Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:46

Anti-korrupsiya fəalının özü korrupsiya ilə üz-üzə


Arxiv şəkil
Arxiv şəkil

Bakıda Şəmsi Bədəlbəyli küçəsi 104 ünvanda yaşayan hüquqşünas Nəzirməmməd Kazımovun dediyinə görə, qonşuluqda yerləşən ərzaq mağazasının ərazisinin qanunsuz artırılması ilə onun evinin pəncərəsi tamamilə bağlanıb. O, günəş işığından və təmiz havadan məhrum olub.

ŞİKAYƏT YENƏ ŞİKAYƏT OLUNANIN ÜSTÜNƏ GÖNDƏRİLİB

Tikilinin Nəsimi rayon Icra Hakimiyyətinin himayəsi ilə aparıldığını iddia edən hüquqşünas bu barədə bir neçə dəfə Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına müraciət də edib. Dediyinə görə, hər dəfə də müraciətləri cavabsız qalıb. Təmsil olunduğu qurumun korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq etdiyi dövlət qurumundan cavab gəlməməsi onu xeyli təəccübləndirib.

Bundan sonra hüquqşünas məsələni özü araşdırmağa başlayıb. Məlum olub ki, Dövlət Komissiyasına göndərdiyi məktub hər dəfə Nəsimi rayon İcra Hakimiyyətinə yönəldilib. Amma adı rayon icra hakimiyyəti bu barədə hər hansı addım atmayıb:

“Məlum oldu ki, həm mağazanın fəaliyyəti, həm ərazidəki əlavə tikinti qanunsuzdur. Bundan başqa, oldu ki, həmin mağazadan küçəyə qapı açılmasından da Bakı şəhər Icra Hakimiyyəti xəbərsizdir. Mağaza nümayəndələrindən soruşanda onlar dedilər ki, biz bu işləri Nəsimi rayon Icra Hakimiyyətinin sərəncamı əsasında görmüşük. Amma ortalıqda da hər hansı rəsmi sənəd yoxdur”.

RAYON RƏHBƏRLİYİ GÖZÜNÜ NİYƏ YUMUB?

Nəzirməmməd Kazımov idda edir ki, Nəsimi rayon Icra Hakimiyyəti müəyyən maraqlar müqabilində görülən qanunsuz işlərə göz yumub:

“Bu sırf korrupsiya halıdır. Həmin mağaza qeyri-qanuni fəaliyyət göstərirsə, o həmin fəaliyyətə görə kiməsə haqq, pul verməlidir. Nəsimi rayon icra hakimiyyəti bu faktı örtbasdır etməklə çox güman həmin mağazadan haqq alır. Yoxsa maraqları nədir ki, şəhərin mərkəzində Mərkəzi Bankın arxasında qanunsuz tikiliyə icazə versinlər”.

Nəzirməmməd Kazımov ortada nə qədər pulun dövr etdiyini söyləməyə çətinlik çəksə də, yalnız onu bildirir ki, yaşadığı ərazidə 1 kvadrat metr biznes sahəsi 10 min manatdan aşağı deyil.

MAĞAZA SAHİBİ KİMƏSƏ BİR QƏPİK DƏ VERMƏDİYİNİ DEYİR

Mağaza sahibi Mədət Novruzov da mağaza ilə bağlı bütün işləri Nəsimi rayon Icra Hakimiyyətinin sərəncamı əsasında gördüklərini bildirdi. Amma o, bu işləri görmək üçün Icra Hakimiyyəti və ya hansısa quruma rüşvət verməsi barədə deyilənləri inkar edir:

“Biz işləri Nəsimi rayon Icra Hakimiyyətinin sərəncamı əsasında aparmışıq. 5-10 günə də rəsmi qeydiyyat sənədlərini alacağıq. Biz heç kimə, və ya heç nəyə pul verməmişik”.

MƏNZİL İSTİSMAR SAHƏSİ RƏİSİNİN MƏNTİQİ

Həmin əraziyə baxan 15 saylı Mənzil İstismar Sahəsinin rəisi Mirkazım Əliyev isə sözügedən ərazidə əlavə tikintinin hər hansı rəsmi sənəd olmadan aparıldığını deyir. O bildirir ki, tikinti çoxdan baş verdiyindən ona qarşı heç bir addım ata bilməyiblər:

“Hazırda məsələnin məhkəməyə çıxarılması üçün sənədlər hazırlamaqla məşğuluq. Görək nə olur.”

Mağaza sahibi Mədət Novruzov sənədsiz tikilinin 22 kvadrat metr olduğunu desə də MİS rəsi bunun 5-6 kv. metrdən artıq olmadığını bildirir. Sahə rəisinin dediklərindəki digər uyğunsuzluq əlavə tikilinin nə vaxt aparılması ilə bağlıdır:

- Həmin tikili məndən qabaq olub. Köhnə məsələdir. İndi mağaza sahibi ilə qonşu arasında hansısa narazılıq yaranıb o da götürüb hara gəldi yazıb.
- Siz nə vaxtdan 15 saylı MİS-in rəisisiniz?
- Mən 13 ildir burda rəisəm
- Onda bu tikili 13 il əvvəl aparılıb?
-Yox, bir neçə il əvvəl çoxdan olub. Bu boş şeydir. İndi olsaydı biz bunun qarşısını alardıq.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquqşünası Nəzirməmməd Kazımovu isə bir məsələ düşündürür:

“Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquqşünasıyam, əgər mən bu qədər çətinlik çəkirəmsə, bəs onda hara və necə müraciət etməyi bilməyən vətəndaş necə bacarır belə icra hakimiyyəti ilə?"

Əhvalatı daha ətraflı burada dinləyin:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG