Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:59

Türkiyədə iş səhər saat 6-7-də başlaya bilər


Taner Yıldız
Taner Yıldız
Türkiyədə iş saatının başlanması bir saat qabağa çəkilə bilər. Bunu Türkiyənin enerji ve təbii sərvətlər naziri Taner Yıldız bildirib. O, gün işığına görə iş tətbiqini, yəni işin səhər saat 6-7-də başlamasını bir fikir olaraq ortaya atdığını və müzakirəyə açıq olduğunu söyləyib.

Taner Yıldız deyib ki, sənayeçilər, biznesmenlər, tacirlər onsuz da iş saatlarına sübh çağdan başlayırlar. Onun sözlərinə görə, hətta bəzi qərb ölkələrində də işə səhərin erkən çağında başlayırlar. Taner Yıldız sözlərinə görə, iş erkən başlayınca erkən də bitəcək: «Beləcə, gün işığından daha çox yararlanacayıq. Bizneslər bunu illərdi edir, dövlət niyə etməsin? İldə 3 milyard kilovatsaat elektrikə qənaət edə bilərik».

Nazir deyib ki, bu məsələyə enerji sektoru baxımından yanaşırlar:

«Görürəm ki, bəzi mətbu orqanlarda bu məsələni başqa tərəfdən şərh edirlər. Hər halda bu məsələnin nə qədər tərəfdarı olacağını sonra görəcəyik. Mən buna bir enerji sektoru, bir də gün işığının insanda yaratdığı psixoloji baxımdan yanaşıram.

Əgər səhər saat 5-6-da gün çıxırsa, bir saat sonra işə başlana bilinirsə, bu «enerjidən daha faydalı yararlanacam» deməkdir. Binalar, fabriklər, iş yerləri, özəl sektor işini günün çıxma saatına uyğun qurmağı planlaşdırır. Onsuz da inşaatçılıqda var, işlərinə obaşdan başlayırlar. Adamların da buna rahatlıqla adət edəcəyini düşünürəm.

MƏMURLAR ŞƏNBƏ GÜNÜ DƏ İŞLƏSİNLƏR

Türkiyənin inkişafı və varlanması üçün bir çox yol olduğunu deyən Taner Yıldızın sözlərinə görə, şənbə günü ya tam, ya da gün yarım iş günü sayılması üçün də müzakirələr aparırlar. «Zənginləşmək ancaq işləməklə əldə edilə bilər».

«İşləyənlər yuxusuz qalacaq» sualının cavabında nazir deyib ki, yuxu saatlarında azalma olmayacaq, vətəndaşlar axşamlar tez yatır:

«Türkiyədə daha çox işləməyə ehtiyacımız var, amma indi ön plana çıxan şənbə günü ilə bağlıdır. Biz onsuz da şənbə-bazar günləri çalışırıq. Amma buna nə qədər çox adam qatılsa, bir o qədər də yaxşı olar ».

Türkiyədə şənbə günləri yarım gün iş saatları sayılırdı, 1973-cü ildə qəbul edilən qanuna görə, şənbə günü istirahət günü hesab edildi.
XS
SM
MD
LG