Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:20

Qanadsız kişilər


Təbrizli şairə Ülkər Ucqarın "Balıqçı əllərinə doğru" ("Qanun" nəşr.) kitabından...


ağa!

mən sizi qabaqlar bir yerdə görməmişəm, ağa?
əlləriniz,
əlləriniz çox tanış gəlir mənə…
hərdən əllərinizçün darıxmaq olar, ağa?
hərdənsə yuxuda görüb diksinmək?
hərdənsə sadəcə darıxmaq...
hərdən, ağa!
hərdən…

bir cüt dağ başmağınız qalıb bizdə
qapı-qapı gəzib,
geydirirəm oğlanlara
görüm kimin ayağınadır
tapam sizi itirdiyim yerdə bəlkə…

başmaqlarınız günbəgün böyüyür,
yerimizi tutub!
hələ bir sandıq sevgi məktubunuz da var,
cırdığım şəkilləriniz də,
atdığım qırmızı mələfəniz belə,
hələ cavansınız, işinizə gələr, ağa!

indi hər şey saman kimidir bir az
saxlayanda zamanı gəlir
atdığımız kişilər belə
zamanıyla gərəyimiz olur!
sadəcə, darıxmaq qədər bəlkə
sadəcə, darıxmaq, ağa!


axıram

dumduru durulmuşam sənə
bu saat
baxsan
balıqçı əllərinə doğru üzən
qızılalalarımı görə bilərsən...

baxsan
o yandan, donumda pöhrələnən
çiçəklərim görünür.
durulmuşam, axıram
axıb gedirəm
xiyabanlar - ala
ev-eşik - ala
barmaqların - ala
şəhərin tərs üzündə mən axıram
avand üzündə maşınlar, insanlar,
bəlkə arxın suları da
dumduru

dumduru durulmuşam
qımız kimi gəlirəm
gəlirəm içimdən
gəlib axıram
toxunsan sınacaq bu bardaq
dağılacağam
səpiləcəyəm
sel götürəcək tikdiyin evi
dağılıb
dağıdacağam səni
axıb
axıdacağam səni
aparacağam səni...

toxunsan sınacaq bu bardaq...
səhəri Xəzərə göz dikən
türkmənlərin toruna
bir cüt qızılala düşəcək,
bir əllərin,
bir mən...


inansın, inanmasın?!

sənin iki qurtumluq qumral gözünə
necə inanım?
o yekəlikdə
o mavilikdə
Urmu gölü ilğım imiş
əlimi atanda duza çıxdı!


cumuram inanmıram
dalıram inanmıram
boğuluram inanmıram.
gəlməyəcək gəlinin,
bir yerlidir, torpağı yox!
o torpağı yoxla
bir gölləri var, suyu yox!
o suyu yoxla
gündə balıqlamağa çıxır, toru yox!
toru yoxla
bu gün bir cüt qumral
göymuncuğu düşüb
inansın, inanmasın?..

cumuram inanmıram
dalıram inanmıram
boğuluram inanmıram...


nağıl qadın kimidir

“getdim” de
özünü də, məni də qurtar!
nağılı deməyincə bitməz
yerlə göy arasında
gərgin düşübən qarğayar başlayanını...

“atdım” de
özünü də, məni də qurtar!
nağıl yarıcan olanda
asılı qalar
bir ömür, deyəninin dalısınca sürünər
qiyamət günü
sonunu istər...

nağıl qadın kimidir,
unutqan gözlərini yumsan da,
tanıyar səni!
unutqan əllərini gizləsən də,
tanyiar səni!

“getdim” de, özünü də, məni də qurtar...
“atdım” de, özünü də, məni də qurtar...


qanadsız kişilər

kişi deyiləm
beş-altı mələyin öymə sözünə
taxılıb qalam
nə Musa kimi söykəndiyim çəlikdən çəkinəcəyim!
nə Nuh kimi yer-göyu boğacağıma inanacağım!
qız xeylağından peyğəmbər çıxmaz...

aldanmaram bu sözlərə mən
gətir borclarını ver!
yeddi gün olar
muzey həyətinə bağlanan qoç daşları*
səhərdən-səhərə səs-səsə verib hönkürürlər
mən qorxmuram
olur belə işlər, olur...

avtobuslarda
Çinin uzunquyruq əjdahalarına yerimi verib
ayaq üstə qalıram
“siz burda nə əcəb?” demirəm də heç
olur belə işlər, olur...

nə oxuyacaq qulağıma bu qanadlı kişi,
çaşdırsın məni?
qanadsız kişilərin sözünə çaşaram,
qanadlılarınsa yox
bunlardan göndərmə bizə,
səndən tək bir istədiyim məndən aldığındır
gətir borclarını ver.
boşun,
bir belə mələyin ayağını açma bu evə...

__________
*Təbriz muzeyinin həyətindəki məşhur daş qoçlar, bu kimi daşlar əski zamanlarda igidlərin qəbirlərinin başına qoyularmış.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG