Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:05

«60 min pul ayrılıb, 6 daş da üst-üstə qoyulmayıb»


Foto: Arxiv
Foto: Arxiv
Lənkəranın Gəgiran kənd sakinləri AzadlıqRadiosunun «Qaynar xətt»inə sentyabrın 18-də yağan leysanın kənd yollarına vurduğu zərərin hələ də aradan qaldırılmadığını deyirlər. Onların fikrincə, kənd icra nümayəndəliyi yollardakı fəsadların aradan qaldırılmasına diqqət yetirmir.

«GUYA YOLLARI TƏMİR EDİBLƏR»

Kənd sakini Əli Axundov:

- Körpülər, yollar dağılıb, icra hakimiyyətinin rəhbər işçiləri iki dəfə bu ərazilərə gəliblər, ancaq sakinlərlə görüşməyiblər, problemlərini dinləməyiblər. Yolların bərpasına 60 min manat ayrılıb, xərclənib, guya yolları təmir ediblər. Ancaq heç 6 ədəd daş da üst-üstə qoymayıblar.

- Bərbad vəziyyətə düşən kənd yolu təqribən neçə kilometrdir?

- 14 kilometr.

Kəndin başqa sakini Babaəli İbadov isə deyir ki, dərdi təkcə yol dərdi deyil. Hələ əvvəldən də torpaq sürüşməsinə məruz qalan evi leysandan sonra lap bərbad vəziyyətə düşüb.

«EVİM SÜRÜŞÜR, TƏDBİR GÖRƏN YOXDUR»

Babaəli İbadov:

- Evimin qarşısında sürüşmə var, 3 ildir müraciət edirəm, heç bir tədbir görülmür. Sentyabrın 18-də yağan leysan lap pis vəziyyətə saldı evimi. Lənkəran icra hakimiyyətindən deyirlər ki, o evdə yaşamaq təhlükəlidir, ancaq bir tədbir də görmürlər. Evimin qarşısındakı yol da leysandan sonra bərbad günə qalıb, gəlib düzəltmirlər. Adamlar özləri yığışıb bacardıqları qədər düzəldiblər, ancaq əsaslı təmir olunması üçün gərək kənd icra nümayəndəliyi məşğul ola.

Foto: Arxiv
Foto: Arxiv
Gəgiran kənd icra nümayəndəsi İsmayıl Cəfərov isə həmkəndlilərin dedikləri ilə razılaşmır. Deyir ki, leysan başqa kəndlərdəki yollara, körpülərə ciddi zərər vurub və fəsadlar aradan qaldırılmaqdadır.

«GƏGİRANIN YOLLARI ƏVVƏLKİNDƏN DƏ YAXŞIDIR»

İsmayıl Cəfərov:

- Həmin yola büdcədən 1 manat da pul ayrılmayıb. Yollar da əvvəlkindən yaxşıdır, leysan nəticəsində bir neçə yerdə nasazlıq yaranmışdı, onu da camaatın köməkliyi ilə aradan qaldırdıq. Ola bilsin, körpülərə, başqa məsələlərə büdcədən vəsait ayrılacaq, ancaq mümkün deyil ki, bu gün fəlakət baş verə, sabah vəsait ayrıla. Heç biz pul ayrılması üçün müraciət etməmişik, çünki yollarda ciddi nasazlıq olmayıb. Xırda fəsadlar var idi, 3-4 gün ərzində aradan qaldırıldı.

Sentyabrın 18-də Lənkəranın 6 kəndinə yağan leysan nəticəsində kənd yolları və evlər sel suları altında qalmışdı. Kəndləri bir-birinə bağlayan 12 körpü və yollar sıradan çıxmışdı.

Buna da bax:

XS
SM
MD
LG