Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:06

Masallının neft pullarına tamarzı kəndləri...


Ağabağır Əliyev
Masallı rayonunun Ninalov kəndinin yolu enişli-yoxuşludur. Yol boyu göz işlədikcə əkilməmiş sahələr uzanır. Ninalovun girəcəyində qoyun otaran bir şəxslə rastlaşdıq. Onun xahişi ilə ayaq saxlayıb dərdləşməli olduq. O, söhbət əsnasında özünü Ağabağır Əliyev kimi təqdim edir:

«Əkin əkmək sərf etmir, traktor baha gəlir. Məcbur olub mal-qara saxlayırıq. Traktor baha, məhsuldarlıq aşağı, suvarmaq olmur. Uşaqlarımın çoxu Rusiyadadırlar. Burda iş yoxdur. Dörd uşağım yoldaşı ilə, uşaqları ilə Tümendədir».

«UŞAQLAR MƏKTƏBƏ ÇƏKMƏ İLƏ GEDİR, MƏKTƏBDƏ ÇƏKMƏNİ AYAQQABIYA DƏYİŞİRLƏR»

75 yaşlı Ağabağır kişi ilə söhbətimizə kəndin digər sakini Şakir Əliyev də qoşulur:

«Məktəb qonşu Sığdaş kəndindədir. Yollar pis gündədir, uşaqlar məktəbə çəkmə ilə gedir, məktəbdə çəkməni ayaqqabıya dəyişirlər. İki qardaşım Rusiyadadır...».

Kəndə enirik. İlk baxışda diqqətimizi köhnə yaşayış evləri çəkir. Bu evlərin birinə baş çəkirik. Həyətdə evin sahibəsi Validə Eynullayeva bizi qarşılayır. O da söhbətə giley-güzarla başlayır:

«BİZDƏ HEÇ FELDŞER DE YOXDUR...»

«Yağış ki, yağır evinin üstünə, qab qalmayır ki, düzüm ora. 54-cü ildə bu ev tikilib. İmkan yoxdur, ərim də xəstədir, zəlildir, 3 ildir yeriyə bilmir, 5 uşağım var. Heç birisi burda yoxdur. Keçən il yoxlama gəldi, evin şəkilini götürdü, ancaq onlardan bir səs çıxmadı. Qaz vermirlər, qaz yoxdur. Odunu şələ ilə gətiririk, maşınla satanda alırıq. Oğlanlarım yoxdur, Rusiyadadırlar, çörək dalınca
Validə Eynullayeva
gediblər...».

Validə Eynullayeva kənddə məktəb və xəstəxananın olmadığını deyir:

«Biri ölsə, həkim yoxdur, gərək gedə Masallıya. Maşını olan xəstəni aparır, maşın olmayan da gərək pul ilə maşın tuta. Bizdə heç feldşer de yoxdur. Yoxdur imkanım, özüm də xəstəyəm. Mağazaya gedirsən, iki kilo qənd filan qədər edir. Onun kartofu var, onun soğanı var. Hamısı pulladır. Su içirik ha, bircə onun pulu yoxdur. Qalan hamısı pulnandır».

«QAZ XƏTTİNİ SOVET HAKİMİYYƏTİ DÖVRÜNDƏ ÇƏKİBLƏR»

Söhbətə Validə Eynullayevanın qonşusu Məmməd Qurbanov da qatılır:

«Kasıbçılıqdır, pensiya bizə çatmır. Başqa gəlir yoxdur. İş yoxdur işləyək. Sovet vaxtı 70 manat pul alardıq. O pul qurtarmırdı. İndi 70 manatı verirlər heç nəyə çatmır. İndi bir az pensiyaları qaldırdılar, o da çatmır. Hər şey qalxıb. Qaz xəttini sovet hakimiyyəti dövründə çəkiblər. Çoxunu oğurlayıblar, zay olub qalıb».

«KƏNDƏ 5 EV QALIB»

Ninalov kimi Masallı rayonunun başqa dağətəyi kəndlərində də vəziyyət əsasən acınacaqlıdır. Həmin kəndlərin sosial-iqtisadi vəziyyətini araşdıran jurnalist Mətləb Dadaşov deyir ki, bu yaxınlarda dağlar arasında yerləşən Dizo kəndində olub:

«NEFTDƏN GƏLƏN GƏLİR NƏ VAXT BU KƏNDLƏRƏ ÇATACAQ»

Mətləb Dadaşov
«Dizo kəndində bu dəqiqə 5 ev qalıb. Hamısı köçüb. Ora yol yoxdur. Qış oldu oraya vertolyotla da getmək olmaz. Ninalov kəndində isə 52 ev var. Onun 14-nün qapısında qıfıl asılıb. Elə ev yoxdur ki, orada Rusiyada yaşayan olmasın. Bu kənd Rusiyanın hesabına yaşayır. Neftdən gələn gəlir nə vaxt bu kəndlərə çatacaq? Ninalov kəndinə, Dizo kəndinə».

Mətləb Dadaşov deyir ki, Masallı rayonunun dağ kəndlərində yaşayış ağırdır. Belə şəraitdə insan bu kəndlərdə çox qala bilməz:

«İKİ KİLO QƏND ALMAQ ÜÇÜN 14 KİLOMETR YOL GETMƏLİSƏN...»

«Ninalov kəndində bir dənə də olsun mağaza yoxdur. Olsa, hamı nisyə mal götürər, ona görə də açmırlar. Ağabağır kişi tək qalıb burda, övladların hamısı Rusiyadadır. İki kilo çay almaq üçün 14 kilometr yol getməlidir. Yol da nə yoldur, özünüz bilirsiniz. Kəndlərin birinci problemi işsizlikdir. Tibb məntəqəsi yoxdur. Xəstəni ya at belində apara bilərlər, ya da apara bilməzlər. Dağətəyi kəndlər hamısı bu kökdədir, Rusiyanın hesabına dolanırlar».

«YOLLAR VƏ QAZ XƏTLƏRİ TƏMİR OLUNUB»

Ninalov kəndinə aparan yol
Sığdaş ərazi icra nümayəndəsi İsrafil Əliyev deyir ki, onların ərazisindəki kəndlərdə ümumilikdə 4700 adam yaşayır. Nümayəndəlik 4 kəndi əhatə edir. Ninalov da bu kəndlərdən biridir:

«Sığdaş kəndində qaz xətti təmir olunub. Lakin sayğaclaşmaya görə qazın verilməsi dayandırılıb. Qaz idarəsi həmin kəndə sayğac quraşdırandan sonra qazın verilməsi başlanacaq. Hər il kəndin mərkəzi yolu təmir olunur. Ərkivan-Mahmudavar yolunun əsaslı təmirinə başlanacaq. Sığdaş kəndin ətrafında olan kəndlərin də qazla təminatı nəzərdə tutulub. Sığdaş yolun tam təmiri gözlənilir. Ninalov kəndin mərkəzi yolu təmir olunacaq. Keçən il həmin kəndə yol açdıq. O yol çınqılla düzəldilib. Nəzərdə tutulub ki, qış ayları üçün bu yol yenə təmir olunsun...».

İcra nümayəndəsi deyir ki, yol təmiri üçün bələdiyyədən vəsait ayrılıb:

«TƏNBƏLLƏR Kİ, VAR...»

«Bizdə əsasən heyvandarlıqdır. Dağətəyi zona olduğu üçün heyvandarlıqla məşğul olurlar. Rusiyaya gedənlər də vardır. Etiraf etmək lazımdır. Hər yerdə olduğu kimi bizdə də Rusiyaya gedənlər var. Tənbəllər ki var, onlar məlumdur... Lakin yerdə qalanlar heyvandarlıq və əkinçiliklə məşğul olub dolanırlar. Təmirə ehtiyacı olan evlərin siyahısını Fövqəladə Hallar Komissiyasına təqdim etmişdim. Komissiya gəlib evlərə baxıb, dövlət necə etsə, biz də ona dəstək verəcəyik».

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTİ GÜNLƏRDƏ OXUYA BİLƏRSİNİZ:

Şirvan şəhəri: bazar monopoliyası

Tovuz rayonu: Üzüm bağlarında məhsuldarlıq niyə aşağı düşüb?
XS
SM
MD
LG