Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:49

Qırğızıstanda seçkidə islahatçı millətçiləri uddu



Qırğızstanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərini indiki baş nazir Almazbek Atambayev uddu.

Mərkəzi Seçki Komissiyasının sədri Tuigunaly Abdraimov:
“Atambayev 1 milyon 119 min 76 səs yığıb, bu da sayılan səslərin 63 faizidir. Bu o deməkdir ki, ilkin nəticələrə görə, biz Atambayevi seçkilərin qalibi hesab edə bilərik”.
MSK bu məlumatı verəndə səslərin 99,7 faizi artıq sayılmışdı.

UDUZANLAR NƏTİCƏLƏRİ TANIMAQ İSTƏMİRLƏR

Atambaevin seçkilərdə iki əsas rəqibi olan keçmiş parlament sədri Adaxan Madumarov və keçmiş boksçu Kamçıbek Taşiyev seçkilərin nəticələrini tanımaqdan imtina ediblər.

Taşiyev deyib: “ Seçkilərin nəticələri ləğv olunmasa, qarışıqlıq qaçılmaz olacaq”.
Taşiyevin iddiasına görə, seçkilərdə 1 milyon 200 min seçicinin hüquqları pozulub.

Seçkilərdə millətçi ideyalardan çlxış edən Madumarov isə deyib: “Mən seçkilərin nəticələrini tanımıram. Mən tələb edirəm ki, seçkilərin nəticələri ləğv olunsun”.

Oktyabrın 30-da prezident seçkiləri keçən ilin aprelində o vaxtki prezident Kurmanbek Bakiev kütləvi etirazlarla devriləndən sonra keçirilən ilk prezident seçkiləridir.

Bu dəfəki seçkilərdə də pozuntulardan şikayətlər var idi, özü də nəinki prezidentliyə namizədlər arasında.
Həmçinin seçicilərdən də şikayətlər gəlirdi, hətta prezident seçkilərində iştirak etməyən, Bakiyev gedəndən sonra müvəqqəti prezident vəzifəsini icra edən Roza Otunbayevanın oğlu da bir seçici kimi şikayətçilər arasındadır.

Ancaq MSK bildirir ki, pozuntular olsa da, bunlar cüzidir və seçkinin nəticəsinə təsir etməyib.

ATƏT-dən beynəlxalq müşahidə missiyasının rəhbəri Walburga Habsburg Duglas seçkilərin dinc keşməsini müsbət qiymətləndirib və deyib ki, “Biz Qırğızstanda demokratiyanın gələcəyində ehtiyatlı optimistik”.

Bir çox müşahidəçilər bu deyiləni seçkilərin nəticələrinə ATƏT-in müsbət qiymət verməsi kimi qəbul edirlər və buna görə də uduzan namizədlərin seçkilərin nəticələrinə etirazlarının bir faydası olmaycağını düşünürlər.

QIRĞIZISTAN YEGANƏ ÖLKƏDİR Kİ, BURDA ABŞ VƏ RUSİYA BAZALARI VAR

5 milyon 300 min əhalisi olan Qırğızstanda 16 namizədin qatıldığı seçkilərin gedişi diqqətlə izlənirdi. Çünki Qırğızstan dünyada yeganə ölkədir ki, burda həm ABŞ, həm də Rusiya hərbçilərinin bazaları var.

Qırğızstanda 2005-ci ildəki “zanbaq inqilabı” post-sovet lideri Askar Akayevi devirdi, zanbaq inqilabı ilə prezidentliyə gələn Bakiyevi isə öz keçmiş silahdaşları 2010-cu ildə devirdilər.
Keçən ilki hadisələrdə 470 adam öldü.

Seçki günü Atambayev deyirdi ki, “adamlar mitinqlərdən yorulublar. Onlar siyasi sabitlik istəyirlər. Onlar dinclik istəyirlər”.

FİNANCİAL TİMES NAMİZƏDLƏR HAQDA

Seçkilərin özü haqda Britaniyanın Financial Times qəzeti yazır ki, bu, millətçilərlə islahatçıların davası idi. Qəzetin fikrincə, bu seçkilərdə islahatçı iki əsas millətçiyə qalib gəldi. Qəzet yazır ki, olan namizədlər arasında Atambayev islahatlara ən yaxşı təminatçıdır.

Qəzet misal çəkir ki, Atambayevin rəqibi, ultramillətçi Ata Jurt partiyasının lideri Taşiyev seçki plakatlarına polis formasında şəkil çəkdirirdi. Bununla da qayda-qanun yaradacaq güclü şəxs olduğunu demək istəyirdi.

Atambayevin digər rəqibi, Butun partiyasının lideri Madumarov isə qanunun aliliyindən danışsa da, özünəməxsus ifadələr işlədirdi, məsələn deyirdi ki, “qanun diktaturasının tərəfdarıdır”.

Financial Times yazır ki, Atambayevi Qırğızstanın özbək azlığı da müdafiə edə bilər.

ATAMBAYEV KİMDİR?

55 yaşlı Atambayev 1999-cu ildən Qırğızstanın Sosial-Demokrat partiyasının lideridir.

2000-ci ildə ilk dəfə prezident seçkilərinə qatıldı, ancaq cəhdi uğursuz oldu. O cəmi 6 faiz səs yığdı.

2005-2006-cı illərdə Sənaye, Ticarət və Turizm naziri olub. Sonra istefa verib.

2009-cu ilin prezident seçkilərinə də namizədliyini vermişdi, ancaq seçki günü kütləvi pozuntulara etiraz olaraq seçkilərdə iştirakdan imtina etdi.

Keçən ilin dekabrından baş nazir idi. O, müvəqqəti prezident Otunbayevanın yaxın tərəfdaşıdır.
XS
SM
MD
LG