Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:36

Dövlət komitəsi ABŞ Dövlət Departamentinin hesabatını tənqid edir


Azerbaijan – Taza Pir Mosque in Baku, 22Jun2010
Azerbaijan – Taza Pir Mosque in Baku, 22Jun2010

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin Azərbaycandakı dini etiqad azadlığı ilə bağlı hesabatıyla bağlı yazılı rəyini açıqlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin dünyada din azadlığı ilə bağlı yarımillik icmalını insan haqlarının qorunması istiqamətində göstərilən səylərdən biri kimi qiymətləndirir və bu təşəbbüsü müsbət dəyərləndirir.

Komitədən AzadlıqRadiosuna göndərilən yazılı rəydə belə deyilir. Hesabatla bağlı komitənin rəyini əks tdirən məlumatda qeyd olunur ki, bu sənədin “Dini demoqrafiya” bölməsində ölkədəki dini mənzərəyə dair verilmiş rəqəmlər obyektivliyə yaxındır.

191 İslam dini icmasının sənədləri geri qaytarılıb

Lakin Komitə bildirir ki, hesabatdakı “Etiqad azadlığına dövlət ehtiramının səviyyəsi” bölməsindəki bəzi faktlar həqiqəti əks etdirirsə də, müəyyən məsələlərə aydınlıq gətirmək lazımdır:

“2009-cu ilin sentyabr ayından qanunvericiliyə əsasən, ilkin və yenidən qeydiyyatdan keçmə prosesi başlanılıb. Ötən 2 il ərzində ayrı-seçkilik, ləngitmə və digər qanunsuzluqlara yol verilmədən 570 dini qurum yenidən və ya ilk dəfə dövlət qeydiyyatından keçib. 30 dini qurumun qeydiyyatına imtina sərəncamı verilib, onlardan 2-si imtinaya səbəb olmuş nöqsanları aradan qaldırdığından, qeydiyyatdan keçirilib. Sənədləri qanunvericiliyin tələbinə uyğunlaşdırmaq üçün 191 islam təmayüllü dini icmanın sənədi Qafqaz Müsəlmanları İdarəsinə geri qaytarılıb”.

Əvvəllər qeydiyyatdan keçmiş, lakin müxtəlif səbəblərdən yenidən qeydiyyatdan keçməmiş dini icmaların köhnə şəhədətnamələri hüquqi qüvvəsini saxlayıb və onlar hüquqi şəxs statuslarını itirməyiblər: “Hansısa dini qurum qeydiyyatdan keçməyibsə, bunun qanuni əsasları olmuşdur və bu barədə həmin dini qurum məlumatlandırılıb”.

Məlumatda bildirilir ki, son 2 il ərzində 570 dini qurum qeydiyyata alınıb və hazırda bu proses davam edir.

"Məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz"

Dİni İşlər üzrə Komitənin rəyində hicabla bağlı qeydlərə cavab olaraq bildirilir ki, bütün demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında da vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz.

“Dini etiqad azadlığı üzərində tətbiq edilən məhdudiyyətlər” bölməsində göstərilən “Yehovanın şahidləri”, “7-ci günün adventistləri”, Baptistlər, “Nehemiya” dini icmaları yenidən dövlət qeydiyyatına alınmasalar da, müxtəlif vaxtlarda dövlət qeydiyyatından keçmişlər və şəhadətnamələri hüquqi qüvvəsini saxlayır. Yenidən qeydiyyatdan keçməmələri həmin dini icmaların ləğvi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məhkəməyə müraciət etmək hüququ versə də, hələlik bu hüquqdan istifadə edilməyib.

"Dini ədəbiyyat xüsusi yerlərdə satıla bilər"

Metro stansiyalarında dini ədəbiyyatın satışına məhdudiyyətlər qoyulmasına dair qeydlərə gəlincə, Dövlət Komitəsi xatırladır ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3-cü hissəsinə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.

Məlumatda vurğulanır ki, dini ədəbiyyatın ekspertizası və idxalı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən narazılıq edən yeganə dini qurum “Yehovanın şahidləri” dini icmasıdır: "Halbuki, Dövlət Komitəsi yalnız bu ilin doqquz ayı ərzində adıçəkilən dini icmanın 136 adda dini ədəbiyyatı ölkəyə idxalına və çapına icazə verib. Qeyd edək ki, bu sahədə Dövlət Komitəsinin başqa heç bir dini qurumla problemi yoxdur".

Qaxda "Yehovanın şahidləri”nə qarşı tədbirlər qanunidir

Komitədən bildirirlər ki, “Yehovanın şahidləri” ilə bağlı Qax rayonunda keçirilmiş tədbirlər qanunauyğundur. Belə ki, Qanunun 12-ci maddəsinə əsasən, dini qurum yalnız öz hüquqi ünvanında fəaliyyət göstərə bilər.

Yayılan məlumatda təəssüflə qeyd olunur ki, bir çox hallarda Hesabatda kifayət qədər dəqiqləşdirilməmiş məlumatlar yer alıb. Bəzən faktlar kifayət qədər etibarlı olmayan mənbələrdən alınır, dəqiqləşdirilmir və müvafiq qaydada yoxlanılmadan sənədə daxil edilir: “Hesabatın bəzi hissələrində Azərbaycanda dini durumun obyektiv, real təhlilinə əsla yer verilməmişdir: ümumi sözlər və qiymətləndirmələr yer almış, kifayət qədər əsaslandırılmamış fikir və məlumatlar ötən illərin hesabatlarından götürülüb. Hesabat, ümumiyyətlə, ölkədəki real vəziyyəti əks etdirmir və səthi xarakter daşıyır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gələcəkdə bu səpkili hesabatların daha obyektiv və əsaslı tərtib olunması üçün Dövlət Departamenti və ABŞ-ın digər müvafiq strukturları ilə hər cür əməkdaşlığa hazır olduğunu bildirir.

Hesabatda nələr vardı?

Qeyd edək ki, ABŞ Dövlət Departamenti sözügedən hesabatı bu il sentyabrın 13-də açıqlamışdı. Sənəddə dini qurumların qeydiyyatı prosesi, məscidlərin bağlanması, hicabın qadağası, dini ədəbiyyatın yayılmasına məhdudiyyətlər və s. bağlı faktlar yer almışdı.

Hesabatda qeyd olunurdu ki, Konstitusiya dini etiqad azadlığını tanıyır. Amma ayrı-ayrı qanunlar, aparılan siyasət faktiki olaraq dini azadlığı məhdudlaşdırır. Bir çox hüquqi qayda və tələbləri dövlətin dini qrupların işinə müdaxiləsinə imkan verir. Məsələn, bu qurumlar mütləq qeydiyyatdan keçməlidirlər.

Sənədə görə, Azərbaycanda dini qrupların əksəriyyəti hökumətin müdaxiləsi olmadan fəaliyyət göstərsə də, bəzi təriqətlər daim nəzarətdə saxlanır. Bu cür təriqətlər qarşı daim yoxlamalar keçirilir, onların dini ədəbiyyatları müsadirə olunur. Bəzi müsəlman və xristian təriqətlərin nümayəndələri həbs edilir, təzyiqə məruz qalır.

Hesabatda qeyd olunur ki, hicab rəsmi olaraq qadağan edilməsə də, məktəblərə uşaqların başın bağlamasına icazə verilmir. Burada həmçinin dini ədəbiyyatın yayılmasını və ölkəyə gətirilməsinə qadağalardan, qeyri-ənənəvi dini təriqətlərin – “Yehova Şahidləri”, “Yeddinci Günün adventistləri”, baptistlər və digər təriqətlərin təmsilçiləri təqib olunmasından söz salınır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG