Məhəmməd Peyğəmbərə doğumundan 1422 il sonra şəxsiyyət vəsiqəsi hazırlanıb. Özü də bunu dindar insan,Türkiyənin Of vilayətinin müftisi Mehmet Genç düzəldib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, din xadimi hazırladığı sənədin ilk olması ilə qürur duyduğunu deyib:
"Bu dünyada bir ilkdir. İndiyə qədər heç kim belə bir şey fikirləşməyib. Bu, Ramazan ayına hesablanmış bir fəaliyyətdir”.
"Yəqin peyğımbər vəsiqədən razı qalıb"
Şəxsiyyət vəsiqəsindən 1000 ədəd düzəldilib. Onun maya dəyərinin 25 quruş (təxminən 12 qəpik) olduğunu deyən ideya müəllifləri “inşallah, Rəsulallah 1422 il sonra hazırlanan bu şəxsiyyət vəsiqəsindən mənəvi baxımdan məmnun olub” - deyə, qeyd ediblər.
Özünəməxsus pasportda Məhəmməd Peyğəmbərə Türkiyə Cümhuriyyətinin vətəndaşlıq nömrəsi də verilib. Bununla yanaşı, vəsiqədə Peyğəmbərlə bağlı bir çox məlumatlar da öz əksini tapıb.
Peyğəmbərin pasportunu düzəltmək bizə qalmayıb
Türkiyəli alimlər isə bu əməli düzgün saymırlar. Professor Bayraktar Bayraklı deyib ki, Həzrəti Məhəmmədin şəxsiyyət vəsiqəsi elə Qurani-Kərimin özüdür:
“Ayrıca bir sənədin hazırlanmasını mənası yoxdur. Lazım olsa, bunu ancaq peyğəmbərin ailəsi, qəbiləsi - ərəblər edə bilərdi. Bu iş bizlik deyil”.