Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:54

Orta əsrlər Şəmkirinə səyahət


Arxeoloji qazıntı zamanı üzə çıxan köhnə şəhər
Arxeoloji qazıntı zamanı üzə çıxan köhnə şəhər
Şəmkir rayonunun Muxtariyyə kəndindən Keçili kəndinə gedən yolun sağında zamanın sınaqlarından keçmiş qala divarları görünür. Qala divarlarının arxa tərəfindən də Şəmkir çayı axır. Üzərini ot basmış divarlarda iri oyuq və uçuqlar var. Qalaya yaxınlıqda yaşayış evləri yoxdur. Amma xeyli uzaqdan belin, külüngün və sanki şagirdlərə dərs deyən müəllim səsi eşidilir. Müzakirələr gedir.

Qala divarının üst hissəsinə qalxanda məni buralara gətirib çıxaran köhnə şəhər yeri görünür. Bura «Orta əsr Şəmkir şəhər yeri», «Şəmkir qalası»dır.

ARXEOLOJİ QAZINTI İŞLƏRİ...


2007-ci ildən burada arxeoloji qazıntı işlərinə başlanıb. İllərin zəhməti bəhrəsini verib. Şəmkir qalası artıq öyrənilir. Bizə bu qədim tarixi məkanda bələdçilik edən Şəmkir Arxeoloji Ekspedisiyasının rəhbəri Tarix Dostuyev qazıntılar zamanı əldə olunan nəticələrdən danışır. Təssüflə deyir ki, belə tarixi dəyərə malik məkanda çoxdan arxeloji qazıntılar aparılmalı idi:

«Orta əsrlərə aid Şəmkir şəhəri haqqında tarix kifayət qədər məlumat verir. Məşhur ərəb tarixçisi Əlbərəzuri «Fəthər» tarixi əsərində qeyd edir ki, ərəb işğalı zamanı Şəmkir qədim şəhər hesab olunurdu. İlk yoxlama qazıntısı 2006-cı ildə baş tutub. AMEA-nın bu qazıntıları şəhərin 8-13 əsrədək intensiv həyat keçirdiyini göstərib. 2007-ci ildə AMEA Etnoqrafiya İnstitutu, Regionların İnkişafı İctimai Birliyi və Mədəniyyət və Turizim Nazirliyinin birgə layihəsi ilə Şəmkir şəhər yerində geniş miqyaslı arxeoloji qazıntılar aparılır. Ekspedisiyanın qarşısına qoyulan məqsəd şəhərin istehkam tikililərinin tədqiqi xarakterinin müəyyənləşməsi Narın qala və Şəhristanda mədəni təbəqə qatlarının öyrənilməsidir».

NARIN QALA, ŞƏHRİSTAN VƏ RABAT


Tarix Dostuyevin deyir ki, arxeoloji qazıntılar aparılan yerdə 3 hissəli şəhər tipi olub. İnzibati idarəçiliyin mövcud olduğu Narın qala, qala divarları ilə hasarlanmış Şəhristan və qala divarlarının arxasında salınmış məhəllələr olan Rabat hissəsi. Arxeoloq deyir ki, araşdırmalardan qənaətə gəlinir ki, Şəmkir istehkamları - Aran hərb memarlığının incisidir.

ŞƏMKİR İSTEHKAMLARI


Tarix Dostuyev:
«Bu memarlıq məktəbi artıq 11-ci əsrdə formalaşır. Burada qarışıq hörgü aparıcı olub. Bişmiş kərpic, çay daşı və yeri ağ daş. Bir tərəfdən divarların möhkəmliyinə nail olublar. Digər tərəfdən isə yaraşıqlı olmasını təmin ediblər. Göy qırmızı və ağ rənglərin ritmik dəyişməsi göz oxşayır».

Dostuyevin sözlərinə görə, hələlik 1 hektar ərazidə aparılan qazıntılarda monimental bina tapılıb. Saray tipli bina orta əsrə aid qəsr divarları ilə əhatə olunub:

Tarix Dostuyev
«Salonun uzunluğu 20-25 metrə çatır. Hazırda ayrı- ayrı otaqları öyrənməkdəyik. Salonun 7 sütunu var. Və salona 5 qapı açılır. Şübhəsiz ki, bu ictimai binadır və saray tiplidir. Qazıntılar olan hissədən açılmış yollar sanki insanı başqa dünyaya aparır. Hər şey indiki zamandan fərqlənir. Tapılan şəhər yerində işçilər də ehmalca hərəkət edirlər ki, illərin mirası zədələnməsin. Uçqun vəziyyətdə olması ehtimal edilən yerlərə keçmək qadağan edilib. Arxeoloqların genişləndirib aça bildiyi yerlərdən Karvan yolu hesab edilən döngə uzanır».

Tarix Dostuyev deyir ki, burada da fərqli memarlıq üslubundan istifadə edilib. Onun fikrincə tapılan bu yol Böyük İpək yolu üstə yerləşən Şəmkirdə həmin dövrdə böyük ticarətin olmasını təsdiqləyir.

2400 İL ƏVVƏLƏ MƏXSUS QƏBİR


Ərazidə 2400 il əvvələ məxsus qəbir tapıldığı deyilir. Qəbir yaşayış yerinin bünövrəsinə doğru dərin qatlarından çıxıb. Arxeooq digər tapıntılardan danışır:

«Bu ilin may ayında 6-cı qazıntı sahəsində torpaq qəbiri tapılıb, gənc qadının qəbiri idi. Tək-tək tapıntılar bizi hətta erkən əkinçilik mədəniyyətinə aparır. Oraq dişləri olan lövhəciklər tapılıb. Absidiyan nüvə tapılıb».

(Orta əsr kitabları da yazır ki, Şəmkir yaşayış yeri 14-cü əsrdə monqolların istilaları zamanı tamamən yararsız hala düşüb. G.R).

ÇOXQOLLU KANALİZASİYA XƏTTİ

Qazıntı işləri zamanı tapılan saxsı qablar
Tarixi mənbələrə görə, Monqol istilaçıları Şəmkiri dağıdandan sonra 14-cü əsrdə onu bərpa etmək istəyiblər. Bu cəhd uğursuz olub. Şəhərin mövcudluğu üçün lazım olan sosial baza tam dağıdılmışdı.

Tarix Dostuyev:

«İstehkamları öyrənəndə məlum olur ki, şəhər paralel divarla möhkəmləndirilib. Onların arasındakı məsafə 10 metrdir. Şəhərin Rabat hissəsində kəhriz xətləri üzə çıxarılıb. Daxilində çoxqollu kanalizasiya xətti çıxarılıb. Eni 44 , hündürlüyü 49 santimetr. Belə məhəllə kanalizasiya xəttini 6-cı qazıntı sahəsində 18 metr sahədə öyrənmişik».

Arxeoloq deyir ki, abidə kifayət qədər dağıntıya məruz qalıb. Odur ki, qazıntılar zamanı böyük zəhmət çəkməli olublar. Hazırda isə məhv olmaq üzrə olan yerlərdə bərpa işləri də aparılır:

«Üzə çıxarılan memarlıq qalıqlarının eləsi var idi ki təcili bərpa edilməli idi. Narın qalanın şərq divarı konservatisya olunub».

İLİN SONUNA KİMİ...

Tarix Dostuyevin sözlərinə görə, qazıntılarda əldə olunmuş tapıntılar qeydiyyata alınır və bəzi hissəsi Tarix Etnoqrafiya Müzeyində, bəziləri isə Şəmkir rayonundakı bazada saxlanılır. Onun deməsinə görə, ilin sonunadək 100-dən çox eksponatın Tarix muzeyinə verilməsinə planlaşdırılır.

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTİ GÜNLƏRDƏ OXUYA BİLƏRSİNİZ

Naxçıvan: Muxtar respublikada futbol niyə yoxdur?
XS
SM
MD
LG