Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 08:16

Könüllü döyüşüb. Əlillik statusunu kimdən tələb etsin?


Foto: Arxiv
Foto: Arxiv
Sağlamlığını torpaq uğrunda döyüşlərdə itirmiş Fariz İmanov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, əlillik statusu ala bilmir. Deyir ki, lazımi sənədlərini toplayıb Mərkəzi Hərbi Klinik Hospitalına təqdim edib. Ancaq hospitaldan ona deyiblər ki, könüllü döyüşçü olduğuna görə ona əlillik verilə bilməz. Niyə verilə bilməz? Keçmiş döyüşçüyə nə səbəb gətirilib, bu barədə özü danışır:

«DEDİLƏR PREZİDENTİN FƏRMANI VAR Kİ...»

- 92-ci ilin avqust ayında hərbi tapşırığı yerinə yetirərkən minaya düşmüşəm, ayağımdan iki qəlpə yarası almışam. Bütün sənədlərim də var, ancaq əlillik statusu ala bilmirəm. İndiyə qədər məni Mingəçevir Hərbi Komissarlığı süründürürdü, hospitala təqdim etmək üçün lazım olan sənədi vermirdi. 4-5 gün hərbi komissarlığın qarşısında yatandan sonra nəhayət ki, sənədi ala bildim. Bu il sentyabrın 1-də sənədləri Mərkəzi Hərbi Klinik Hospitala təqdim etsəm də, ordan dedilər ki, sənə əlillik verə bilmərik, çünki prezidentin fərmanı var ki, könüllü döyüşmüşlərə əlillik verilməsin. Mən hüquqşünaslara müraciət etmişəm, öyrənmişəm ki, prezidentin belə bir fərmanı yoxdur. Özüm də azdan-çoxdan qəzet-jurnal oxuyanam, hələ prezidentin belə fərmanına rast gəlməmişəm.

- Sizə belə bir fərmanın olması barədə rəsmi şəkildə bildirilib, yoxsa şifahi?

- Şifahi deyilib. İndi mənim vəkilim hərbi hospitalın cavabını rəsmiləşdirməyə çalışır və yəqin ki, rəsmi cavabı alıb məhkəməyə müraciət edəcəyik.

«PREZİDENTİN BELƏ BİR FƏRMANI YOXDUR»

Müdafiə Nazirliyi isə deyir ki, torpaq uğrunda döyüşənlərə bərabərlilik prinsipi ilə yanaşılır. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev danışır:

- Prezidentin belə bir fərmanı yoxdur. O adam müraciət etməlidir yerli hərbi komissarlığa, komissarlıqdan sorğu göndərilməlidir Müdafiə Nazirliyinin arxivinə. Araşdırılmalıdır ki, bu adam həqiqətən də döyüşüb, ya yox. Döyüşübsə, arxivdə bu barədə sənəd var, həmin sorğuya cavab olaraq həmin sənəd Mərkəzi Hərbi Klinik Hospitala göndərilir, bundan sonra da ona əlillik dərəcəsi verilir.

- O deyir ki, mən bütün sənədləri toplayıb Mərkəzi Hərbi Klinik Hospitala təqdim etmişəm. Ancaq deyiblər ki, prezidentin belə bir fərmanı olduğuna görə ona əlillik verilə bilməz.

- Ola bilməz. Prezidentin belə fərmanı yoxdur. Sadəcə ola bilsin ki, o adamın hərbi hissəyə girişi barədə sənədi olub, çıxışı barədə sənədi olmayıb. Yəni, hərbi hissəni özbaşına tərk edib. Bu zaman o, fərari sayılır. Bu məsələlər araşdırılmalıdır.

Fariz İmanov isə deyir ki, hərbi hissəyə girişi və çıxışı barədə sənədləri var, hətta müharibə veteranıdır, bunu təsdiqləyən sənədi də var. Müharibədən qayıdandan sonra – 1993-1998-ci illərdə Daxili Qoşunlarda gizir rütbəsində xidmət edib.

Mərkəzi Hərbi Klinik Hospitalının rəisi Asif Qurbanov isə AzadlıqRadiosunun «Qaynar xətt»inə deyib ki, ola bilsin, Fariz İmanov hərbçi olmayıb, könüllü döyüşmüş mülkilərdən olub. Belələrinə əlillik statusunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir.

İndi Fariz İmanov «əlillik statusunu kimdən tələb etməli» sualı ətrafında baş yarır. Ancaq deməsinə görə, deyəsən o, bu suala məhkəmələrdə cavab axtarmalı olacaq.
XS
SM
MD
LG