Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:31

Xaricdə təhsil almış din xadimlərinin fəaliyyəti qadağan oluna bilər


Nəsir Əliyev
Nəsir Əliyev
Nəsir Əliyev Astarada yaşayır, Lənkəranın Əbbafiyə mədrəsəsində şagirdlərə islam dərsləri keçir. 1993-2002-ci illərdə İranın Qum şəhərində dini təhsil alıb. Nəsir Əliyev həm də dini məclislərdə, mərasimlərdə mollalıq edir:

«Yüksək səviyyədə təhsil almışıq. Bu məsələdə hamını eyni tutmaq olmaz. Bizim bölgəmizdə ruhaniyə çox böyük ehtiyac var. Adicə ölü götürmək üçün axundumuz olmayıb. İndi mənim ən böyük fəaliyyətlərimdən biri odur ki, dəvət edirlər, gedirəm, şəriət qaydası ilə, Allahın buyurduğu kimi yerinə yetirirəm. Ehtiyac olanda, məclislərə gedirəm».

DİNİ POZUNTULARA GÖRƏ CƏRİMƏ DƏ NƏZƏRDƏ TUTULUR

Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə təklif etdiyi dəyişikliklər təsdiqlənərsə, Nəsir Əliyev kimi Azərbaycandan kənarda təhsil almış din xadimlərinin fəaliyyəti qadağan oluna bilər. Millət vəkilləri düşünürlər ki, din xadimləri arasında qanunvericiliyə zidd hərəkət edənlər var və onların fəaliyyəti tənzimlənməlidir. Dəyişikliklər layihəsi ötən həftə parlamentin plenar sessiyasına təqdim olunub.

Bu dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil üçün xaricə göndərilməsi, xaricdə təhsil alanların ayin və mərasimləri həyata keçirməsi qanun pozuntusu sayılacaq. Bundan başqa, dini ədəbiyyatın və əşyaların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satışı da yolverilməzdir. Üstəlik, əcnəbilərin dini təbliğat aparmasına da icazə verilməyəcək. Dini sahədə qanun pozuntularına görə 1000 manatdan 9000 manatadək cərimələr, hətta 5 ilədək həbs cəzası da nəzərdə tutulur.

«RADİKAL DİNİ QRUPLAR GÜNÜ-GÜNDƏN ARTIR»

Deputat Çingiz Qənizadə deyir ki, təklif olunan dəyişikliklərdə məqsəd vətəndaşların radikal dindarların təsiri altına düşməsinin qarşısı almaqdır:

Çingiz Qənizadə
Çingiz Qənizadə
«Son vaxtlar xüsusi öyrədilmiş qruplar var ki, Azərbaycanda ictimai-siyasi vəziyyəti qızışdırmaqda, islam pərdəsi adı altında müəyyən aksiyaların, kampaniyaların həyata keçirilməsində maraqlıdırlar. Təkcə İranla yox, elə ərəb ölkələri ilə də təmasda olan və islam adı altında heç də islami dəyərlərə sığmayan, siyasi proseslərə baş qoşmağa cəhd edən qruplaşmalar gündən günə artır. Həmin insanlar müəyyən təriqətləri təbliğ edirlər, başqa dinə qulluq edirlər. Burada da islami dövlətin qurulmasına yönələn addımlar atılır. Çox təəssüf ki, bizim vətəndaşlarımızın bəziləri təsir altındadırlar, o baxımdan dövlətin atmaq istədiyi addımlar təqdirəlayiqdir».

Ç.Qənizadə onu da qeyd edir ki, hazırkı layihənin müəyyən redaktələrə ehtiyac var. Xüsusən də Azərbaycandan kənarda dini təhsil almış din xadimlərinin fəaliyyəti ilə bağlı. O, əlavə edir ki, xaricdə təhsil almış heç də hər bir din xadiminin fəaliyyətinə qadağa qoymaq düzgün addım deyil, sadəcə, onların arasında da seçim edilməlidir. Problem yoxdursa, lisenziya verilməlidir. Millət vəkili deyir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclasında bu məsələ müzakirə olunacaq. Gözlənilir ki, layihəyə bu cür düzəlişlər ediləcək.

«BU, GÜLÜNCDÜR»

Dinşünas Elşad Miri isə deyir ki, din xadimlərinin lisenziyalaşdırılmasının nə dərəcədə obyektiv həyata keçiriləcəyi indidən müəmmalıdır:

Elşad Miri
Elşad Miri
«Biri deyəcək ki, sən Ərəbistanda təhsil almısan, orada sələfi əqidəsidir, sənə olmaz. O biri deyəcək ki, mən ancaq İranda oxuyanlara və ya Suriyada oxuyanlara lisenziya verəcəyəm. Bu məsələni tamamilə din adamına təslim etmək doğru addım deyil. Bu, müstəqil olmalıdır və ya ümumiyyətlə belə bir şey olmamalıdır. Harvardda oxuyanı və ya Dehlidə oxuyanı biz bəyəm attestasiyadan keçiririk? Bu, gülüncdür. Bunu nəyə görə edirlər, kimin üçündür, kimə tətbiq olunacaq? Ümumiyyətlə, attestasiyadan kim keçirəcək? Onların özlərini birinci yoxlamaq lazımdır».

Ötən ildən Azərbaycanda mollaların attestasiyadan, başqa sözlə imtahandan keçirilməsinə başlanıb. Bunu Qafqaz Müsəlmanları İdarəsi həyata keçirir. Millət vəkili Ç.Qənizadənin dediyinə görə, din xadimlərinə lisenziyanı hansı qurumun verəcəyi hələ ki müzakirə olunmayıb.

Dinşünas Elşad Miri isə düzəlişlər ediləcəyi halda belə bu cür layihənin təsdiqini «gülünc addım» adlandırır. Hesab edir ki, əvvəlcə ölkədə dini tədrisin səviyyəsini qaneedici səviyyəyə qaldırmaq lazım idi. Onun fikrincə, Bakı Dövlət Universitetindəki İlahiyyat fakültəsi, Qafqaz Müsəlmanları İdarəsinə bağlı olan Bakı İslam Universiteti və bir neçə mədrəsə tipli məktəb əhalinin sayı ilə nisbətdə çox azdır.
XS
SM
MD
LG