Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:53

Evini söküb yerində şadlıq evi tikiblər


Foto: Arxiv
Foto: Arxiv
«ƏMLAK HÜQUQLARIMI BƏRPA EDƏ BİLMİRƏM»

Şəmkir rayon sakini Sahib Kərimov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, ondan xəbərsiz evini sökərək yerində şadlıq evi tikiblər. Deyir, 2004-cü ildə ailəsi ilə Rusiyaya çörəkpulu qazanmağa gedəndə ağlına da gətirmirmiş ki, bir gün geri qayıdıb evinin yerində şadlıq evi tikildiyini görəcək. Ona məlum olub ki, «Morul» şadlıq evini Fəzail Quliyev adlı sahibkar tikdirib. Deyir, əmlakıma dair bütün sənədlərini toplayıb məhkəmədə iddia qaldırsa da, əmlak hüquqlarını bərpa edə bilməyib:

«MƏHKƏMƏ HEÇ NƏYİ NƏZƏRƏ ALMADI»

- Məhkəmədə iddia qaldırdıqda evin hüquqi sənədlərini, Daşınmaz Əmlakın arayışlarını, bir də Şəmkirin baş arxitektorun həqiqətən də evimin uçurularaq yerində qeyri-yaşayış binası tikilməsinə dair arayışını təqdim etdim. Məhkəmə nə bu hüquqi sənədləri, nə qohumlarımın, qonşularımın şahid kimi verdikləri ifadələri nəzərə aldı. Onlarda məhkəməyə təsdiqləmişdilər ki, həqiqətən də mənim evimi traktorla uçurublar, yerində şadlıq evi tikiblər. Məhkəmə qərar verdi ki, guya tikilən şadlıq evinin mənim evimin sahəsinə aidiyyəti yoxdur. Beləliklə də mən yaşayış yerimdən məhrum edildim.

- Siz Rusiyadan qayıdandan sonra o sahibkarla görüşmüşdünüzmü?

- Görüşmüşdük, əvvəlcə etiraf edirdi, deyirdi ki, orda abadlıq işləri aparmışam. Dedim necə yəni abadlıq işləri aparmışam, orda mənim evim var idi, mənim evimi sökmüsən. Ancaq mən məhkəmədə iddia qaldırandan sonra hər şeyi boynundan atdı, dedi orda ev olmayıb.

- Evinizin sökülməsindən 5 ildən artıq vaxt keçib. Ancaq Siz məhkəməyə 2 il əvvəl müraciət etmisiniz. Niyə belə gec?

- Mən evimin söküldüyünü eşitdiyim vaxt avtomobil qəzasına düşdüm, onurğam qırılmışdı, uzun müddət müalicə olundum. Sonra da ağ ciyərimdən cərrahiyyə olundum, bir müddət də başım ona qarışdı. Bakıya qayıdanda gördüm evim yerində yoxdur, artıq şadlıq evi tikilib.

«QAPILARDA QALMIŞIQ»

- İndi harada yaşayırsınız?

Foto: Arxiv
Foto: Arxiv
- 18 aydır mən qardaşımın evində qalıram. Qızımla həyat yoldaşım isə qaynımın evində yaşayırlar. Qapılarda qalmışıq.

Şəmkir rayon Məhkəməsində Sahib Kərimovun iddiası əsasında başlanmış məhkəmə prosesində «Morul» şadlıq evinin sahibi Fəzail Quliyevin nümayəndəsi Səadət Cəbrayılova dindirilib. O deyib ki, Fəzail Quliyev şadlıq evini Sahib Kərimovun evinin yerində yox, evdən kənarda tikib. O ki qaldı Sahib Kərimovun evinin sahəsinə, Səadət Cəbrayılova deyib ki, həmin mənzil 100 il əvvəl tikilib, qəza vəziyyətində olub. Sahib Kərimov Rusiyaya köçdükdən sonra mənzil baxımsız qaldığı üçün çöküb. Həmin daş yığnağı sonradan zibilliyə çevrilib. Evin yerində həmin kommunal həyətdə yaşamış qonşusu Camaləddin adlı şəxs özü üçün qeyri-yaşayış sahəsi tikib. Sahib Kərimovun mənzilinin «Morul» şadlıq evinə heç bir aidiyyəti olmadığından Fəzail Quliyevin həmin mənzili uçurmağa ehtiyacı olmayıb.

Sahib Kərimovun bacısı Şövkət Sarıyeva qardaşının evinin traktorla uçurulduğunu gördüyünü və bu barədə Rusiyada yaşayan qardaşına xəbər verdiyini deyib.

ALİ MƏHKƏMƏ NƏ DEYƏCƏK?

Şəmkir rayon Məhkəməsi Sahib Kərimovun iddiasını təmin etməyib. Onun rayon məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Sahib Kərimovun qonşuları Əmirəhməd Sarıyev, Tahirə Quliyeva, Narıngül Muradova, Fazilə Rüstəmzadə məhkəməyə ərizə göndəriblər ki, onlar Sahib Kərimovun salamat vəziyyətdə olan evinin traktorla uçurulmasının və yerində «Morul» şadlıq evinin tikilməsinin şahidi olublar.

Apellyasiya Məhkəməsi Sahib Kərimovun şikayətini təmin etməyib.

İndi Sahib Kərimov Ali Məhkəməyə kasasiya şikayəti verib. Şikayətə dekabrın əvvəlində baxılacaq.

Buna da bax:

XS
SM
MD
LG