Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 13:32

Əlil uşaq və 55 manat


Diaqnozundan asılı olmayaraq, Azərbaycanda əlilliyi olan 18 yaşına qədər hər bir uşaq dövlət müavinəti kimi ayda 55 manat alır. Üç il əvvəl isə bu məbləğ 50 manat olub.

“55 MANATI HARA SƏRF EDƏSƏN?”

“Oğlum ayda 2-3 dənə ayaqqabı dağıdır. Çünki sürünür, istər-istəməz ayaqqabı sıradan çıxır. Bu ayaqqabının da qiyməti 9-12 manat arasındadır. Bu pul elə üç ayaqqabıya gedir. Ancaq əlil uşaqların başqa problemləri də var axı. Elə uşaqlar var ki, əlil arabasında oturur, bezdən istifadə edir. Uşaq var ki, çox şey yemək istəyir, dili ilə deyir ki, “mən filan şey istəyirəm”. 55 manatı hara sərf edəsən?”

Əlil övlad anası olan Bakı sakini Validə Abbasova deyir ki, heç olmasa verilən müavinət 100-150 manat arasında olmalıdır ki, valideyn uşağının yanında xəcalətli qalmasın:

“Düzdür, sağlam uşağa 100 manat sərf olunmur. Ancaq sağlam uşaqlar hərəkət edir, qazanda nə bişir onu yeyir, bir-birlərinin paltarlarını da geyinirlər. Ancaq əlil uşaq belə deyil. Onun dava-dərmanı var, bir yerə gedəndə onun üçün taksi tutmalısan, o qədər problemi var ki”...

İNKLUZİV TƏHSİL ÜÇÜN YENİ LAYİHƏLƏR
Aydın Xəlilov
Aydın Xəlilov

Statistikaya görə, Azərbaycanda 60 min əlil uşaq var. Bu günlərdə təhsil naziri Misir Mərdanov bildirib ki, onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır. 7750 əlil uşaq evdə təhsil alır, 268 uşaq inklüziv təhsilə cəlb edilib. Nazirin sözlərinə görə, əlil uşaqların inklüziv təhsilə cəlb olunması üçün yeni layihə və proqramlar hazırlanır.

Əlil uşaqların problemlərini araşdıran Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilov deyir ki, məktəbə gedən uşaqlar çox vaxt ictimai nəqliyyatdan istifadə edə bilmir. Onun sözlərinə görə, əlilliyi olan uşaqların başqa güzəştləri olmadığından indiki müavinət çox cüzidir:

“55 manat qismən onların yeməyinə çatır. Əlil uşaqlar 16-18 yaşına qədər reabilitasiya xidmətlərindən keçməlidirlər. Valideynləri onları təhsil ocaqlarına aparıb-gətirməlidirlər. Əksər hallarda əlilliyi ağır formada olan uşaqları valideynləri əllərində gəzdirirlər. Heç olmasa əlil uşaqlara verilən müavinət 100-150 manat arasında olmalıdır”.

NAZİRLİYƏ TƏKLİFLƏR DƏ VERİLİB

Aydın Xəlilov deyir ki, son 2 il ərzində dəfələrlə əlil uşaq valideynləri ilə birlikdə müavinətlərin artırılması ilə bağlı hökumətə təkliflər veriblər.

Əlillərin, o cümlədən əlil uşaqların problemləri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul osa da, bu mövzuda bizimlə söhbət edə biləcək rəsmi tapa bilmədik. Nazirliyin saytında isə göstərilir ki, nazirlikdə fəaliyyət göstərən əlillərin sosial müdafiəsi siyasəti şöbəsi əlillərin sosial müdafiəsi, tibbi sosial və peşə reabilitasiyası sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi ilə məşğuldur. Şöbə əlil insanların cəmiyyətə inteqrasiyasını gerçəkləşdirə biləcək proqram və sosial layihələr, sosial adaptasiya tədbirlərinin reallaşdırılması və s. istiqamətdə fəaliyyət göstərir.

Əlil anası Validə Abbasova isə deyir ki, o, öz imkanı daxilində oğlu üçün nələrsə etməyə çalışır. Dövlətdən istədiyi isə müavinətin artırılmasıdır.
XS
SM
MD
LG