Zərdüşt Şəfi
HEÇ DƏ KƏDƏRLİ DEYİL
Üç-dörd gündü, sağ gözümün üst qapağı dartılır, səyriyir: bəziləri xeyirə yozur, bəziləri sadəcə əsəbdəndi deyirlər – yozumlar arasındakı fərqə baxın. Bilirəm, düşünürsünüz ki, sağ gözümün məsələyə heç aidiyyəti yoxdu.
Yazının başlığındakı ironiyaya baxmayaraq, ağlamağa hazırsız, inan bunu mən də çox istərdim. Amma elə deyil: yazılar insanı ağlada bilsəydi, indiyə kimi bəşəriyyət kor olmalı idi...
İndi təbiətin çox qarışıq vaxtıdı – gözlənilmədən müxtəlif istiqamətlərdən, Orta Asiyaya kəşfiyyat məqsədilə axışan Çingiz xanın qoşunları kimi şəhərin küçələrinə Payız gəlir: asta-asta, addım-addım...
Nə qədər gözlərini qaçırsalar da, insanlar Payızı görməyə məcburdular- çünki qəzəbli xanın özündən də qəzəbli olmağa məcbur sərkərdələri qabaqlarına çıxanı yerlə yeksan edirlər. Yəni bu günlərdə Payızın əl işlərini hər yerdə – havada , suda, torpaqda və hətta insanda da görmək mümkündür, bəlkə elə sağ gözümün səyirmə səbəbi də budu.
Hər il payızın gəlişi ilə mənim həyatımda bir dəyişiklik olur – mən artıq buna öyrəncəliyəm. Bəlkə də olanların payızla əlaqəsi yoxdu, sadəcə Sentyabr hər bir meqapolis insanının həyatında yeni mövsümün başlanğıcıdır, vəssalam.
Bir sözlə, gəlin, nə özümüzü, nə ətrafımızdakıları aldatmayaq: payız - heç də kədərli deyil. Ya da kədərlidi, ancaq yaz da yenicə çiçək açmağa başlayan təbiəti, yay da qızmar havalarında yağış həsrəti, qış da çılpaq ağacların üstündə qar yorğanı ilə kədərlidir. Yəni gözlər, görmək istədiyini görür.
Həyatda mövsümlər hiss olunmadan başlayır və bitir. İnsan ən çox faciəylə üzləşəndə diksinir və həyatın axınını hiss edir, elə bil yuxudan ayılır- buna ədəbiyyat aləmində qəflət yuxusu deyirlər.
Düşünmək – gözəlliyi kəşf etməkdi. Çünki, düşündükcə nələrisə tapırsan. Tapdığın Allah tərəfindən yaradılandır və ona görə də gözəldir. Bir sözlə düşünmək – gözəl olanı axtarmaqdır.
Və burda xatırladım ki, məşhur deyimə görə, dünyanı gözəllik xilas eləməlidir – bu məsəli eşidən insan, hələ bir dəfə özünə sual vermisənmi: gözəllik dünyanı nədən xilas edəcək? Özündənmi?
Axı eyni baxışla, bir az dərindən baxanda, faciədə də gözəllik tapırsan, başa düşürsən ki, həyat elə budu. Axı təsadüfi deyil: qədim miflərdə müharibə allahı Areslə gözəllik və sevgi ilahəsi Afroditanın qızının adı Harmoniyadı. Bax buna görə də mən miflərin insanlar tərəfinin yaradıldığına inanmıram – belə olan halda insan özü-özünü ancaq ələ sala bilər.
Bütün bunları niyə yazırammı? Tələsmə.
Xoşbəxtlikdən yazmaq heç kimin ağlına gəlmir, yəni adətən xoşbəxtliyi bölüşmürlər; ancaq fələyin çarxına düşüb bir fırlandımı – hər kəs ilk növbədə şair, alınmasa yazıçı, publisist, esseist olur.
Bu da təbiidi – hər kəs kədəri bölüşüb azaltmaq istəyir, ancaq kimdi sevincini bölüşən. Hə, sevincdən qürur mənbəyi düzəltmək adətimiz var – xeyir işlərdə, toylarda, ad günlərində düzənlənən məclislər buna görədir, o məclislər əslində bunu deyir: bax, mən tək deyiləm, bax, hələ yaşayıram və bax, mən qüvvətliyəm.
Beləliklə: payızı kədərli bir nəsnə kimi təsvir edib, şeirdə, köşədə, efirdə və internet resurslarında ağlayanlar- vallah, payız nə qışdan, nə yazdan, nə də yaydan daha təsirlidir. Sadəcə insanı qarşılaşdığı ilk olay daha möhkəm silkələdiyi üçün yaydan payıza keçən insanlar düşünməyə başlayırlar, düşündükcə payız gözlərində gözəlləşir. Bəs niyə ağlayıb-sızlayır, niyə payızı göz yaşı fəsli kimi büruzə verərək kədərlənirlər?
İlk öncə bir sual: payıza gözəl deyib, kədərlənən insan, sevgilisinə gözəl deyəndə kədərlənmək ağlının ucundan belə keçirmi? Xeyr. Ancaq onu itirən kimi kədərlənirsən. Yəni kədər əslində sənin olmayan bir gözəlliyin varlığından doğur və əslində bizim payızı əldə etməmiz imkansız olduğundan biz belə kədərlənirik.
Məşhur cinayətin cəzasından danışan romanında “hər şeyə öyrənir bu əclaf insan”, deyə yazmışdı Dostoyevski. Eyni məntiqlə, əlində olan gözəlliyə adət edən insan onu görmür və bununla da estetik zövqünü itirir. Bəlkə buna görə də, gözəldən uzaq durmaq və onu sahiblənməkdən özünü qorumaq lazımdır- yəni əsl müsəlmanlar demişkən, nəfsini qoru, nəfsini qoru ki, gözəlliyi seçə biləsən, görə biləsən, vəsf edəsən...
Yaponlarda gözəllik sözünü, səhv eləmirəmsə, yeddi sözlə ifadə etmək olur. Ancaq onlar cümlədə qətiyyən bir-birini əvəz edə bilməz, yəni bizim başa düşdüyümüz mənada sinonim deyillər.
Mən əminəm ki, o sözlərin içində, “soyuq gözəlliyi” ifadə edən söz ayrıdı. Payız mənim gözlərimdə “soyuq” sözü ilə ifadə eləmək istədiyim bir gözəlliyə malikdi.
Məsələn, o yeddi sözün içində bir təbiət mənzərəsini, bir qızı və bir də sənin sevgilini ifadə edən sözlər yəqin ki, ayrı olacaq: çünki biri heç vaxt sənin ola bilməz, biri sənin ola bilər və nəhayət, sonuncu artıq sənindi.
Burda diqqəti mənsubiyyətə yönəldirəm: isim mənsubiyyət şəkilçisi qəbul edibsə, artıq onu təsvir edən sifətlər sistemi fərqli olmalıdı. Yenə də deyirəm, sənin olmayacaq bir nəsnə ilə, sənin ola biləcək nəsnənin necəliyi eyni ola bilməz.
Bir sözlə, gəlin, nə özümüzü, nə ətrafımızdakıları aldatmayaq: payız - heç də kədərli deyil. Ya da kədərlidi, ancaq yaz da yenicə çiçək açmağa başlayan təbiəti, yay da qızmar havalarında yağış həsrəti, qış da çılpaq ağacların üstündə qar yorğanı ilə kədərlidir. Yəni gözlər, görmək istədiyini görür.
Bir də ki, əzizlərim, bəsdi artistlik elədik, biz insanlar ağlamağı sevirik, çünki bu dünya binə olandan kədər və faciədən böyük reklam hələ kəşf olunmayıb.
İçinizdən kimsə sonu xoşbəxt bitən bir dastan xatırlayırmı? Yox. Çünki bu hər kəsin həyatında ola bilər. Sonda ölməyib sağ qalan qəhrəmanı sevirsizmi? Yox. Çünki o sadəcə ağıllı və məqsədyönlü adam kimi görünür, qəhrəmansa bir az dəli-dolu olmalıdı. Yatırılmayan qiyamın qəhrəmanını kim sevir? Heç kim. Çünki bu talenin yazısı kimi qələmə verilir. Biz insanlarsa taleyə qarşı çıxanları sevirik...
Yazının sonunda məndən ciddi bir cavab və ya düşündürücü “zərbə” gözləyənlərə: üç-dörd gündü, sağ gözümün üst qapağı yaman dartılır – bəziləri xeyirə yozur, deyirlər xeyir xəbər eşidəcəm, bəziləri sadəcə əsəbdən bilirlər. Mənə isə elə gəlir ki, sağ gözümün belə ciddi-cəhdlə səyriməsinin heç bir mənası yoxdu.
Oktyabr, 2011
"525-ci qəzet"