Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:00

Lənkəran kəndlərində xüsusi nəqliyyat tarifləri...


Gəgiran kəndi
Gəgiran kəndi
Gəgiran Lənkəran rayonunun 84 kəndindən biridir. Dəniz səviyyəsindən min metr hündürlükdə yerləşir. Yolumuz oradır. Lənkəran şəhərindən Gəgirana gedən yol 40 kilometrə yaxındır. Gəgirana getmək üçün 10-a yaxın kəndin ərazisindən keçməli olduq. Yarım saatlıq yolu 3 saata getdik. Yol bərbad haldadır. Arabir yoldan keçib gedən «dağ» maşınlarını nəzərə almasaq, diqqəti cəlb edən hallara rast gəlmədik. Elə bil bu kəndlərdə həyat donub. Sonradan öyrəndik ki, bu kəndlərin cavanları yay aylarında Bakıya və digər şəhərlərə çörəkpulu qazanmaq üçün gedirlər...

KƏNDƏ GETMƏK ÜÇÜN YUXARILARDAN İCAZƏ...

Diryan kəndinə çatanda, qarşımıza bir nəfər çıxdı, əl ilə maşını saxlamaq işarəsi verdi. Bizə bildirdi ki, Gəgiran ərazi nümayəndəsinin müavinidir, yalnız icazə alandan sonra biz yolumuza davam etdirə bilərik. Harasa telefon etdi. Bir saata yaxın gözləməli olduq. Tapşırıq alandan sonra bizə bildirdi ki, hara istəyirik gedə bilərik. Özü də bizə qoşuldu...

Gəgiranla Diryan arasında yolu çox çətinliklə keçdik. Ərazi nümayəndəsinin müavini yanımızda olmasına baxmayaraq, kənd sakinləri problemlərdən danışmaqdan çəkinmirdilər. Diryan kəndinin kiçikyaşlı sakini Bəhriz deyir ki, təbii qazın nə olduğunu bilmirlər:

«XÖRƏYİ BİŞİRƏNDƏ ÇİLƏ YANDIRIRIQ, QIŞDA İSƏ ODUN»

Yerli sakinlərin «çilə» dediyi qurumuş nazik ağacların budağıdır. Azərbaycanın başqa bölgələrində qurumuş nazik budaqlara əsasən çırpı
Çayxana
deyirlər.

KƏNDDƏ ŞƏHƏR TƏRƏVƏZİ...

Gəlib Gəgiran kəndinə çatırıq. Bu kəndin yeganə çayxanasına baş çəkirik. Hər yerdə olduğu kimi bu dağ kəndində də adamlar vaxtlarını çayxanada «öldürürlər». Çayxananın daimi sakinləri işsizlikdən gileylənirlər. Yaxınlıqda olan, gildən hörülmüş «mağaza»da çox az mal satılır. Həm çayçı, həm də satıcı olan kənd sakini bizə bildirdi ki, əhali ən çox qaloş və çəkmə alır. Mağazada satılan meyvə və pomidor da Lənkəran şəhərindən gətirilib.

YAP üzvü - Gəgiran kənd sakini Əli Axundov deyir ki, adamların sosial vəziyyəti yaxşı deyil. 2001-ci ilə kimi Gəgirana avtobus işləyib. İndi adamları Lənkərana şəxsi maşınlar apardığından gediş haqqı bahadır:

«GƏGİRANDAN LƏNKƏRANA DA 5 MANAT, LƏNKƏRANDAN BAKIYA DA...»

«Bakıya avtobus bileti 5 manatdır, Gəgirandan da Lənkərana 5 manatdır. Halbuki, Lənkəranın istənilən kəndinə avtobus işləyir, gediş haqqı da 30-50 qəpikdir. Gediş haqqı baha olduğundan 80-90 nəfərin imkanı var ki, bu pulla şəhərə getsin. Buna da büdcə təşkilatlarında işləyənlərin, pensiyaçıların imkanı çatır».

Əli Axundov
XƏSTƏLƏRİ ŞƏHƏRƏ TABUTDA APARIRLAR

Əli Axundov kənd xəstəxanasında həkim olmadığını bildirdi. Bununla belə həkimsiz xəstəxanaya təcili yardım maşını verilib. Nəticədə hələ də xəstələri şəhərə tabutda aparırlar:

«Xəstəyə həkim gərək iynə vursun. Həkim isə yoxdur. Özümü müalicə etmək üçün kredit götürmüşəm. Lənkəranda kim ot, yarpaq yeyir ki, mən yeyim?».

Müsahibimiz sosial yardımın verilməsində də ədalətsizliyə yol verildiyini deyir:

«KİMİN İMKANI, MAŞINI VAR SOSİAL YARDIM ALIR»

«Ünvanı sosial yardımı hər kəs ala bilmir. Kimin imkanı, maşını var alır. Fağır-füqəra yardım ala bilmir».

Kəndin əkin sahələri boşdur. Sahələr əkilmədiyindən torpaq yararsız hala düşüb. Gözə az da olsa mal-qara dəyir. Kənd yolunda rast gəldiyimiz adamların əksəriyyəti danışmaq istəmir. Səbəbini soruşanda, deyirlər ki, bunun xeyri yoxdur.
Təbii qazın nə olduğunu bilmirlər
Kənd sakinlərindən bəziləri isə vəziyyətdən razılıq edirlər. Cahid Tahirov deyir ki, Azərbaycan müstəqillik qazanandan sonra kəndə xeyli irəliləyiş var:

«1969-CU İLDƏ BURA ƏRZAĞI VERTOLYOTLA GƏTİRİBLƏR»

«Yollar, Allaha şükür ki, xeyli düzəlib. Əvvəllər bura ərzağı traktorla, hətta 1969-cu ildə vertolyotla gətiriblər. Yol olmayıb. Şükür Allaha ki, dövlətimiz müstəqillik əldə etdikdən sonra yolumuz da bərpa olunub».

Kənd sakinlərin deməsinə görə, qış burada sərt və uzun çəkir. Qar yağandan sonra kənddən kənara çıxmaq olmur. Buna görə yay və payız aylarında qışa hazırlıq görülür. Əsasən ərzaq tədarük olunur. Hər ailə çörəklə özünü təmin edir. Demək olar ki, hər evdə təndir gördük.

İsmayıl Cəfərov
Gəgiran ərazi icra nümayəndəsi İsmayıl Cəfərov isə görülən işlərdən danışır. Kəndlərə elektron telefon xətləri çəkilib. Bir çox yerlədə içməli su problemi öz həllini tapıb:

«BƏZƏN BAKIDA İŞIQLAR KƏSİLİR, BİZDƏ YOX»

«Bəzən Bakı şəhərində işıqlar kəsilir, bizim ərazimizdə isə işıqlar yanır. Sayğac quraşdırılıb. Yolların asfaltlaşdırılması nəzərdə tutulub».

İcra nümayəndəsinin deməsinə görə, kəndə yolları asfaltlaşdırandan sonra sıradan çıxmış çay sahələri bərpa olunacaq. Bu da kəndlərdə işsizliyin azalmasına səbəb olacaq. O deyir ki, bu yaxınlarda avtobus məsələsi də düzələcək:

«Avtobus sahibi ilə görüşmüşəm. Bu yaxınlarda işə başlayacaq».

Gəgiran kəndi bizə keçmişi xatırlatdı. Buradakı evlər əsasən Sovet dövründə inşa edilib...

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTİ GÜNLƏRDƏ OXUYA BİLƏRSİNİZ:

Zaqatala: Bala haram qatmayanların çətinlikləri?
XS
SM
MD
LG