Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:38

Təzə bazarın köhnə dəllalları, qızılın qiyməti rekord həddə


Bakıda bazar
Bakıda bazar
TƏZƏ BAZARIN KÖHNƏ DƏLLALLARI

«Azərbaycan» qəzeti Bakının ticarət mərkəzlərindən birindən – «Təzə bazar»dan məqalə dərc edib.

Xaçmazlı Səfər Dadaşov deyir ki, bazarın qapısından içəri girən kimi köhnə dəllallar peyda olur: «Pomidorun kiloqramını 20-25 qəpiyə alırlar. Sonra malın əsl sahibi kimi 70-80 qəpikdən satırlar. Bizim etirazlarımız daha sərt təpki ilə qarşılanır, yüz bəhanə ilə bazara buraxılmırıq».

Bu bazarın adı «təzə» olsa da, satış ənənələri «nuh» əyyamından qalıb. Yenə də yumurtanın qiyməti 25-30 faiz artıb. Səbəbini soruşanda, satıcı qadın atmacasından qalmadı: «toyuqlar bizdən küsüb», - dedi. Amma öyrəndik ki, ölkənin quşçuluq sənayesi öz gücü ilə işləyir, yumurta tələbatının 90 faizi yerli istehsal hesabına ödənilir. Hər il Azərbaycanda 1 milyard ədəd yumurta yeyilir ki, bu da istehsaldan xeyli azdır. Statistika Komitəsinin verdiyi məlumatda deyilir ki, təkcə bu ilin yanvar ayında yumurta istehsalı 5.9 faiz çoxalıb. Deməli, günahı istehsalda axtaranlar yanılır. Yenə də günah süni qıtlıq yaratmaq istəyində olan işbazların - topdansatış məntəqələrini öz inhisarında saxlayan vasitəçilərin üzərində qalır.

Axı qiymətlərin düzgün tənzimlənməsinə nəzarət etməli dövlət qurumları da az deyil. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər keçirməklə nəticəni müzakirə edə bilər və ya təsərrüfat subyektlərini gizli sövdələşmədən çəkindirər. Haqlı olaraq bunu dövlət başçısı «kartel sövdələşməsi» adlandırmışdır. Belə açıq və ya gizli sövdələşmələr davam etdikcə bazarlarda, eləcə də digər topdansatış mərkəzlərində qiymət sıçrayışı bizi daha da
Qızıl
təəccübləndirəcək».

QIZIL REKORD HƏDDƏ BAHALAŞDI - 60 DOLLAR

«Yeni Müsavat» qəzeti: Dünyada bir unsiya (31 qram) qızılın qiyməti 1880 dollara qədər yüksəlib. Qiymətlərin bu həddə qədər yüksəlməsi tarixi rekord hesab edilir. Artıq bir qram qızılın qiyməti 60 dollardan baha satılır. Halbuki bir ay əvvəl qızılın qramı 48 dollar olub.

Qlobal maliyyə böhranı başlayan zaman İqtisadi və Sosial İnkişaf Mərkəzi Azərbaycan rezervlərinin bir qisminin qızılda saxlanılması təklifi ilə çıxış etmişdi. İqtisadçı-alim Vüqar Bayramov: «Təklif hökumətdə müzakirə edilsə belə, bu barədə qərar qəbul olunmadı. Azərbaycan rezervlərinin 70 faizi dollarda, qalan hissəsi avroda saxlanılır. Bu da rezervlərin idarə edilməsindən əldə olunan vəsaitlərin kəskin artmasına gətirib çıxarmayıb. Rezervlərin strukturuna nəzər yetirsək, rezervlər daha çox neft satışından əldə olunan vəsaitlər hesabına formalaşıb. Dövlət rezervlərinin idarə olunmasından əldə edilən gəlirlərin həcmi kifayət qədər azdır. Hesablamalarımız göstərir ki, böhran başlayan zaman rezervlərin bir qisminin qızılda saxlanmasına dair qərar verilsəydi, real həcm mövcud məbləğdən - 38 milyard dollardan çox olardı. Praktiki rezervlərin bir qisminin qızıla çevrilməsi barədə təklifin qəbul edilməməsi nəticəsində böhran başladıqdan sonra təxminən 10 milyard dollara yaxın potensial itki ilə üzləşilib».

BAYILDAKI SÜRÜŞMƏDƏN YENİ XƏBƏR

Bayılda sürüşmə
«Azadlıq» qəzeti: Bayıldakı sürüşmə zonasından 500-600 metr aralıda tikinti gedir. Tikinti işlərini isə «Azinko» şirkəti aparır. Fəhlələrlə söhbət zamanı məlum oldu ki, sürüşmə baş verən gün işlərini dayandırmayıblar:

«Bizə heç kim göstəriş vermədi ki, tikinti dayandırılsın. Hətta bizə rəhbərlik edən şəxs «yuxarı»yla əlaqə saxladı, məlum oldu ki, iş əvvəlki qaydasında davam etdirilməlidir».

«Azinko»nun apardığı tikinti işi Neftçilər prospektindədir. Qeyri-rəsmi məlumatlara görə, orada ticarət və əyləncə mərkəzi tikilir.

Əraziyə baş çəkdiyimiz zaman məlum oldu ki, Abid Şərifovun söylədiyi kimi 58 evin heç birinə baxış keçirilməyib. Sadəcə sakinlərə məlumat verilib ki, narahat olmaq üçün əsas yoxdur. Bir sözlə, insanlara deyilib ki, yaşamağa davam edin.

AMEA-nın Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov «Şərq»ə açıqlamasında sürüşmə zonasında tikinti aparmağın düzgün olmadığını söyləyib:

«Abşeron yarımadasında yağıntıların miqdarı çox olduğu üçün bu ərazilərdə tez-tez sürüşmə halları olur. İndi hazırda da Şəhidlər Xiyabanı yaxınlığındakı yamacdakı sürüşmə zonasında işləyirlər, düzəldirlər, ancaq bunların hamısı müvəqqəti olan şeylərdir. Doğrudur, əziyyət çəkirlər, vəsait ayırırlar, iş görürlər, ancaq bunun sonu yenə sürüşməyə tərəf gedir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG