Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

«Xəzər-Boru» Zavoduna kim çöküb?


«SOCAR» mühafizəçiləri «Xəzər-Boru» Zavodunun qarşısında
«SOCAR» mühafizəçiləri «Xəzər-Boru» Zavodunun qarşısında
«GƏLDİLƏR, DEDİLƏR ÇIXIN ÇÖLƏ»

«Axşam saat 11 radələri olardı, postda idim. Gəldilər, dedilər mühafizəçilər çıxsınlar, dayansınlar çöldə. Mən də durdum çıxdım. Sənəd-filan axtardılar. Formada idilər, geyimlərinin üstündə «SOCAR» yazılmışdı».

Bunu Qaradağ rayonunun Buta qəsəbəsində yerləşən Xəzər-Boru Zavodunun mühafizəçisi Elnur Şahverdiyev deyir. Onun sözlərinə görə, sentyabrın 17-də axşam saatlarında əyinlərində «SOCAR» yazılmış gödəkçədə olan bir neçə nəfər zavodun mühafizə otağına girərək heç bir səbəb göstərmədən mühafizəçiləri ordan çıxarıblar.

SAHİBKARLAR DA, FƏHLƏLƏR DƏ QAPI ARXASINDA QALIB

Sentyabrın 19-da isə səhər saatlarından zavodun istehsalat sahəsinə giriş darvazasının qarşısına yığışan fəhlələr içəri keçə bilmirdilər. Demələrinə görə, səhər işə gələrkən onları zavodun mühafizəçiləri yox, hərbi geyimlilər və əyinlərinə üzərində «SOCAR» yazılmış gödəkçələr geymiş şəxslər qarşılayıb.

4 ilə yaxındır ki, zavodda fəhlə işləyən Elbrus Əmirquliyev danışır:

«Səhər-səhər gəlmişik işə, bizi zavoda buraxmırlar. Soruşuruq niyə buraxmırsınız, deyirlər bizə göstəriş gəlib ki, olmaz. Mən buranın fəhləsiyəm, neçə ildir işləyirik. Başqa yerdə iş-güc yox, neyləməliyik. Biz də gözümüzü bura dikmişik, 5 manat çörəkpulu qazanırıq».

«SORUŞURUQ, DEYİRLƏR BİZƏ GÖSTƏRİŞ VERİLİB»

Zavodun direktoru Ayaz Gülümcanov deyir ki, Xəzər-Boru Zavodu 2007-ci ildə vahid pəncərə sistemi əsasında prezidentin göstərişi əsasında tikilib. Zavodun quraşdırılması cəmi 8 aya başa gəlib. 2009-cu ildə ilin şirkəti adını da alıb. Ərazisi 3 hektar olan zavod 5 təsisçi arasında şəriklilik prinsipi ilə fəaliyyət göstərir. Hazırda zavod sınaq müddətinə çalışır. Yaxın vaxtlarda zavodda 3 növbəli iş rejimi nəzərdə tutulub və hər növbədə 100-120 nəfərin çalışması gözlənilir. Ayaz Gülümcanov:

«GƏLİB, MÜHAFİZƏNİ ZƏBT EDİBLƏR...»

«17-si mühafizə rəisi mənə məlumat verdi ki, başqa adamlar gəlib, mühafizəni zəbt ediblər. Bu gün işə gələndə gördüm «SOCAR»ın nümayəndələri var. Məsələni soruşdum, dedilər bizə göstəriş gəlib, soruşdum kim tərəfindən, heç nə demirlər. Sahibkarlara məlumat verdim, gəldilər, hələ də zavoda girə bilmirik».

Aslan İsmayılov
HƏDƏFDƏ YENƏ DƏ ZÜLFÜQARLI QARDAŞLARI VƏ ...

«Zavod son illər əmlakları müxtəlif təzyiqlərlə əllərindən alınmış Zülfüqarlı qardaşları ilə keçmiş bir məmurun şərikli əmlakıdır. Zavodun 52 faizi həmin keçmiş məmura, yerdə qalanı isə qardaşlara məxsusdur. Keçmiş məmur təzyiqlər altında öz payından imtina edib».

Bunu isə AzadlıqRadiosuna Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov deyib.

Yeri gəlmişkən, zavodda olarkən həmin keçmiş məmurun yaxın qohumları da orda idilər, ancaq müsahibə vermək istəmədilər. Jurnalistlərin yığışdığını görərək ərazidən uzaqlaşdılar.

Vəkilin sözlərinə görə, «SOCAR»-yəni Dövlən Neft Şirkətinin əlisilahlı əməkdaşlarının zavodun mühafizəsini ələ keçirməsi ondan xəbər verir ki, zavod hədəfdədir və iş adamlarının əlindən alınması təhlükəsi var. Aslan İsmayılov hesab edir ki, məsələnin arxasında Dövlət Neft Şirkəti dayanır:

«MƏN BAŞA DÜŞMÜRƏM...»

«Mən başa düşmürəm, «SOCAR» nə vaxtdan mühafizə işi ilə məşğul olur. Əgər zavodla bağlı hər hansı problem vardısa, orada araşdırma aparılmasına ehtiyac vardısa, onun mühafizəsi Daxili İşlər Nazirliyinin Mühafizə Xidmətinə tapşırıla bilərdi. «SOCAR» nə vaxtdan mühafizə işini görən olub»?

Həm direktor, həm də Aslan İsmayılov deyir ki, zavod yüksək keyfiyyətli boruların istehsalı ilə məşğul olsa da, hələ də tam gücü ilə işə düşə bilməyib. Vəkil bunun səbəblərini belə izah edir:

«O zavod Azərbaycanda istehsal olunmayan, xaricdən qızıl qiymətinə alınan iri diametrli borular istehsal edir. O zavodu müflis etmək üçün xaricdən o boruları üçqat bahasına alıb gətirirlər, ancaq bunların istehsal etdikləri boruları almırlar».

SOCAR
DÖVLƏT NEFT ŞİRKƏTİNDƏN NƏ TƏSDİQ, NƏ TƏKZİB

Dövlət Neft Şirkəti isə hələ ki, ittihamlara hər hansı açıqlama vermək istəmir. Qurumun mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev belə deyir:

«Nə təsdiq, nə təkzib edə bilərəm, nə də bu barədə açıqlama verə bilərəm».

Zülfüqarlı qardaşları «Bakı Poladtökmə», «Bakı Elektroştamp» zavodunun və bütünlükdə metal bazarında ciddi payın sahibləri olaraq Azərbaycanda böyük biznes şəbəkəsinə malik idilər. 2005-ci ildən başlayaraq əmlak ortaqları olan bu qardaşlar əmlaklarından məhrum olunmağa başladılar. 2005-ci ilin dekabrında «Bakı Poladtökmə» zavodunun direktoru Loğman Zülfüqarlı və «Bakı Elektroştamp» zavodunun direktoru Nurəddin Zülfüqarlı həbs olundular. Sonradan əmlaklarının böyük hissəsindən əl çəkməklə azadlığa buraxıldılar.

İndi zavod rəhbərliyi bu olaylardan sonra əraziyə nəzarət edən Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edib. Günün ikinci yarısı polis bölməsinin təhqiqatçısı və rəis müavini zavoda gəldilər. Fəhlələrin izahatları alındı. Rəis müavini isə mühafizə otağına keçərək yeni mühafizəçilərlə söhbətləşdi. Rəis müavini AzadlıqRadiosuna dedi ki, araşdırmalar başa çatmadan məlumat verilməyəcək.
XS
SM
MD
LG