Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:43

Yol çəkən fəhlələr tətil edirlər


Fəhlələrin tətili. Foto: EMİL MƏMMƏDOV
Fəhlələrin tətili. Foto: EMİL MƏMMƏDOV
Ələt-Masallı yolunun tikintisində çalışan fəhlələr oktyabrın 15-i səhər saatlarından hüquqlarının pozulmasına etiraz olaraq işi dayandırıblar.

Onlar əmək şəraitinin dözülməzliyinə və yerli fəhlələrlə əcnəbi fəhlələrə qoyulan ayrı-seçkiliyə etiraz edirlər.

Fəhlə Şöhrət Zeynalov:

«İtaliyadan gələn traktorçu 3 min avro alır, bizim eyni işi görən fəhlə ən çoxu 500 manat maaş alır. Əllərimizi yumağa su yoxdur, normal tualet belə yoxdur. Yığılmışıq şirkətin həyətinə, bütün işi dayandırmışıq. Biz əmək şəraitimizin yaxşılaşmasını tələb edir. 200-300 manata işləmək istəmirik. İtalyanların yemək yediyi yer Bakıdakı restoranlara bənzəsə də, biz torpağın üstündə yemək yeyirik. Yataq şəraitimiz çox ağırdır. 6-7 nəfər bir yerdə qalırıq. Əcnəbi fəhlələrin qaldığı yerdə televiziya, avadanlıqlar olsa da, bizdə heç bir şərait yoxdur».

Ş.Zeynalov deyir ki, işdə əmək təhlükəsizliyinə əməl olunmur, onlar evdən gətirdikləri paltarlarda çalışırlar:

​«Bizə demişdilər ki, sizə xüsusi paltarlar və ayaqqabılar veriləcək, amma indiyə qədər heç bir şey verilməyib».

Digər fəhlə, Emin Cəfərov deyir ki, onları 1-2 aylıq «finiş-müqavilə»lərlə işə götürürlər:

«Kim öz haqqını, hüququnu tələb edir, onu dərhal işdən uzaqlaşdırırlar... Biz tələb edirik ki, əmək şəraitimiz yaxşılaşdırılsın, maaşlarımız qaldırılsın və hüquqlarımızı pozan rəhbər işçilər istefa versin».

Fəhlələr tələbləri yerinə yetirilməyənə qədər işə başlamayacaqlarını deyirlər.

Ələt-Masallı yolunun çəkilişini İtaliyalının «Todini» şirkəti həyata keçirir.

Şirkətin Bakıdakı rəhbərliyi artıq ərazidədir.

FƏHLƏLƏR TƏTİLİ DAYANDIRIBLAR

Bu haqda AzadlıqRadiosuna fəhlələrdən biri məlumat verib.

Fəhlələrlə görüşən «Todini» şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alberto Katozzi qaldırılan tələblərin yaxın vaxtlarda yerinə yetiriləcəyini bildirib. Bundan sonra fəhlələr dağılışıblar.
XS
SM
MD
LG