Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:50

Siqaret iyi gələn qadın


Nərmin Hüseynzadə

ŞEİRLƏR


***


Və bu lənətə gəlmiş 19 yaşım
o qədər yaxındakı keçmiş
o qədər əlçatan ki...
məni solaxay olmağa qoymayan
müəllimimin
əlimə vurduğu ilk şilləni belə unutmamaqdayam
saat çıqqıltısını keç,
maşın səsini unut
üzdə dayanan, tez-tez gözümə sataşan
gömgöy damarlarımdan axan
qırmızı qanımın səsindən belə
sıxılmaqdadı ürəyim, batmaqdadı qulaqlarım
və bu lənətə gəlmiş 19 yaşım
o qədər yaxındakı keçmiş
o qədər əlçatan ki
unutmamaqdayam beş yaşımda
arxamca düşən boz köpəyi
üzümə daş kimi dəyən ilk kötəyi
eşitdiyim ilk söyüşü
...unutmamaqdayam
Və o qədər yaxın ki, o qədər əlçatan ki keçmiş...


***


Bir də baxıb görəm ki
Yayda küləyinə möhtac olduğum sərinkeş
Öz-özünə fırlanır eyvanda
Üzü küçəyə sarı
Üzü adamlara, küləyə sarı
Üşüyürəm, ana
Yaman soyuyub havalar burda
Qulağın radionu, gözün xəbərləri izləyir, bilirəm
Bütün qəzalardan,
Bütün partlayışlardan,
Bütün yağacaq yağışların proqnozlarından sonra
Gələn telefon zənginin sən olduğunu yaxşı bilirəm
Narahat olma, ana, yaxşıyam,
Hər şeyə rəğmən, yaxşıyam...


***


Siqaret iyi gələn qadın,
Bilirəm, bədbəxtsən
Kişilər yatağa canını qoyur deyən
adam,
Bilirəm, tənhasan
Gedirsənsə əgər
Həm də getdiyin yer çox yaxındadırsa,
Qayıtmaq ehtimalın yox demək
Insanları yalnız uzaqlıqlar birləşdirir
Əlini-qolunu ölçüb danışan kişi,
Bilirəm borclusan dostuna
Sümüyə dirənib bıçaq
ama eybi yox, sənin qadınından siqaret iyi gəlməz
əsas olan bu
Boş ver pulu, boş ver dostu


***


(Kəmaləyə)

Heç getməkdə də fayda yoxdu, dostum
burax getməyin ətəyini
Qal!
inan mənə, heç sevməkdə də fayda
yoxdu
burax sevginin ətəyini
yaşa!
ürəkli ol dostum, ürəkli ol!
unut yeməyi sobada
udma boğazındakı tüstünü
üfür çölə
bax, belə...
bil ki, getməyin bədəli daha ağır
asta-asta
addım-addım gələni
ürəkli ol,möhkəm çağır
bacardıqca ucadan bağır, bağır...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG