Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:26

Pərviz: “Tabuları söyüşsüz də yıxmaq olar”


Kulis.az-da Yazıçı laboratoriyası”nın budəfəki qonağı “Yad dildə” romanı ilə 2011-ci il Milli Kitab Mükafatının birincisi Pərviz Cəbrayıldır.


- Günün hansı vaxtı yazırsınız?

- Yazı prosesinə tam start verəndən sonra, elə ki, artıq dayanmadan yazmağa başladım, səhər 9-dan axşam 12-yə kimi yazıram.

- Ardıcıl neçə saat yaza bilirsiniz?

- Yemək fasilələrini çıxmaqla, 15 saat dayanmadan yaza bilirəm. Onu da deyim ki, bu 15 saatın sonunda daha güclü əzmldə oluram, əsl vəcd hiss eləyirəm, üçüncü nəfəs açılır, təəssüf ki, fiziki yorğunluq yazmağa imkan vermir. Amma əminəm ki, o vaxt yaza bilsəm, adi vaxtdakından yüz dəfə yaxşı yazaram.

- Yazı ilə bağlı xüsusi bir vərdişiniz varmı? Misal üçün, bəzi yazıçılar kofe içə-içə yazır, bəziləri isə hay-küydə.

- Xüsusi “bəzənmiş” otağım, yazı masam və ən əsası ölüm sükutu olmalıdı. Telefonu söndürürəm, internetlə, elektron poçtla kontaktı tam kəsirəm. Ailə-uşaqdan, ev-eşikdən təcrid olunuram. Yazı prosesində yanımda elə bir insan olmalıdı ki, mən soruşmadan çayımı-suyumu versin və yazdığım bəzi parçaları axşam mən çökəndən sonra oxusun.

- Əllə yazırsınız, yoxsa bilgisayarla?

- Bilgisayarla. Amma haçansa düşünürdüm ki, adam bilgisayarda necə yaza bilər. Həqiqətən də ilk vaxtlar kompüterlə ünsiyyətim çox çətin alınırdı, texniki vərdişlərə, klaviaturaya alışancan, onu da bədənimin bir üzvü hiss eləyənəcən fikrim dağılırdı. İndi isə qələmlə bir cümləni çətinliklə yazıram.

- Yazmamışdan qabaq qeyd edirsinizmi?

- Təbii. Qeydsiz yazmıram. Yazdığım romanın həcmindən 5-6 dəfə çox qeydim olur. Yazı prosesinin içində də yeni qeydlər əmələ gəlir, bu, dediyim həmin vəcd anlarında edilir.

- Özünüzlə bloknot gəzdirirsinizmi?

- Heyf ki, yox. Cəhd elədim, alınmadı. Ümumiyyətlə, üstümdə siqaretdən və telefondan başqa heç nə gəzdirə bilmirəm. Amma çox istərdim. Bir ara rəqəmsal diktafona əl atdım, sonra telefonun qeyd dəftərçəsində bəzi notlar yazdım. Heyf ki, heç birini özümə bağlayammadım. Ona görə də əlim kompüterə çatanacan çox şey yadımdan çıxır.

- Sevmədiyiniz sözlər varmı?

- Yox, sözün yaxşısı-pisi yoxdu. Təkcə vulqarizmləri xoşlamıram. Yəni söyüşsüz-filansız da yenilikçi olmaq, oxucu cəlb eləmək, sevilmək, bütləri qırmaq, tabuları dağıtmaq olar. Açıq ifadələrlə yazmaq yazarın şəxsi naqisliyindən doğur, məncə. Əllaməçilikdi. Elə bil, dil pəhləvanısan. Vuran əlinsə yoxdu. Mən bir oxucumun belə ləyaqətini təhqir eləmək istəmirəm o tip ifadələrlə.

- İmtina etdiyiniz yazılar varmı?

- Yazdığım yeni, yəni son romandan bir növ imtina elədim. Yenidən yazacam. Amma bu o demək deyil ki, o, tullantıya çevrildi. Tullantının özünü də təkrar istehsaldan keçirmək lazımdı. Ətraf mühiti zibilləmək olmaz.

- Yazının süjeti haqda əvvəlcədən fikirləşirsiz, yoxsa süjet yazı prosesində yaranır?

- Əvvəlcədən təbii ki. Karkas əvvəldən qurulur. Mən riyazi dəqiqliyinəcən yazmağı sevirəm. Bir hərf belə artıq ola bilməz. Korrektura səhvini çıxmaqla. Amma yazının gedişində də hansısa qəhrəman yolunu aza və süjeti azdıra bilər. Tolstoy Anna Karenina haqda “mən istəmirdim, o özü özünü atdı qatarın altına” -deyəndə çox haqlı imiş.

- Obrazlarınızı şəxsən tanıyırsınızmı ya da onlara rast gəlmisinizmi?

- Tanıdıqlarım da, qarşılaşdıqlarım da, təxəyyül məhsulu olanlar da var.

- Birinci cümləni yazmaq çətindir, ya sonuncu?

- Əsas son cümlədi mənimçün. Adətən, son cümləm birinci hazır olur. Son cümlə mənimçün lokomotiv yerindədi. Qatarı depoya o aparır, tam sürətlə irəli getmək üçün.

- İlişəndə neynirsiniz?

- Bir az uzanıram, nə oxuduğumu demək olar ki, bilmədən kitab oxuyuram. Əsas isə, Allah siqaretə bərəkət versin.

Elmin HƏSƏNLİ
Kulis

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG