslavları ilə bağlı araşdırma aparmadığından, bu barədə hansısa bəyanat vermək istəmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG