Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqaya məktub yazıb. Məktubda deyilir ki, “ATƏT-in Bakı ofisinin Azərbaycanda iqtidar-müxalifət dialoquna il ərzində etdiyi çağırışlara və belə bir dialoqda vasitəçi kimi çıxış etmək cəhdinə şadam.
Hazırda belə bir dialoqun olmaması həm bir gənc vətəndaş kimi, həm də deputatlığa keçmiş namizəd kimi məni narahat edir. Hər iki tərəfdən bir çox insanın məsələlərə yanaşma tərzini tanıyan bir şəxs kimi əminliklə deyə bilərəm ki, tərəflər bir-birlərinin nə etdiklərini dəqiq müşahidə etsələr də, niyə etdiklərini çox vaxt sadəcə güman edirlər. Bu isə bəzən “onlar üçün yaxşı olan mənim üçün pisdir” yanaşmasına, etimadsızlığa və qeyri-rasional qərarlara gətirib çıxarır. Nəticədə cəmiyyət bu dialoqun baş tutacağı halda yaranacaq əlavə dəyərdən məhrum olur”.
Bəxtiyar Hacıyev yazır ki, həm iqtidarın, həm də müxalif düşərgənin etimad və tərəfdaşlıq etdiyi bir qurumun rəhbəri kimi sizin tərəflər arasında dialoqun təşkili üçün səylərinizi davam etdirəcəyinizə inanıram.
“Həm də inanıram ki, Azərbaycan cəmiyyətində qadın liderlərin rolunun daha da artırılması, iqtidar-müxalifət dialoqunda oynaya biləcəkləri müstəsna rola görə hakim və müxalif partiyaların, eyni zamanda vətəndaş cəmiyyətinin fəal qadın təmsilçilərinin görüşünün təşkil olunmasını ilk addım kimi nəzərdən keçirəcəksiniz.
Ümid edirəm ki, bu variantı həm tərəflərlə, həm də başda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, ABŞ, Böyük Britaniya və Türkiyənin səfirlikləri olmaqla diplomatik nümayəndəliklərlə də müzakirə edəcəksiniz”.
Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.