Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:18

Azərbaycan vətəndaşı ən çox nədən şikayətçidir?


Foto: Arxiv
Foto: Arxiv
«Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin son hesabatı bu suala cavab almağa imkan yaradır.

«Son rübdə mərkəzlərimizə 930 müraciət daxil olub. Bunlardan 152-si Bakıdan gəlib».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına «Şəffaflıq-Azərbaycan»ın media və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Kənan Qasımov söylədi.

QALİB ÇIXA BİLƏRLƏR!

O dedi ki, ölkədə 5 mərkəzdə təşkilatın hüquqşünasları çalışır:

«Məqsədimiz korrupsiya ilə mübarizə aparmaqla yanaşı, vətəndaşlarda ona qarşı mübarizə əhval-ruhiyyəsi yaratmaqdır. Sübut etmək istəyirik ki, mübarizəni davam etdirsələr, qalib ola bilərlər. Bunun üçün imkanlar var. Sadəcə, ona qarşı getmək və hüququnu bilmək lazımdır. Mərkəzlərimiz vasitəsilə bu hüquqları vətəndaşlarımıza çatdırmağa çalışırıq. Bizim əsas məqsədimiz korrupsiya şahidlərinin və korrupsiya qurbanlarının bu mübarizədə rolunu artırmaqdan ibarətdir».

BAKIDA KİŞİLƏR FƏALDIR, GƏNCƏDƏ QADINLAR

Kənan Qasımov şikayətçilərin cinsinə, yaşına da diqqət ayırdıqlarını bildirdi:

«Qadınların ən çox müraciət etdikləri mərkəzimiz Gəncədir. Bakıda isə əksinə, 88 şikayət kişilər tərəfindən qəbul olunub, 64-ü qadınlardan. Bu da görünür mentalitetlə bağlıdır».

Bölgələrdə öz hüquqlarını bilməyənlərin daha çox olduğuna diqqət çəkən qonağımız kəndlərdə-- çayxanalarda, klublarda, insanların toplaşdıqları yerlərdə fəaliyyət göstərdiklərini söylədi:

«Çalışırıq özümüz onların yanına gedək».

GƏNCLƏR ŞİKAYƏTƏ MEYLLİ DEYİLLƏR

Kənan Qasımov mərkəzlərə daha çox müraciət edənlərin orta yaş həddinin 35-50 yaş arasında dəyişdiyini söylədi:

«Gənclərin faizi olduqca aşağıdır. Gənclər korrupsiya ilə bağlı müraciətlərə meylli deyillər. Görünür, problemləri həll etmək məsələsini valideynlərin üzərinə atırlar. Biz də daha çox gənclərin fəal olduğu sahələrdə, məsələn, təhsil sahəsində işləməyə çalışırıq».

ŞİKAYƏTLƏR HANSI SAHƏLƏRDƏN OLUR?

Kənan Qasımov ən çox məhkəmə sahəsindən şikayətlərin gəldiyini dedi:

Korrupsiya haqda karikatura
«Bu şikayətlərin sayı ümumi saydan 17 faiz yüksəkdir. Ötən rüb ərzində 190 şikayət qəbul olunub. Bu da 21 faiz təşkil edir. Daha çox məhkəmə qərarlarının icra olunmaması, hökm çıxarılarkən hakimlərin qərəzli olması önə çəkilir. Polislə bağlı da şikayətlər çox olur. Bir də ünvanlı sosial yardımla bağlı məsələlər barədə tez-tez müraciət edirlər. Kommunal sahələr də şikayət obyekti olur. Bu sahələr vətəndaşların gündəlik rastlaşdıqları sahələrdir. Odur ki, müraciət faizi daha yüksəkdir».

DAHA KİMLƏR ŞİKAYƏT ETMƏYƏ HƏVƏSLİ DEYİLLƏR?

Kənan Qasımovun fikrincə, sahibkarlar korrupsiya ilə mübarizədə aktiv deyillər:

«Avropada bu sahədə sahibkarların rolu daha yüksəkdir. Bizdə isə sahibkarlar bəzən çəkinirlər ki, qanuni yolla həll edəcəkləri məsələlər onlara daha çox problemlər yarada bilər».

6 İLDƏ NƏLƏR DƏYİŞİB?

Qonağımız layihənin başladığı 2005-ci ildən təşkilata 30 min müraciət daxil olduğunu bildirdi:

«İşə təzə başlarkən problemlərimiz var idi. Biz dövlət qurumlarına bu layihənin dövlətə dəstək, köməkçi olduğunu izah etməliydik. Bu, müəyyən vaxt apardı. 2005-ci ildə göndərilən müraciətlər cavabsız qalırdısa, artıq bu tendensiya müsbətə dəyişib. Dövlət qurumları göndərilən hər bir müraciətə cavab verirlər. Təbii ki, razı olduğumuz və razı qalmadığımız cavablar olur».

DÖVLƏT REYESTR XİDMƏTİNİN CAVABLARI BİZİ RAZI SALMIR

Kənan Qasımov bəzi qurumlarla işləməyin çətinliyindən də danışdı:

«Məsələn, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ilə bağlı hələ də problemlərimiz var. Göndərilən cavablar bizi qane etmir. Onu daha yüksək instansiyalara göndəririk. Biz isə problemi qurumun özü ilə həll etməkdə maraqlıyıq».

PROKURORLUQ MÜRACİƏTİ ŞİKAYƏT OLUNAN QURUMA GÖNDƏRİR

Verilişimizin qonağı daha bir misal çəkdi:

«Hər hansı korrupsiya faktı ilə bağlı Respublika Prokurorluğuna etdiyimiz müraciət təzədən şikayət olunan quruma göndərilir. Orada da bu problem bəzən həllini tapır, bəzən yox. Biz istərdik prokurorluğun korrupsiya ilə mübarizə idarəsi bu məsələni araşdırsın».

--Son vaxtlar başlayan korrupsiya ilə mübarizə tədbirləri təşkilatın işinə necə təsir edib?

--Təşkilat insanları hüquqları uğrunda mübarizəyə qalxmağa necə inandırır?

--Qonağımız hansı dövlət qurumları ilə işdən razı qaldıqlarını söylədi?

--«Şəffaflıq Azərbaycan» təşkilatına necə müraciət etmək olar?

«Can Bakı»nı elə bu səhifədən dinləyin.

XS
SM
MD
LG