Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:33

"Wikileaks"-dən yeni iddia “Bakıda Coca-Coladan 100 000 dollar rüşvət istənib”


Wikileaks-in banneri.
Wikileaks-in banneri.
"Wikileaks" saytı Azərbaycanda biznes mühitin problemləri və rüşvətxorluqdan bəhs edən daha bir neçə diplomatik teleqram yayıb. Saytın iddiasına görə bunlar 2008-ci ildə ABŞ-ın Bakıdakı səfirliyindən Vaşinqtona göndərilən teleqramlardır.

Həmin teleqramlardan birində qeyd edilir ki, iyunun 26-ı və 27-də ABŞ-ın İqtisadi və Biznes məsələləri üzrə Xüsusi Nümayəndəsi Bakıya səfəri zamanı bir-neçə biznes sahibi, beynəlxalq maliyyə qurumunun nümayəndəsi və o cümlədən də Coca-Cola şirkətinin təmsilçiləri ilə görüşüb.

Onların çoxu Azərbaycanda biznes mühitindəki problemlərə diqqət çəkib, onların mümkün həlli yollarını söyləyiblər.

100 000 dollar rüşvət tələbi və Mehdiyevə şikayətin aqibəti

Teleqramda yazilir:

Coca-Colanın Maliyyə direktoru və Təchizat Şəbəkəsi meneceri Azərbaycanda biznes mühitinin daha ciddi problemlərindən bəhs edib, bildiriblər ki, ölkədə infrastruktur çox zəifdir, məhsulların saxtalaşdırılması geniş yayılıb, institusional korrupsiya, monopoliyalar var.

Həmçinin bax:
Daha sonra sənəddə qeyd edilir ki, Coca-Cola öz zavodunun genişləndirilməsi üçün Bakı Şəhərsalma və Arxitektura İdarəsinə müraciət edib. 8500 manat dövlət rüsumu ödəyib. Amma zavodun genişləndirilməsi üçün onlardan 100 000 dollar rüşvət tələb olunub. Coca-Cola rüşvət verməkdən imtina edərək tikintilərini aparmağa cəhd göstəriblər. Amma buna imkan verilməyib.

May ayında Coca-Cola bununla bağlı Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə şikayət göndərib. Cavabında isə onlara ödədikləri 8 500 manat dövlət rüsumunu geri qaytarıblar.

Coca-Colanın nümayəndələri bunun səbəbini soruşanda onlara Bakı Şəhərsalma və Arxitektura İdarəsinin geri tarixdə imzalanmış iki məktubunu göstəriblər. Həmin məktublarda şirkətin tikinti planında qüsurlardan bəhs edilir. Bu qüsurlar haqqında Coca-Colaya birinci dəfə idi deyilirdi.

Şüşə istehsalına monopoliya cəhdi

Sənəddə daha sonra başqa sahələrdə olan korrupsiyadan da söhbət gedir. Məsələn, şüşə qabların istehsalından və qeyd olunur ki, butulka istehsalı üçün Cənubi Koreyadan xammal alan biznesmenlər Dövlət Gömrük Komitəsinin müdaxiləsindən sonra həmin xammalı ölkəyə gətirə bilməyiblər.

Az keçməmiş Azərbaycanda bir nəfər peyda olaraq bu xammalı daha ucuz qiymətə təklif edib. Coca-Cola ondan satış təklifi göndərməyi xahiş edib. Amma həmin adam göndərdiyi təklifində malın qiymətini yazmayıb. Onda Coca-Cola şübhələnib ki, bu adam həmin malın Azərbaycanda monopolisti olub da xammalı onlara daha baha qiymətə satmağa çalışır. Ona görə də bu adamdan xammal almaqdan imtina ediblər.

Bundan sonra Coca-Colanın Cənubi Koreyadan aldığı mal 28 gün Gömrük Komitəsindən buraxılmayıb. Sonunda da onlardan malın saxlanma xərci kimi hər günə 2000 manatdan 3000 manata qədər pul alıblar.

Saxta Cola?

Başqa bir epizodda saxta mallardan söhbət gedir. Belə ki, sənəddə yazılanlara inansaq, polis Gəncədə köhnə Cola butulkalarında saxta içkiləri müsadirə edib, amma onlar eyni saxta içkilərin başqa şəhərlərdə də peyda olacağını istisna etmirlər.

Beynəlxalq Maliyyə İnstitutlarının təmsilçiləri də ölkədə biznes mühitin buna bənzər mənzərəsindən bəhs ediblər.

"Wikileaks" keçən ilin əvvəlindən ABŞ-ın dünyanın müxtəlif ölkələrindəki səfirlərinin Vaşinqtona göndərdikləri teleqramlar olduğunu iddia etdiyi sənədləri yayır. Bu sənədlərdə səfirlərin işlədikləri ölkələrin rəhbərləri, o cümlədən Azərbaycan rəsmiləri haqqında tənqidi qeydləri də əksini tapır. Onların yayılması beynəlxalq qalmaqala səbəb olub. ABŞ belə sənədlərin yayılmasını qanunsuz adlandıraraq buna görə müttəfiqlərindən üzr istəyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG