Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 07:34

Kəsəsən, tullayasan!


Oktay Hacımusalı


Kəsəsən, tullayasan!

(Zaur Qəriboğlunun yazısına sözardı)

Ədəbiyyat deyilən qavram bir zadı bağışlamır: o da oyunu! Tərəfə tərəf oyun oynamaq bineyi – qədimdən bu Cənabların işləri olub.

Daha doğrusu, belə deyək də, bu cənablar bu oyunu öz xələflərindən miras kimi qəbul ediblər.

Bu oyun isə onları istəsələr də, istəməsələr də aparıb bir yerə çıxarır: tıxanıqlığa.

Daralan damarlar heç şübhəsiz ki, qanı normal bir şəkildə ötürə bilmir. Və nəticədə nə yaranır: qanqren!

Qanqren də elə bir şeydir ki, ondan xilas olmağın ancaq bir yolu var: kəsəsən və tullayasan!

Bədənin qanqren olmuş, artıq çürüməyə üz tutmuş üzvünü kəsməsən, tullamasan nə baş verər, yəqin ki, bunu siz oxuculara başa salmağa ehtiyac yoxdur.

Çünki, hər şey göz qabağındadır. Göz qabağındadır ki, Azərbaycan ədəbiyyatının ayağına durmadan zərbələr endirilir.

O zərbələrin endirilmə səbəbləri var: bu zərbələr ona görə endirilir ki, Azərbaycan ədəbiyyatının ayaqları qara – qançır olsun, gömgöy göyərsin və çürüməyə üz tutsun.

Nəticədə isə onun kəsilməkdən başqa çarəsi olmasın. Söhbət Azərbaycan ədəbiyyatının sabahından, bu günkü gənc ədəbiyyatçılardan gedir.

Düşünə və öz – özünüzə sual verə bilərsiniz, Azərbaycanda gənc yazarlara bu qədər diqqət və qayğı var ikən hansı endirilən və ya endirilə biləcək zərbələrdən söhbət gedə bilər?

Axı, hər il nə qədər gənc yazar təqaüd alır, hər il nə qədər gənc yazarın kitabları çıxır?

Çıxır, amma gəlin, baxaq görək ki, bu diqqət və qayğı görənlər kimlərdir? Hansı yazdıqları və yazacaqlarına ümid edilən yazılarına görə onlar belə qayğı və diqqətlə əhatə olunublar?

Məgər Azərbaycanda başqa yazdıqları ilə ciddi maraq kəsb edə biləcək gənc yazarlar yoxdurmu ki, hər şey məhz onlara heablanıb?

Hə, burda artıq Zaur Qəriboğlunun yazdıqları ilə razılaşmamaq əldə deyil. Bilmirəm, Zaur Qəriboğlu bu yazını yazanda bunları bilirdi ya yox, amma bir şeyi deyim: 2008 – ci ildə İlqar Fəhmi bir Allah şahididir ki, biz Prezident təqaüdü alanda çox yox iyirmicə nəfər gənc yazar (konkret söhbət AYB üzvlərindən gedir) tapa bilmirdilər ki, Möhtərəm Prezidentə təqdim etsinlər.

Noldu, birdən-birə Azərbaycanda gənc yazarlar ordusu yarandı? Bu qruplaşma ya zəlzələdən, ya vəlvələdən yaradıldı, rüşeymləri bu cəmiyyətə səpildi və bu gənc yazarlar ordusunu kimlərsə hansısa səbəblərdənsə ortaya atdı, elə adamları bir dam altına toplayıb yığıb yığışdırdılar ki, Allah göstərməsin!

O gənc yazarlara haqq üçünə hər cür imkan verilib. Sizə ağzımda hər cür imkan deyirəm! Elə imkanlar ki, o imkanların “i” – ni biz ədəbiyyata gələndə bizim qabağımıza qoyan yox idi. Və o gənc yazarlara o imkan verildikcə, kənarda olanlara da mesajlar verilir ki, gəlin yanımızda olun, sizə də eyni şəkildə hər cür imkan verilsin!

Ölkədə yüksək səviyyədə keçirilən II Kitab Satış Yarmarkasının bağlanış törəni “Gənc Ədiblər Məktəbinin üzvləri ilə görüş”lə başa çatdı.

Gənc Ədiblər Məktəbinin üzvləri orda öz yaradıcılıqlarından nümunələr səsləndirdilər. Düzü, mən tədbirin ortasında gəlib yetişmişdim tədbirə.

Və qaçırdığım məqamlar üçün üzülərək diqqətlə qulaq kəsildim ki, görüm gənc dostlarımız nələrdən danışırlar?!

Maraqlıdır, axı! Cavid Zeynallıdan sonra söz görüşdə iştirak edən xalq şairi Sabir Rüstəmxanlıya verildi. Uzun – uzun Sabir bəyi tərifləyəsi halda deyiləm, lakin bir məqam mənim diqqətimi cəlb elədi, o da Sabir bəyin ilk baxışdan

Gənc Ədiblər Məktəbi üzvlərinin ədəbiyyatda əhatə dairələrinin çox dar olmasının fərqinə varması idi.

Həqiqətən, bu gün qruplaşma – tayfalaşma – qəbilələşmə dövrünü yaşayan ədəbiyyatımızın arealı çox məhduddur. Bu ədəbiyyat Füzulinin, Nəsiminin, Cavidin oynadığı söz areallarında oynaya bilməz.

Və mən inanmıram ki, oynaya da bilsin!

Çünki, onun başı şoumenliyə qarışıb! Çünki onun başı televiziya kanallarının səhər verilişlərində özünü göstərməyə qarışıb! Çünki, onun başı haqqı olmadığı yerlərə haqq iddia etməyə qarışıb!

Indi düşünün belə bəsitləşdirilən, cılızlaşdırılan ədəbi gənclik ədəbiyyat arealında sabah Füzuli, Nəsimi ya da Cavid kimi at oynadıb fərqli, daha geniş mətləbləri özündə ehtiva edə biləcəkmi?

Məncə yox! Çünki, onun işi – peşəsi heç nə yazmaya – yazmaya kiminsə gözünə kül üfürməkdir!

Onun işi – peşəsi kiminsə haqqını yeyib “mən buna layiq deyiləm, məndənsə filankəs buna daha çox layiqdir!” jestini edə bilmədən kimlərinsə yerində oturub kimlər tərəfindənsə təriflənməkdir!

Onu şişirdirlər! Indi siz görəcəksiniz, bir gün o şişirtdikləri oyanıb ətrafına heç nə yazmadığını və yaza bilmədiyini başa düşəndə iş işdən keçəcək!

Onda o, qruplara, qruplaşmalara da, həmin o qruplaşmaları yaradanlara da sadəcə və sadəcə lənətlər yağdıracaq! Hələlik isə o, sürü halında ədəbiyyat cəngəlliklərində irəliləyərək cəngəlliklərin ən dadlı meyvələrini nuş etməkdədir.

Nuş olsun!

Həmçinin oxu
Zaur Qəriboğlu. Ədəbiyyat oyunu - "Adamlı-adamsız"
XS
SM
MD
LG