Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:04

Əlilə yarım kvadratmetr torpaq sahəsi?


Foto: Arxiv
Foto: Arxiv
«GÖRDÜM MƏKTƏBİ SÖKÜB YERİNİ SATIRLAR»

Astaranın Pensər kənd sakini Talıb Əliyev AzadlıqRadiosunun «Qaynar xətt»inə kənd bələdiyyə sədrindən şikayət edib. Deməsinə görə, oğlu Elşən Əliyev Füzuli rayonunda hərbi xidmətdə olarkən minaya düşərək sağlamlığını itirib. İndi 1-ci qrup əlildir və işləmək qabiliyyəti yoxdur. Oğlunun torpaqla təmin olunması üçün kənd bələdiyyəsinə çox ayaq döydükdən sonra ona yarım kvadratmetr torpaq sahəsi təklif olunub:

«Kənddə köhnə məktəb vardı, gördüm ki, bələdiyyə həmin məktəbi söküb, yerini də satır. Getdim, dedim oğlum şikəstdir, heç olmasa, o torpaqdan 50 kvadratmetr də ona verin. O da yer açsın, ayaqqabı düzəltsin, dolansın. Sağlam olsaydı, kəndin başqa oğlanları kimi gedib Rusiyada işləyərdi, çörəyini tapardı. Bələdiyyə sədri Azər Əhmədov dedi problem yoxdur.

«VERDİKLƏRİ TORPAQDA AYAQYOLU DA TİKMƏK MÜMKÜN DEYİL»

Başqalarına 60 kvadratını 6500-7000-ə satıramsa, sənin oğluna ucuz verərəm. Mən Bakıda idim, bir də getdim, gördüm torpaqları bölüşdürüblər, oğluma cəmi yarım kvadratmetr yer veriblər. Heç ayaqyolu da tikmək mümkün deyil. Bələdiyyə sədri dedi ki, elə bu qalıb. Bələdiyyə Pensərin yarısını özü üçün mağazalar açıb, həmin yerdə də özünə 15 sot torpaq götürüb».

Bələdiyyə sədri Azər Əhmədov isə deyir ki, həmin torpaqlar paylanmayıb, hərraca çıxarılıb və satılıb:

- Onlar kommersiya torpaqlarıdır, hərrac yolu ilə verilib, paylanmayıb. Torpağı biz vermirik, hərrac komissiyasında kim qalib gəlirsə, o da alır. Bu adam isə hərracda iştirak etməyib.

- Şikayətçi deyir ki, həmin ərazidəki torpaqlar icra nümayəndəliyinin və bələdiyyə işçilərinin öz arasında bölüşdürülüb...

- Yox, müsabiqədə kim qalib gəlibsə, onlara verilib. Mənim isə hərrac komissiyasının işinə qarışacağım yoxdur.

Azər Əhmədov deyir ki, Talıb Əliyevin əlil oğluna bir müddət əvvəl kənd bələdiyyəsi tərəfindən 6 sot həyətyanı torpaq sahəsi verilib:

«Sahibkarlıq məqsədilə hərraca çıxarılan torpaqlardan isə heç kəsə güzəşt olunmur».

Buna da bax:

XS
SM
MD
LG