Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

İntiharlara səbəb nədir?


Foto: Arxiv
Foto: Arxiv
Oktyabrın ilk həftəsində Gəncə, Göygöl və Samux rayonlarından olan 8 gənc intihara cəhd edib. Ümumilikdə isə Qərb bölgəsində bu il ərzində 25 nəfər intihar edib. Onlardan 19-u yeniyetmə və gənclərdir.

Şərti adı Sevinc olan 23 yaşlı Gəncə sakini 2 il əvvəl dərman içərək özünə qəsd etmək istəyib. Deyir ki, son anda valideynləri onu ölümdən xilas ediblər:

«30-DAN ÇOX HƏB İÇMİŞDİM»

«2009-cu ilin yayında ağır depressiya keçirirdim. Çıxış yolunu görmək istəməyəndə uzun müddət yatıb hər şeydən uzaqlaşmaq istəyirsən. Mən dərman içəndə fikirləşirdim ki, ac qarına içsəm, daha yaxşı olar. 30-dan çox həb içmişdim. Sevgi münasibətimin sonluğuna ürəyimdə razılıq verə bilmirdim. Bir sevgi yox idi, sadəcə o oğlan mənim xəyallarımda idi və o, ailə quranda mənə ağır təsir elədi».

Sevinc o an sağ qalsa da, etiraf edir ki, sonralar da müxtəlif problemlərinə görə bir neçə dəfə özünə qəsd etmək istəyib:

«Mədəmi yudular, qulaqlarımadək tutulmuşdu. Ayaqlarım tutuldu. Anam elə bilirdi ki zəhərlənmişəm. Əziyyətimi anam çəkdi. İndi hərdən özümdən soruşuram - dəyərmi həyata son qoymağa?».

NƏSİLLƏR ARASINDA UÇURUM-ƏSAS SƏBƏB

Psixoloq İlham Məmmədov deyir ki, cəmiyyətdə Sevinc kimi gənclər çoxdur. Psixoloq deyir ki, əsasən ailədə valideynlərin uşaqları ilə dostluq etməməsi onların intihar həddinə çatması səbəblərdən biridir. Ancaq psixoloq daha bir vacib məqamı da qeyd edir - sovet psixologiyasından müasir düşüncəyə keçid. Yəni, tərbiyə verənlə tərbiyə alan tamam fərqli düşüncələrdədir:

«Azərbaycanda hər şeydən əvvəl ictimai-siyasi durum dəyişib. Dəyər meylləri dəyişib, sovet sistemi ilə indiki sistem arasında böyük fərq var.
Foto: Arxiv
Foto: Arxiv
Çünki tərbiyə edən ayrı nəslin nümayəndəsidir, tərbiyə olunan ayrı nəslin nümayəndəsi. Keçid dövründəyik, təzad var. O dövrün təsiridir ki, əksər uşaqlar valideynlərindən kənardadır. Valideynlə uşaq arasında psixoloji təmas yoxdur. Niyə yoxdur? Çünki dəyər meyllərində fərq var. Az gənclərimiz var ki, valideynləri ilə dostdurlar. Bu gərginliyi artıran faktorlardır».

Psixoloq deyir ki, çıxış yolu ilk növbədə valideynlərlə uşaqlar arasında ünsiyyəti artırmaqdır. Regionda intihar hallarının artmasına gəlincə, İlham Məmmədov deyir ki, bölgədə psixoloji məsləhətxanalar yaradılmalı və insanlarla danışıb mənəvi kömək etmək lazımdır.

DÖVLƏT PROQRAMI OLMALIDIR

​Psixiatr Dəyanət Rzayev isə deyir ki, intiharlara səbəb heç də sosial problemlər deyil. Belə ki, intihar edənlər əsasən sağlam və maddi cəhətdən normal vəziyyətdə yaşayan insanlardır. Dəyanət Rzayev də valideynlərlə övlad arasında uçurumun intiharların bir səbəbi kimi sadalayır.

Psixiatr diqqəti bir fakta çəkir ki, intiharların statistikasını ancaq KİV-lər aparır, rəsmi rəqəmlər açıqlanmır. O, Azərbaycanda psixi sağlamlıq haqqında qanunun yaradılmasının zəruri olduğunu deyir:

«Əsasən dövlət səviyyəsində bir proqram lazımdır. Ora mütəxəssislər cəlb olunmalıdır. Sosioloqlar, psixoloqlar, ictimai insanlar, bu, tək həkimlərin, psixiatrların işi deyil. Sosial Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin gərək həmişə məlumatları olsun ki, ailələrdə nə baş verir. Əvvəllər sahə müvəkkilinin hər şeydən xəbəri var idi. Kim içir, kim nəyə meyllidir?».

Psixiatr deyir ki, «Psixi sağlamlıq haqqında» Dövlət Proqramı nə qədər tez qəbul olunsa, cəmiyyətə bir o qədər çox faydası dəyər.
XS
SM
MD
LG