Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 12:06

Demokratik ədəbi icmada diktatura şişləri


Pərviz Cəbrayıl


DEMOKRATİK ƏDƏBİ İCMADA DİKTATURA ŞİŞLƏRİ

Bir ölkədə bu qədər tiranın yaşaması nə acı...

Hekayələr ustası Rafiq Tağı bu yaxınlarda bütlərə yeni savaş açdığını elan elədi və ilk topunu atdı. Və sən demə, “atılan toplara” nə gözəl diksinməyimiz varmış...

Kitablarıyla birgə tonqalda

Bu dəfə hədəf Sabir idi. Öncələrdə Mirzə Cəlil gülləboran edilmişdi. El və partiya şairi Səməd Vurğun və ola bilsin ki, unutduğum bir neçə büt. Hə, bu cədvəldə Füzuli də var, ama mən bu haqda ancaq onun dilindən eşitmişəm, yazış varsa da xatırlamıram.

Bu sıraya sözsüz siyasi sərvət, siyasi-mənəvi dəyər sayılan adları əlavə eləmirəm, çünki onlarsız da, artıq Rafiq bəy haqda acıqlı-acıqlı düşünülməyə başladığınızı hiss eləyirəm. İmkan versələr, bu cür düşündüyünə, Sabirin büstünü aşırmaq istədiyini dilə gətirdiyinə görə onu kitablarıyla birgə tonqalda yandırmağa rahatca qol qoyası bir ordu adam tapmaq olar.


Bütlərə qarşı mübarizə apara-apara çoxumuz qəlbən bütpərəstmişik; sözdə nə qədər yenilikçi, nə qədər demokrat, özgür düşüncə yanlısı olursaq olaq, sən demə, əməldə içi Rafiqqarışıq çoxumuz bu özgürlüyə hazır deyilmişik, yamanladığımız diktatorlardansa elə də ciddi fərqimiz yoxmuş, hər birimiz də potensial bir dikatormuşuq.

Mən də bundan danışmaq istəyirəm - İnsan istədiyi kimi düşünə və onu qələmə ala bilərmi? Kəsəsi, düşüncə özgürlüyünün Azərbaycanda sağlıq durumu nə yerdədi.

Ət, dırnaq, postmodernizm

Hə, Rafiq Tağı Sabirlə müharibəyə başladığını elan elədi – məhz Sabirlə, ama onun satirasından yapışdı (deməli, yazarla mətn ayrılmazdır, ama bəy postmodern düşüncə daşıyıcısıdır).

Müharibə boyu susmuşdum, yenə də susmuş sayıram özümü, çünki sözümün canı Rafiq Tağı deyil əlbəttə. O, söz ustası olduğu kimi, söz davasına can verməkdə də ustadı.

Ama “hurrey” deyibən onu bir başa qazılmamış qəbirə itələməyə qollarını çırmalamış yazarlara cavabında onların postmodernist olmadığını əsaslandırırdı (“Sabirə bir çubuq da onlar çəksə, onda “postçu” olacaqdılarmı?” – bir iradın məzmunu) – mətni və müəllifi birlikdə gördüklərinə görə.

Halbuki özü də onları ayırmamışdı. Postmodernizm ətlə dırnağın ayırmağın tərəfdarıdı.

Dırnaq ətdən çıxsa da, bu estetik xətt əti bir heç sayır. Rafiq bəy ad çəkmənin tərəfdarı deyil, məsələn, diktaturadan yaz, ama Qəzzafinin adını mətnə salma. Bəs o diktatura kimin əsəridi?

Məsələn, Qəddafinin (özümüzkünə bir azdan gələcəyik). Necə ki, yararsız saydığı satiralar Sabirindi. Adını çəkməsək necə olardı görəsən? Deyilə bilər ki, diktatura ümumbəşəri bəladı.

O zaman poeziya da ümumbəşəri nemətdi. Biri hər yeni diktatorda fərdi olur, biri hər şairdə.

Deməli, ad çəkirsək, hamının adını çəkək, çəkmirsək kimsənin. Hər halda nə demək olar – Rafiq bəy elə düşünür, başqaları belə. Kimsəni təhqir eləmədən söz güləşdirmək ən doğru yoldu. Ədəbiyyat cəngavəri də pəhləvandan məhz bu nöqtədə ayrılır – biri bədən güləşdirir, biri söz.

Tanrı neft deyil

Rafiq Tağı satiranın, bu məqamda Sabir satirasının gərəksiz olmasını, milləti aşağıladığını, ona natamamlıq kompleksi aşıladığını, ədəbi sanbaldan xali olduğunu irəli sürür.

Adi bir düşüncə görsənişidi. Tanrıya söymür ki. Halbuki ateist olsa, o da onun toxunulmaz hüququydu. Tanrı da neft deyil ki, kimsə onu dədə malı kimi özəlləşdirə.

Üstündə ley kimi qıy vura, qan tökə, göz çıxara. Tanrını müdafiə eləməkdən
Rafiq Tağı
Rafiq Tağı
də əbləh nə ola bilər? Sadəcə, bəyimiz barıtı bir az çox eləyib ki, gurultu qopsun, bazarın öz qanunu var, ama mərmisi elə adi mərmidi, bəlkə də hələ bir az normadan balacadı. “Bəlkə” yox,- qoy deyim, mənim də fikrimi bilsin,- mərmisi mərmi deyildi, qırmaydı.

Onunla Sabirin belini qırmaq olmaz.

Sebastyan Kastellio ardıcılları

Əvəzində nə oldu? Rafiq Tağını düşüncə özgürlüyü üstdə həbsə atan, ona ölüm fitvası verən fanat islamçıların acığına hətta dinindən imtina eləyən dostlarımız ona daha ağır fitva verdilər.

İohan Kalvin mollaları Rafiq Tağıya ölüm cəzası kəsmişdilər, Sebastyan Kastellio ardıcılları, azad düşüncə carçıları daha betərini - onun öldüyünü və ya dəli olduğunu elan elədilər.

Əlbəttə, bunu da onların düşüncə özgürlüyü kimi yozmaq olar, ancaq bir iş var ki, Rafiq Tağı onların heç birinin adını Sabirlə yanaşı çəkməmişdi.

Qırmızı dastan

Əsas iddia – “R.Tağı belə qəhrəmandırsa, bütlərlə belə düşməndirsə, elə Heydər Əliyevdən yazsın! Sən qorxaqsan, Rafiq Tağı!” Diqqət! Bu cəsarətli iddianın özündəki cəsarətsizliyi sezdinizmi – kimsə “İlham Əliyevdən yazsın” demir.

Hələ onu da bir kənara qoyuram ki, ittiham olunan tərəf Heydər Əliyevdən yazıb, həm də saz yazıb – “Qırmızı dastan”. Və yenə də diqqət! – Rafiq Tağı da o ittihamçılardan heç birinin üzünə bu faktı qızıl-qırmızı demir: “Mən məhz Heydər Əliyevdən yazmışam”.

Demir. Niyə? Bəlkə dəlinin yadına daş salmaq istəmir? Bəlkə “ələmdən nəşəyə” keçib? Bəlkə indi niyə yazmırsan, deyəcəklər?

Axı dünən bu günə haqq qazandırmır - dünən dünəndə qalıb. Bu gün isə hələ baş verməmiş sabahlara görə suçlandırıla, ya mükafatlandırıla bilməz. Milləti aşağılayan Sabirdən yazırsansa, cəsarət elə, milləti ayaqlayanlardan da yaz – hər halda Sabirin satirası millət üçün heydərizm qədər zərərli deyil.

Olsa-olsa bədii cəhətdən zəif demək olar. Rafiq bəy onu da deyib elə. Deyib, deyib də. Biri də əksini desin, iş bitsin.

Daha söyüb, onu da söyüşə həvəsləndirmək nədən? Bütün illərin ən mədəni ziyalısı Rafiq bəy də, artıq öz söydüyü yolu gedir.

Ata Abdullayevdən fərqimiz

İnsanı düşüncə özgürlüyünə görə atəşə tutmaq artıq diktatura əlamətidi.


Hər kəsin yanlış düşünmə və yazmaq haqqı belə toxunulmazdı. Kötəklə qəbul etdirilən həqiqətin heç bir gözəlliyi yoxdu. “Qılınc müsəlman” ifadəsinin nə qədər ikrahdoğurucu olduğunu bilməyən varmı?

Di gəl İslamı ən gözəl, ən humanist, ən kamil və ən haqq din deyirlər. Onun zorla qəbul etdirilməsi xalqın təfəkküründə bu cür canlanaraq sözə çevrildi: “Qılınc müsəlman”. Oysa bizim drujinaçı Ata Abdullayevdən nə fərqimiz?

Şok-terapiya

Rafiq Tağının Sabirlə savaşına qalanda isə... 1) Demək, Sabir sağdı və ondan sarı narahat olmağa dəyməz, özü də Rafiqlə baş eləyə bilər; 2) Sabir dünyadan lap çoxdan gedib, onu bir də öldürmək mümkün deyil, doktoru öldürməyin; 3) Rafiq Tağı həkimdi, özü də təcili yardım həkimi – şok-terapiya onun adamları ölümdən qaytarmaq üçün son yoludur.

Rafiq Tağının Sabirlə başlatdığı savaş Sabirə heç nə eləmədi.

Ama ortaya bunu qoydu: bütlərə qarşı mübarizə apara-apara çoxumuz qəlbən bütpərəstmişik; sözdə nə qədər yenilikçi, nə qədər demokrat, özgür düşüncə yanlısı olursaq olaq, sən demə, əməldə içi Rafiqqarışıq çoxumuz bu özgürlüyə hazır deyilmişik, yamanladığımız diktatorlardansa elə də ciddi fərqimiz yoxmuş, hər birimiz də potensial bir dikatormuşuq.

Təsəvvür eləyin, “ekstremal şeirlər” müəllifinin yaratdığı xırda ekstremal bir şərait hələ başqalarını demirəm, Rafiq Tağı kimi liberal bir adamın necə qatı millətçi (o millətin bir düşmənini tapıb infaz eləmək üçün qələmini işə saldı) olduğunu üzə çıxardı, yerdə qalan daha qatı liberalların isə ondan da qatı millətçi kimliklərini ortaya qoydu – onlar da Rafiqin özünü millət düşməni təyin elədilər. Mən hələ sənət adamlarından danışıram.

Ağalar, bəlkə özümüzü saf-çürük eləməyin tam zamanıdı hə? Deyirəm, nə qədər gec deyil...

Həmçinin oxu
Rafiq Tağı Sabirə müharibə elan etdi

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG