Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Azərbaycanda Gürcüstanla müqayisədə insan alveri qurbanları daha çoxdur


Vilayət Eyvazov
Vilayət Eyvazov
«Son dörd ildə Azərbaycandan xarici ölkələrə aparılan insan alveri qurbanlarının sayı üc dəfə azalıb».

Bunu İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov oktyabrın 28-də Milli Məclisə hesabat verərkən deyib. Onun fikrincə bütün bunlar Azərbaycanın insan alverinə qarşı mübarizədə beynəlxalq öhdəliklərə ciddi yanaşmasının nəticəsidir:

«BƏZİ QHT-lər HƏQİQƏTƏ UYĞUN OLMAYAN MƏLUMATLAR YAYIRLAR»

«Bəzi QHT-lər tərəfindən guya yüzlərlə vətəndaşımızın və əcnəbinin insan alverinin qurbanı və iştirakçısı olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Bu da beynəlxalq hesabatlarda Azərbaycanın qınaq obyektinə çevrilməsi və son üç ildə ikinci qrup nəzarət siyahısında saxlanılması şəklində öz əksini tapıb».

Daxili İşlər Nazirinin müavini Vilayət Eyvazov deyir ki, beynəlxalq təşkilatlar QHT-lərdən aldıqları məlumatları rəsmi məlumat adı ilə dünyaya təqdim edirlər. Bu səbəbdən də onlar müxtəlif qurumlar və ABŞ-ın Azərbaycandakı səfiri ilə davamlı görüşlər keçiriblər. 2008-2010-cu illər üzrə hesabatlarda Azərbaycana aid öhdəliklərin tam yerinə yetirilməsi ilə bağlı zəruri izahlar verməli, rəsmi materiallar təqdim etməli olublar.

Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın fikrincə isə ötən il ki statistika ilə müqayisə edəndə aydın görünür ki, hazırda Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində mühüm uğurlar var. Onun deməsinə görə, bu uğurları beynəlxalq ekspertlər də yüksək qiymətləndirirlər. Komitə sədri deyir ki, insan alveri təkcə Azərbaycanla məhdudlaşan deyil, qlobal bir məsələdir və bütün dünya ondan danışır. Azərbaycana qarşı tənqıdlərə, ölkənin adının beynəlxalq hesabatlarda risk qrupuna aid edilməsinə gəlincə, Rəbiyyət Aslanova bununla razılaşmır. O hesab edir ki, əslində bu sahədə Azərbaycanı tənqid edən dövlətlərin özləri ittiham edilməlidir:

AZƏRBAYCAN İTTİHAMÇI KİMİ...

Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova
Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova
«Çox gözəl olardı ki, biz də həmin dövlətlərdə- istər Amerika, istərsə də Avropada baş verən hadisələrlə bağlı ittihamçı kimi çıxış edək. Onda onlar bizi bərabərhüquqlu tərəf kimi tanıyar və Azərbaycını ikinci –yəni risk qrupuna salmazlar».

Parlamentdə səslənən hesabatda qeyd edilib ki, bu ilin 9 ayı ərzində Azərbaycanda insan alveri qurbanı olan 27 nəfər müəyyən olunub.

«Təmiz dünya» qeyri hökumət təşkilatının rəhbəri Mehriban Zeynalova da bəzi QHT-lərin beynəlxalq təşkilatlardan qrant almaq üçün rəqəmləri şişirtdiyini deyir. O da etiraf edir ki, Azərbaycanda insan alverinin qurbanları ildən ilə azalır. Amma bununla belə xanım Zeynalova hesab edir ki, bu sahədə Gürcüstanda vəziyyət da qənaətbəxşdir:

GÜRCÜSTANDA VƏZİYYƏT DAHA YAXŞIDIR

«Rəsmi qurumların göstərdiyi rəqəmlər dəqiqdir. Onlar özləri də bunda maraqlıdılar. Amma mən maraqlandım, Gürcüstanda bir il ərzində cəmi dörd fakt müəyyən edilib. Bu yaxşı göstəricidir».

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun məlumatına görə, insan alverindən hər il dünyada 32 milyard dollar gəlir əldə edilir.

Hazırda 12, 4 milyon insan bu alverin qurbanıdır. Bunların 9,2 faizi seksual istismara cəlb olunmuş insanlardı.
XS
SM
MD
LG