Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

DB: Azərbaycanda iş görməyin çətinliyi və asanlığı


Doing business-2012 report
Doing business-2012 report


Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Doing Business 2012” hesabatını hazırlayıb.

Azərbaycan keçən ilki hesabatla müqayisədə 3 pillə qabağa gedib. İndi 183 ölkə arasında 66-cı yerdədir.

Dünyada iş görməyə ən asan ölkə Sinqapur, ən çətin ölkə Çaddır.

İş görməyə ən yaxşı və pis ölkələr biznesə başlamaq, kredit almaq, əmlakı qeydiyyatdan keçirmək, ixrac və s. bu kimi biznes əməliyyatlarına olan şərait əsasında müəyyənləşib.

İŞIQ ÇƏKMƏK ƏN ÇƏTİNİ İMİŞ...

Azərbaycanın adı bir sahədə liderlər arasındadır. Bu da əmlakın qeydiyyata alınmasının sadəliyidir. Hesabatda Azərbaycana dünyada 9-cu yer verilib.

Azərbaycanda biznesə başlamaq da çətin deyil. Azərbaycan dünyada 18-ci yerdədir.

Azərbaycanda ən çətini deyəsən, tikintiyə icazə almaqdır. Burda Azərbaycana 172-ci yer verilir.
Tikintiyə icazə almaq üçün 30 proseduradan keçməlisən, yəni 30 qapı döyməlisən. Buna 212 gün vaxt gedir.

Ancaq hesabata görə, Azərbaycanda tikintiyə icazədən də çətini var. Bu, obyektinə işıq çəkdirməkdir.
Burda düzdür, 9 icazə tələb olunur, ancaq bunları alıb-qurtarmağa 241 gün vaxt gedir.
Bu sahədə Azərbaycan 173-cü yerdədir.

Azərbaycanda biznesdə digər çətin sahəni isə çoxları bilir, bu, xarici ticarətdir.
Hesabatda sərhəddi keçməklə ticarət, yəni ixrac, idxal sahəsindəki vəziyyətə görə, Azərbaycana 170-ci yer verilir.

Azərbaycanda mal gətirməyə 10, çıxarmağa 8 sənəd tələb olunur. Sənədləri hazırlayıb, mal idxal etməyə 42, ixraca isə 38 gün vaxt lazımdır.

Müqayisə üçün, Sinqapurdan mal ixracına 5 gün, mal gətirməyə 4 gün vaxt gedir.

Digər problemli sahə də yəqin ki, məlumdur. Bu, mübahisələrin həllidir.
Azərbaycanda belə biznes mübahisəsinin həllinə 2,7 il vaxt gedir. Müqayisə üçün, Sinqapurda mübahisə 10 aya həll olunur.

Azərbaycan bu sahədə dünyada 95-ci yerdədir.

Azərbaycan bir sahədə isə dünyada ortalardadır – 81-ci yerdədir. Bu da vergilərdir.

Ancaq düşünüldüyünün əksinə olaraq, kredit almaq deyəsən, dünya ilə müqayisədə Azərbaycanda o qədər də pis deyil.
Azərbaycana 48-ci yer verilib.

İnvestorları qorumaqda isə hesabata görə, Azərbaycan 24-cü yerdədir.

BƏS QONŞULAR?

Ermənistan 6 pillə irəliləyib, indi 55 –ci yerdədir.
Ancaq ən əsası odur ki, hesabat iş görməyin 10 meyarını müəyyən edib və son bir ildə bu 10 sahə üzrə vəziyyəti yaxşılaşdıran ölkələrin siyahısını verib. Bu siyahılarda Azərbaycanın adı yoxdur.

Ermənistan isə 10 sahədən 5-də vəziyyəti yaxşılaşdıranlar arasındadır. Bunlar biznesə başlamaq, tikinti icazəsi almaq, kreditə çıxış, vergilərin asanlaşması, mübahisələrin həllidir.

Ermənistanda hazırda tikintiyə icazəyə 79 gün vaxt gedir.

Tikintiyə icazəyə 74 gün vaxt da Gürcüstanda lazımdır.
Kredit almaq işi Gürcüstanda yaxşıdır. Gürcüstana dünyada 8-ci yer verilib.

Gürcüstandan mal çıxarmağa və gətirməyə 4 sənəd tələb olunur və buna ixrac vaxtı 10 gün, idxal vaxtı 13 gün lazımdır.

Hesabat Gürcüstanda ümumi vəziyyətə 16-cı yer verib.

BU İLKİ HESABATIN TAPINTILARI

Birincisi, aşkarlıq biznesə sərfəlidir.
Hesabatın həmmüəlliflərindən olan Augusto Lopez-Claros deyir:

“Əgər ölkələri iki yerə bölsək, birində informasiyanın açıq olduğu, digərində informasiyaya çıxışın çətin olduğu ölkələri götürsək, məlum olur ki, daha çox aşkarlıq olan ölkədə biznes qat-qat ucuz başa gəlir”.

Lopez-Claros bu hesabatda bir başqa tapıntını da qeyd edir. O deyir ki, indi islahat aparmayan çox az ölkə tapmaq olar:

“Böyük Səhra regionunda son bir ildə ölkələrin 78 faizi biznesə şəraiti yaxşılaşdırmaqda heç olmasa bir sahədə islahat ediblər. Bu böyük dəyişiklikdir. 2005-ci ildə eyni göstərici 33 faiz idi”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG