Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Müstəntiq rüşvət ittihamı ilə tutulub


Arxiv şəkil
Arxiv şəkil
Respublika Baş Prokurorluğunun məlumatına görə bir ölüm hadisəinin araşdırılmasında yol verilən qanunsuzluğa görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru İqbal Tağıyev və Daşkəsən rayon prokurorunun böyük köməkçisi Cavanşir Nəsibov haqqında araşdırma başlanıb.

MÜSTƏNTİQ BİR NƏFƏRİN ÖLÜMÜ İŞİNƏ GÖRƏ 23 MİN DOLLAR ALIB?
Baş Prokurorluğun rəsmi məlumatına görə adı çəkilən prokurorluq işçiləri Bakı sakini Tatyana Moiseyevanın şikayəti əsasında saxlanıblar. O, şikayət edib ki, əri Eldəniz Əliyevin tutulduğu cinayət işi üzrə istintaq dövründə azadlığa buraxılması üçün alınmış pul geri qaytarılmır:
“Xidməti araşdırmada müəyyən olunub ki, İlqar Məmmədovun qəsdən öldürülməsi ilə əlaqədar cinayət işinin istintaqını Gəncə şəhər prokurorluğunun sabiq müstəntiqi İqbal Tağıyev aparırmış.
O, şübhəli şəxs kimi tutulmuş Eldəniz Əliyevin 23 min ABŞ dolları müqabilində cinayət məsuliyyətindən azad edilməsi üçün sövdələşməyə girib. Daşkəsən rayon prokurorunun köməkçisi Cavanşir Nəsibov və həmin rayon sakini Elnur Əmrahovun vasitəçiliyi ilə Eldəniz Əliyevin atası Bayram Əliyevlə razılaşaraq ondan 23 min ABŞ dolları məbləğində pulu alıb. Bundan sonra Eldəniz Əliyevi cinayətdə iştirak etməsinin təsdiqini tapmamasını əsas gətirərək azad edib.

PULU QAYTARSA DA CİNAYƏT İŞİ AÇILIB
Lakin mərhum İlqar Məmmədovun qohumları şikayət edərək Eldəniz Əliyevin azadlığa buraxılmasına etirazlarını bildiriblər. Buna görə İqbal Tağıyev aldığı 23 min ABŞ dollarını Cavanşir Nəsibovun vasitəsi ilə Bayram Əliyevə qaytarıb. Yalnız bundan sonra Eldəniz Əliyev cinayət məsuliyyətinə cəlb edilib.”
Rəsmi məlumatda deyilir ki, Baş prokurorun bu il sentyabrın 23-də imzaladığı əmrlə İqbal Tağıyev və Eldəniz Nəsibova qarşı dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılıb, istintaqın sonuna qədər onlar tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Bu ittihamlar sübuta yetirilsə keçmiş prokurorluq işçiləri 12 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Bunlar Respublika Baş Prokurorluğundan yayılan rəsmi məlumatdır. Hələlik məlumatda ittiham edilən şəxslərin yaxınları və ya vəkillərinin bununla bağlı hər hansı mövqeyi məlum deyil.

ƏLLİK DƏRƏCƏSİNİ TƏSDİQ ETMƏYƏ 500 MANAT
Respublika Baş Prokurluğunun mətbuat xidmətindən verilən başqa bir məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Vahid Gülmalıyev rüşvət almaq ittihamı ilə tutulub.
Rəsmi məlumata görə 2-ci qrup əlil Talıb Fərəcov təkrar müayinədən keçərək əlillik dərəcəsinin təyin olunması üçün ondan rüşvət tələb edilməsi barədə bu il oktyabrın 3-də Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə müraciət edib. Onun müraciəti ilə aparılan araşdırmada məlum olub ki, Vahid Gülmalıyev 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasından ötrü 500 manat rüşvət tələb edib. Talıb Fərəcov yalnız 400 manat düzəldə biləcəyini deyib və onlar həmin məbləğə razılaşıblar.

Oktyabrın 5-də isə Vahid Gülmalıyev 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Talıb Fərəcovdan 400 manat pulu alarkən saxlanıb. Ona qarşı rüşvət alma maddəsi ilə cinayət işi açılıb. Bu ittiham sübut edilsə, Vahid Gülmalıyev əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Amma hələlik onun yaxınları və ya vəkillərinin bu ittihamlarla bağlı hər hansı mövqeyi məlum deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG