Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:56

Rasim Qaraca: "Böyük yazıçılar ciddi mühitlərdə yetişirlər"


"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı şair Rasim Qaracadır. Onunla Bakı Kitab Klubunda söhbətləşmişik.


“Quqark” romanı davamını oxumaq istədiyim romandı.

Pərvizin romanını oxuya bilmədim.

Roman oxucuya “gəl məni oxu” deməlidir. Insan bəlkə həbsxanada olsa, xəstəxanada olsa, çarəsizlikdən, vaxt çoxluğundan oxuya bilər bu cür kitabları.

Həmidin “Konspiroloq” kitabı çıxıb, çox gözəl məqalələr toplusudur.

Musa Yaqub mənim hörmət etdiyim şairdir... Onun sözünün gücü var. Amma gərək o, mövcud durumla razılaşmayaydı, kəndə çəkilməyəydi. Kəndə çəkilmək acizlikdir



- Rasim bəy, AYO-nun qurucularından olmusunuz, maraqlıdır, AYO-dan üz döndərənlərin, daxildə bir-birini ittiham edənlərin hərəkətini bu quruma xəyanət kimi qiymətləndirirsiz, yoxsa özünüzə xəyanət kimi?

- Ümumiyyətlə, mən tez-tez müsahibə verməli oluram və tez-tez AYO-nun parçalanması, AYO-AYB qarşıdurması ilə bağlı suallar gündəmə gəlir.
Məndən müsahibə alan jurnalistlərin çoxu prosesi izləmədiklərindən, artıq dörd il, üç il bundan əvvəl olub bitmiş hadisə haqqında suallar verməklə o məqamları yenidən gündəmə gətirirlər. AYO statik bir təşkilat deyil, burda ayrılmalar da var, qopmalar da var. Yeni üzvlər də gəlir. Təşkilatı sovet ənənələrində düşünmək lazım deyil. Burda heç kim ən böyük iradə sahibi deyil, hərçənd mənim haqqımda fikirlər olur ki, guya mən qurumu kənardan idarə edirəm. Belə deyil, ola bilsin başqalarından daha aktivəm və təşkilatın var olmasının ictimai əhəmiyyətini daha çox dərk edirəm. Burda üstünlüyüm var və bu, kiməsə təsir edirəm anlamına gəlməz. Kimlərsə AYO-dan ayrılır, kimlərsə onun haqqında nələrsə deyir, bunlar təbiidir. Hətta olur ki, aylarla yığışmırıq, hər hansı bir aksiya keçirmirik, amma mətbuatda AYO-nun adı hər zaman hallanır. Bütün bunlar, onu nə qədər yox saysalar da, təşkilatın varlığını göstərir. AYO sıralarından ayrılmalara, daxili ittihamlara və s. təbii baxıram.

- Mənə başqa bir məqam maraqlıdır. Təbii ki, qurumlar yaradıcı insanın həyatında bir mərhələdir, irəli getmək istəyi varsa, tərkedilmələr normaldır əslində. Siz bu qurumun təsisçisi olaraq, gedişləri, üz döndərmələri ağrılı qarşılamırsız ki?

- Hər hansı bir gənc yazar üçün AYO-da olmaq ilk növbədə onun özü üçün müsbət haldı. Bu qurumun üzvü olmaq, içi mən qarışıq, yazarlara, şairlərə daha çox populyarlıq gətirdi. AYO-dan kənarda bəlkə bu cür olmayacaqdı. Çünki biz fərqli bir düşüncə sərgiləmişik. Başqalarından fərqli olaraq kollektiv fəalliyyət göstərmək kimi üstünlüyümüzün olduğunu göstərə bilmişik. Gənc yazarlar AYO-dan barınmalıdır. Çünki bu, yazıçı azadlığının ifadəsidir. Azərbaycanda belə bir şey ilk dəfədir ki olub, bütün tarixi vərəqləsəniz, buna bənzər məqam görə bilməzsiniz. Və gənclər də burdan barınırlar, tanınırlar, məsuliyyətsizdirlərsə, üz çevirirlər, AYO haqqında xoşa gəlməyən fikirlər deyirlər. Bu onların öz işidir. Hesab edirəm ki, AYO bundan heç nə itirmir.

- Qurum rəhbəri olmaq yazıçının özünə lazımdırmı?


- Mən bilmirəm ki, nəyə görə bəzi insanlarda təşkilatçılıq qabiliyyəti olur, bəzilərində isə yox. Görünür bu da, vergi kimi bir şeydi. Mən bu qabiliyyəti özümdə görürəm və bu işi görməyi özümə borc bilirəm. Əgər ədəbi mühit yoxdursa, təkcə yazmaq azdır. Böyük yazıçılar ciddi mühitlərdə yetişirlər. Məsələn, sizin təbii istedadınız var, indiki mühitdə tezliklə sönə bilərsiniz. Indiki mühit sizin yetişməyiniz üçün əlverişli deyil.

- Söhbət ümumi ədəbiyyat mühitindən gedir?

- Bəli, ümumi ədəbi prosesdən gedir söhbət. Nağıllarda belə bir epizod var, narın içindən bir qız çıxır, deyir: “su ver, su ver”. Qəhrəman da suyu vaxtında verə bilmir və qız yox olur. Ədəbiyyata yeni gələn siz gənclər də “su ver” deyən həmin o xırda mələklər kimisiz, o suyu verən lazımdı. Sizdən əvvəl də çoxlu istedadlı gənclər olub, ancaq mühit onları saxlamayıb. Məhv olub gediblər və ya özlərinə qapanıblar. Məsələn, Cavidan, Yaralı Bəxtiyar..., əyalətdə yaşayanda nə olar ki? Görürsən ki, o səs, o dalğa gəlir. Amma o dalğanı qəbul edən jurnallar, nəşriyyatlar varmı? Indi daha çox həmin dalğaları vuran, dağıdan nəşriyyatlar var. Ona görə də biz məcburuq ki, həm ədəbiyyat yaradaq, həm də ədəbiyyatətrafını yaradaq. Bu ona bənzəyir ki, sən uşağını çox gözəl tərbiyə edirsən, amma tərbiyə evlə bitmir, məhəllə də, qonşular da buna uyğun olmalıdır. Nəcə ki valideyn məcburdur ki, qonşularının sağlam insan olması ilə məşğul olsun, bir yazıçı da sağlam mühitin yaranmasında maraqlı olmalıdır...

- Nə etmək lazımdır?

- O adamlar ki, bunun qarşısında əngəldir, onlarla mübarizə aparmaq, onları ifşa etmək, iç üzlərini açmaq lazmdır. Insan mübariz omalıdır. Yazıçı ilə azad
insan anlayışları bir-birinə çox yaxındır. Və insan öz azadlığının meydanını genişləndirməlidir.

- AYB-nın üzvü olsaydınız, yeni sədr seçimlərində iştirak etmək istərdiniz?

- Orda qurumun üzvləri iştirak edirlər. Yaxınlarda olacağını da düşünmürəm, çünki hər fürsətdən istifadə edirlər ki, qurultayın vaxtını uzatsınlar. Əslində vaxtı çoxdan keçib. Dövlət də bunda maraqlı deyil. Çünki, indiki hakimiyyəti anti-demokratik hesab edirəm. Onlara da elə qondarma bir Yazıçılar Birliyi sərf edir. Ona görə də göz yumurlar. Ora ayrılan pula da heç bir nəzarət yoxdur.

- Bəs siz AYB-nın üzvləri arasında kimin sədr seçilməsini az-çox qənaətbəxş hesab edərdiniz?

- Yazıçılar Birliyi siyasi aparatın bir təkərciyidir, bu təşkilat 1934-cü ildə yazıçılara nəzarət aparatı kimi nəzərdə tutulmuşdu, indi də buna davam etməkdədir. Necə ki Mətbuat Şurası jurnalistlərə və jurnalistikaya nəzarət mexanizmi kimi fəaliyyət göstərir. Buna görə də orda demokratik seçim ola bilməz. Mən hətta kiminsə seçilməyini istəsəm də, seçilə bilməz. Çünki orada sədr təyin olunur, seçilmir. Özünə hörmət edən yazıçı Yazıçılar Birliyinin sıralarında qalmamalıdır... AYB-nin sıralarında olan heç bir yazıçıya mənim hörmətim yoxdur.

- Yəqin ki diqqətinizi çəkib, ədəbi qurumlar arasındakı narazılıqlardan savayı, qurumların üzvləri də özləri öz aralarında bir-birləri ilə münaqişədədirlər. Heç kim heç kimi bəyənmir, mənəm-mənəmlik baş alıb gedir. Hamı yalnız özündən, öz yazdığından razıdır.

- Mən bunu ziyanlı hesab etmirəm. Xırda didişmələr, özünü üstün hesab etmələr olub və olacaq. Yaradıcılığın hərəkətverici qüvvələrindən biri də yazıçı eqosudur. Əlini sinəyə vurub, “mən ən yaxşıyam” demək pis şey deyil.

- Amma həm də tənqidə dözümsüzdürlər...

- Özünü tənqidə qapadacaqsa, ilk növbədə özünə ziyan etmiş olacaq. Bunun yolu isə odur ki, sən özün kimisə tənqid etməlisən ki, özün haqqında əsl həqiqəti eşidəsən. Əsl həqiqəti eşitməyənə qədər insan kor qalır. Siz birini tənqid edin, düzdü, təhqir də olacaq, amma sağlam düşüncəli insan qeyri-sağlam mühakimələrə fikir verməyəcək.

- Siz həm də "Alatoran" jurnalının baş redaktorusunuz. Bu gün ədəbi dərgilərimizin ümumi mənzərəsi hansı durumdadır? Senzura varmı?

- Ümumiyyətlə, bu cür saytlar çox olmalıdır, deyim ki, kifayət qədər də yaradılıb: kultaz.com var, kulis.az var, oxuzali.az var. Elə bizim özümüzün də üç saytımız var. Bu yarışmada hər kəs reytinq qazanmağın marağındadır. Bunu isə saytlar obyektiv olmağın sayəsində qazana biləcək. Hər yoldan ötəni çap etməyəcək. İstər saytlar, istərsə jurnallar tənqidi fikrə açıq olmalı, sağlam tənqidi eşidib diqqətə almağı bacarmalıdır. Məsələn bizim jurnal haqqında da tənqidi qeydlər olub - yazıları seçərək çap etmədiyimizi irad tutublar. Mən bu iradı nəzərə almışam və növbəti nömrələrdə onu azaltmağa çalışmışam. Senzuraya gəldikdə isə, indi dediyiniz mənada senzura yoxdur, ədəbi dərgilərin yönəticilərinin şəxsiyyətinə bağlıdır artıq bu senzura. Şəxsiyyət özü necədirsə, onun saytı da o cürdür. Hal-hazırda “Oxu zalı”nı ədəbiyyat saytları içərisində ən uğurlu layihə hesab edirəm, özüm də yazılarımı çap olunmaq
üçün ora göndərirəm. Bu yaxınlarda “Oxu zalı”nda da qaydalar bir az daha ciddiləşdirildi, artıq hər yazı göndərənin əsərini çap eləmirlər. Yazılara seçimlə yanaşırlar, əlbəttə, bu da daha yaxşı olmaq istəyindən qaynaqlanır.

- Bizim sayta müsahibəsində Əli Əkbər özünün və Seymur Baycanın Azərbaycanda ən çox kitabı satılan müəlliflər olduğunu demişdi. Bəs siz kimin romanını ən uğurlu hesab edirsiniz?

- Seymur Baycanın “Quqark” romanı davamını oxumaq istədiyim romandı. Tez oxunan, tez həzm olunandı. Əlbəttə ki, tənqidi məqamları da var, özünə də demişəm. Məsələn, Pərvizin romanını oxuya bilmədim. Roman oxucuya “gəl məni oxu” deməlidir. İnsan bəlkə həbsxanada olsa, xəstəxanada olsa, çarəsizlikdən, vaxt çoxluğundan oxuya bilər bu cür kitabları... Həmidin “Konspiroloq” kitabını çox qiymətli hesab edirəm, çox gözəl esselər toplusudur. Nərmin Kamalın son romanı yeni ədəbiyyatımız adına çox böyük qələbədir. Əli Əkbərin “Amneziya” romanı da Azərbaycan ədəbiyyatı üçün yenilikdir...

Mənim imkanlarım olsa, Azərbaycana Nobel mükafatı gətirə biləcək yazarlar yetişdirə bilərəm. Onlara avanslar verərəm, həvəsləndirərəm.

- Ötən həftə müsahibimiz Musa Yaqub idi. Sizə ünvanlamağa sual istədim ondan, əvəzində istəyini bildirdi. Dedi istəyirəm ki, AYO-çular ümumi ədəbi axına qoşulsunlar. Aqressiv olmasınlar, onlara edilən tənqidləri özləri üçün dəyərli hesab etsinlər. Bu haqda nə deyərdiniz?

- Musa Yaqub mənim hörmət etdiyim şairdir. Onun zərif duyğusu, təbi var. Lakin, mübariz insan deyil. Əlbəttə, sözünün gücü olub, indi də var. Amma gərək o, mövcud durumla razılaşmayaydı, kəndə çəkilməyəydi. Kəndə çəkilmək acizlikdir. Bura Azərbaycandır, İsveçrə deyil ki, kəndə çəkilib yaradıcılıqla məşğul olasan. Şair küsürsə, millət ondan qabaq küsəcək.

- Nöbəti qonağımız olan Günel Mövluddan nə sorşumaq istərdiniz?

- Sehirbaz olsaydın, ilk göstərəcəyin fokus nə olardı


FEYZİYYƏ

Həmçinin oxu
Musa Yaqub: "Istərdim yeni sədr daha işgüzar olsun"

Əli Əkbər: Azərbaycanda ən çox satılan mənim və Seymur Baycanın kitablarıdır

Əjdər Ol: "Nizamini oxuyanda adamın gülməyi gəlir..."

Vaqif Bayatlı Odər: "Heydər Əliyev tapşırmışdı ki, mənə toxunmasınlar"

İradə Tuncay: "Təhsil sistemindəki qadınlar millətin evini yıxırlar"

Rafiq Tağı: "Mən Allaha bütün ayətullahlardan daha yaxınam"

Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"

Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"

XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"

Salam Sarvan: "Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi"

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG