Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:20

Siyavuş Novruzov Liviya barədə, bazardakı qiymətləri kim şişirdib?


«Şahdağ» Qış-Yay Turizm Kompleksi
«Şahdağ» Qış-Yay Turizm Kompleksi
ÖLKƏ TURİZMİNİN ŞAHDAĞ ZİRVƏSİ

«Azərbaycan» qəzeti:

«Azərbaycan Prezidentinin tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, dəniz səviyyəsindən 1300-3200 metr hündürlükdə, Şahdağ Milli Parkının ərazisində inşa edilən «Şahdağ» Qış-Yay Turizm Kompleksi Qusarın turizm potensialına böyük diqqətin konkret təzahürüdür.

«Şahdağ» Qış-Yay Turizm Kompleksinin tikintisinə 2009-cu ildə başlanıb. Müasir dünya standartlarına uyğun, dəniz səviyyəsindən 1300 metrlə 3200 metr arasındakı hündürlükdə yerləşən bu kompleks 2000 hektardan artıq bir sahəni əhatə edir. Qusar rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbrahimxəlilovla söhbətimizdə o dedi ki, ümumilikdə kompleks daxilində işlərin dörd mərhələdə aparılması nəzərdə tutulub. Yaşadığımız il birinci mərhələnin sonudur. İkinci və üçüncü mərhələlərdə qaldırıcılar şəbəkəsinin və mədəni idman qurğularının, kotteclərin, yeni xizək yollarının salınması və digər işlər daxildir…».

SİYAVUŞ NOVRUZOV LİVİYA BARƏDƏ

«Yeni Müsavat» qəzeti:

«Liviyada baş verən hadisələrin demokratiyaya heç bir aidiyyəti yoxdur. Hamı bilir ki, Liviya, Misir, Tunis, Suriyada baş verənlər dünyanın yenidən bölüşdürülməsi planının əsas tərkib hissəsidir». YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov «Mediaforum» saytına açıqlamasında belə deyib.

S.Novruzov hesab edir ki, müsəlman aləmində cərəyan edən proseslər həmin ölkələrin sərvətlərinin bəzi
Siyavuş Novruzov
Avropa ölkələri və ABŞ tərəfindən mənimsənilməsi və bölüşdürülməsinə xidmət edir:

«Liviya və Suriyanın beynəlxalq fondlarda olan bütün pulları, sərvəti dondurulub və mənimsənilir. Çünki Avropa ölkələri və ABŞ xərclədikləri bütün pulları Liviya xalqının belindən çıxaracaqlar. Onlar Liviyada demokratiya axtarmır, demokratiya qurulması gündəmdə olan məsələ deyil. Dünyanın təbii sərvətlərlə zəngin olan ölkələrindən biri də Liviyadır. Bunlar Liviyaya özünün təbii sərvətlərindən sərbəst formada istifadə etməsinə imkan verə bilməzdilər. Bu gün İraqın təbii sərvətləri iraqlıların deyil, başqa-başqa xalqların mənafeyinə sərf olunur. Liviyada da belə olacaq».

«Azərbaycanın Müəmmər Qəddafi hökumətinə müxalif Milli Şuranı tanıyacaqmı» sualına cavabında S.Novruzov deyib ki, tələsməyə ehtiyac yoxdur: «Bu xəmir hələ çox su aparacaq».

BAZARDAKI QİYMƏTLƏR 30 FAİZ SÜNİ ŞƏKİLDƏ ŞİŞİRDİLİB

«Azadlıq» qəzeti:

Yay mövsümündə qiymətlərin aşağı düşəcəyi gözlənilsə də, bu, baş vermədi. Hətta yayda tələbatın az olduğu məhsulların da qiymətlərində artım müşahidə olundu. Bunun əsas səbəbi də şübhəsiz ki, inhisardır. Qarşıdakı aylarda da ərzaqların qiymətinin artacağı gözlənilir. Gözlənilən qiymət artımı və digər məsələlərlə bağlı iqtisadçı-ekspert, sabiq nazir müavini Oqtay Haqverdiyevin mövqeyi ilə tanış olduq.

- Ekspertlər iddia edir ki, sentyabrda qiymətlərin yenidən bahalaşacaq. Sizin gözləntiləriniz nədən ibarətdir və bahalaşmada inhisarçıların rolu nə dərəcədədir?

Yumurta
- Bunu iqtisadçılar dəfələrlə deyib, hamı da bilir ki, Azərbaycanda inhisarçılığın səviyyəsi çox yüksəkdir. Ona görə də əlbəttə ki, qiymət artımı onların vicdanına bağlıdır. Qiymətlər süni olaraq artırılır. Hesablamalarıma görə, istehlak bazarında olan qiymətlər orta hesabla təxminən 30 faiz süni şəkildə qaldırılıb. Bəzilərində bir az çox, bəzilərində bir az azdır. Amma ümumilikdə götürəndə süni artım təxminən 30 faizdir. Sahibkar istəyir malını tez satsın. Ancaq inhisar olan yerdə sövdələşmə olur, özləri elə bir qiymət qoyur. Alıcılar da bunu almağa məcburdur. Ona görə də süni artımı mütləq inhisarçılar edə bilər. Başqa kimsə bunu edə bilməz. Səbəb inhisardır. 2003-cü ildən bu yana bu haqda danışılır, prezident də müşavirədə deyir, ancaq bununla məqsədyönlü mübarizə aparılmır.

- Yumurtanın qiyməti kəskin artanda, prezident səviyyəsində müzakirələr keçirildi. Ancaq bir müddət sonra qiymətlər yenidən artmağa başladı. Bunu inhisarçıların dövlətə meydan oxuması kimi qiymətləndirmək olarmı?

- Yumurtanın qiyməti qalxanda, prezident bu işə qarışdı. Onun iradı var idi ki, qiymətlər heç olmasa insaflı olsun. Bazar iqtisadiyyatında qiymətləri dövlət təyin etmir. Bunu bazarda tələb və təklif etməlidir. Amma ki, inhisarçılıq olan yerdə hansı qiyməti istəsələr, onu qoyacaqlar. Ayrı adamı bu bazara buraxmırlar. Yumurtanın «xozeyni» kimdirsə, o hansı qiymət qoysa, o qiymətlə də satılır. Prezidenti bu işə qarışdı, qiymət düşdü aşağı. Sonra yenidən artmağa başladı. Ancaq əlbəttə ki, bu administrativ metodla olmamalıdır. Elə bir iqtisadi şərait yaranmalıdır ki, həmin inhisarçılıq aradan götürülsün. Həm də istehlak bazarında rəqabət olmalıdır. Rəqabət olan yerdə məcbur olub qiymətləri aşağı salırlar. Rəqabət inkişafdır. Ümumi bazar iqtisadiyyatının tarixi, indiki vəziyyət də göstərir ki, rəqabət olan yerdə bütün sahələrdə inkişaf da var. Rəqabət olmayan yerdə inhisarçılıq öz yerini tutur.
XS
SM
MD
LG