Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:24

«Apple»ın təsisçilərindən biri Steve Jobs ölüb


«Apple» korporasiyasının təsisçilərindən biri, bu yaxınlaradək şirkətə rəhbərlik edən Steve Jobs Birləşmiş Ştatlarda vəfat edib. Müasir dövrün ən məşhur biznesmenlərindən olan Jobs 56 yaşında idi.

1970-ci illərin sonlarında Jobs və partnyorlarının yaratdığı «Apple» kompyuter texnologiyaları və proqram təminatı istehsalı ilə məşğul olan aparıcı şirkətlərdən birinə çevrilib. Son zamanlar isə bu şirkətin istehsalı olan iPhone smartfonları və iPad planşet kompyuterləri xüsusi populyarlıq qazanıb. «Apple» hazırda bazar dəyərinə görə dünyanın ən böyük korporasiyalarından biridir.

Şirkətin əksər layihələrinin arxasında duran Jobs özü də novator-biznesmen kimi böyük populyarlıq qazanıb.

Steve Jobs bir neçə il idi ki, mədəaltı vəzi xərçəngindən əziyyət çəkirdi. Bu ilin əvvəlində səhhəti ilə bağlı məzuniyyətə çıxmışdı. Avqust ayından isə «Apple»ın baş direktor postunu tərk etmişdi.

«Steve Jobsun vəfat etməsi ilə Amerika görkəmli yenilikçilərindən birini itirib. Onun ixtiralarında Amerika ruhu təcəssüm olunurdu». Bunu Jobsun ölümündən təəssüflənən ABŞ prezidenti Barak Obama deyib.

Steve Jobsun ölümündən onun biznes sferasından olan həmkarları – «Facebook» sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və «Microsoft»un rəhbəri Bill Gates də təəssüf hissini ifadə ediblər.
XS
SM
MD
LG