Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:34

Tural Abbaslı ad gününü məhkəmədə keçirir


Tural Abbaslı ad gününü məhkəmədə keçirir
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00
Direct-ə keçid

Sentyabrın 12-də Səbail rayon məhkəməsinin qarşısında bir qrup şəxs Tural Abbaslının şəkillərini əllərində tutaraq şüarlar səsləndirdilər.

Sentyabrın 12-də Səbail rayon məhkəməsinin qarşısında bir qrup şəxs İctimai Palatanın 2 aprel aksiyasında saxlanılan və məhkəmə prosesi hələ də davam edənlərdən birinin- Tural Abbaslının fotoşəkillərini əllərində tutaraq «Tural bəy!», «Turala azadlıq!» və digər bu kimi şüarlar səsləndirdilər. Səbəbini soruşanda bəlli oldu ki, sentyabrın 13-ü Müsavat Partiyası Gənclər Təşkilatının hazırda həbsdə olan sədri Tural Abbaslının doğum günüdür.

AD GÜNÜ ÖZÜ İLƏ BİRLİKDƏ

Həbsdə olan oğlunun doğum gününü harada və necə qeyd edəcəyini öyrənmək üçün Turalın anası Başxanım Abbasova ilə söhbətləşdik:

- Biz ərizə ilə hakimə müraciət edib görüş almışıq, sabah Turalın ad gününü elə orada, özü ilə bir yerdə qeyd edəcəyik.

- Hansı yeməkləri bişirmək fikriniz var?

- Turalın ümumiyyətlə ən çox sevdiyi badımcan dolmasıdır. Yayda da həmişə badımcan dolması yeyir. Sabah ona həm şirniyyat, tort aparacam, həm də badımcan dolması. Özü də mən badımcan dolmasını başqa cür bişirirəm, ona görə daha çox onu sevir. Amma başqa xörəklər də olacaq.

- Başqa kimlər olacaq orada?

- İki qardaşı və mən. Çünki çox adama icazə vermirlər.

22 İLLİK YOL

- Neçə saat birlikdə ola biləcəksiniz?

- O baxır bizim oturmağımıza. Çalışacam bir az çox oturaq ki, Tural bir az çox olsun kameradan kənarda. Hər dəfə görüş alanda mən belə edirəm və 3-4 saat bir yerdə oluruq.

- Günlərin bir günü övladınızın doğum gününü təcridxanada qeyd edəcəyinizi ağlınıza gətirirdiniz?

İsa Qəmbər və Tural Abbaslı
- Mənim özüm də 22 ildir bu yoldayam. Hər şeyi düşünürdüm və hər şeyə hazır idim. Tural saxlanılanda da, ona cinayət işi açılanda da mən buna hazır idim ki, o azadlıqdan məhrum edilə də bilər, bu yolda ölüm də ola bilər. Bu, onun ideyasıdır.

TURALIN SEVDİYİ QIZ

- Nəsə bir hədiyyəniz olacaq Turala?

- Çox istərdim hədiyyə kimi sevdiyi qızı doğum günündə onun yanına aparım, amma mümkün deyil.

- Niyə mümkün deyil?

- Heç Tural özü istəməz ki, o qız həbsxanaya getsin, ona görə.

- Turaldan ayrılandan sonra evdə nəsə bir yığıncaq olacaq bu münasibətlə?

- Yox, düşünmürəm. Nə olsa, onun yanında olacaq. Evdə heç bir şey olmayacaq. Bizim evimizi uçurdublar.

Əhəd Məmmədli və Tural Abbaslı. Gənclərin görüşü.2010
NÖVBƏTİ AD GÜNÜ

- Bəlkə heç Tural mitinqə getməyəydi, indi də doğum gününü evdə qeyd edəydi?

- Təvazökarlıqdan kənar olmasın, əgər mənim xalqım yaxşı yaşamır, ona məxsus olan sərvətlərdən istifadə edə bilmirsə, ən azı bir insan kimi yaşaya bilmirsə, oğlumun başqa cür olması mənim üçün ən böyük bədbəxtlik olardı. Əgər burada bir oyanış, haqqını tələb etmək varsa, mənim oğlum da minlərdən biridirsə, mən bununla fəxr edirəm.

- Necə düşünürsünüz, Tural növbəti doğum gününü harada qeyd edəcək?

- Növbəti doğum günü müstəqil və demokratik Azərbaycanda, uçurdulmuş evimizin əvəzinə harada bizə ev versələr o evdə olar inşallah....

Tural Abbaslı daha 13 müxalifət fəalı ilə birlikdə İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiyada saxlanıb. Müxalifət fəalları ictimai asayişi pozmağa cəhddə, hakimiyyət nümayəndəsinə müqavimət göstərməksdə, mülki ziyan vurmaqda təqsirli bilinirlər.
XS
SM
MD
LG