Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:09

Qalib Arif "Dağlar və qartallar" (Hekayə)


Quş-qayanın qarlı başı ağ buludlarla örtülmüşdü, aşağıdan baxanda qarla bulud sanki birləşir, dağın başında sehirli bir çalma yaradırdı.

Dağın ətəklərindən yavaş-yavaş duman qalxırdı, aşağılardan, dərələrin dərinliyindən axan çayın şırıltısı sanki dumana qarışıb ətrafa yayılırdı.
Ağbaş iri qanadlarını açıb əngin səmalarda asta-asta süzürdü.

O, demək olar ki, qanad çalmırdı və aşağıdan baxan hər kəs bu nəhəng qartalın ova çıxdığını, ona görə də asta-asta süzüb ov güddüyünü zənn edərdi.

Amma belə deyildi - indicə qayadan qalxıb uçan, sonra daş kimi yerə düşən dağ kəkliyi, yamaclarda, otların arasında arabir gözə dəyən çöl siçanları Ağbaşı qətiyyən maraqlandırmırdı. Nə qədər uzağa uçsa da, nəhayətsiz göylərə baş vursa da,

Quş-qayanın başına fırlanmaqda davam edirdi. Yazın gəlməsinə, havaların qızmasına baxmayaraq, Quş-qayanın başı, döşü, yamacda bitən meşələrə qədər qarla örtülü idi.

Ağbaş onu məşğul edən ağır fikirlərdən ayrılıb arabir aşağı, doğma yurduna baxır. Onun iti gözləri yerdə hər şeyi, hər otu, çınqılı seçir, o, təəssüflə fikirləşir ki, bir vaxt buraları dolduran quşlar, heyvanat indi yoxa çıxıb, arabir gözə dəyir. «Bəlkə Göygöz haqlıdır? –Yox, yox!»
Günəş yavaş-yavaş qərbə doğru əyilməyə başlayır, öz gündəlik marşrutunu sona çatdırmağa tələsir.

Ağbaş da tələsir, kəskin hərəkətlə Quş-qayaya tərəf dönür, iri, güclü qanadları onu sürətlə mənzil başına aparır.

Quş-qaya getdikcə yaxınlaşır, bir azdan onun qarla örtülü talanı xatırladan başı görünür.

Ağbaş qürub etməkdə olan günəşin şüaları altında almaz kimi parıldayan bu talanın üstündən keçir, aşağıdakı yarğanın güney tərəfinə istiqamət alır. Burada artıq onu gözləyirdilər.

Yeddi-səkkiz qoca qartaldan ibarət olan Ağsaqqallar şurası həmişəki kimi öz yerini tutmuşdu. Onların bozarmış lələkləri əvvəlki rəngini və parlaqlığını itirmişdi.

Zəifləyib gücdən düşmüş əzələləri artıq iri qanadlarını yığıb saxlaya bilmir, ona görə də qoca qartalların qanadları sallanıb yerə dəyirdi.

Ağsaqqallarla üzbəüz əlliyə yaxın cavan qartal mövqe tutmuşdu. Onlar başlarını dik tutub qanadlarını səliqə ilə böyürlərinə sıxmışdılar.

Bir az aralıda 15-20 qartaldan ibarət başqa bir qrup durmuşdu. Ağbaş yuxarıdan bu qruplaşmanı təəssüflə seyr edib köksünü ötürdü.

Yarğanın üstündə bir-iki dövrə vurub onların yanına qondu, səliqə ilə qanadlarını yığıb ağsaqqalların sağ tərəfində ailə başçısının yerini tutdu. Ağsaqqallar məclisin başlandığını xəbər verdilər.

Ağsaqqallarla üzbəüz dəstədən qara lələkləri gün işığında bərq vuran yaraşıqlı bir qartal irəli çıxdı.

Başında dağ qartallarına xas olan ağ lələklər görünürdü, onu fərqləndirən əsas cəhət gözlərinin pişik gözü kimi göy rəngdə olması idi. Göygöz bir az dayanıb səs-küyün kəsilməsini gözlədi, sonra sözə başladı:

- Qardaşlar! Bu gün bura yığılmağımızın səbəbi hamıya aydındır. Dağlara bəla gəlib, burda yaşayan hər cür quş, heyvanat yoxa çıxıb. Vəziyyətimiz getdikcə ağırlaşır, bizi aclıq təhlükəsi gözləyir. İndi yazdır, biz yuva qurmalı, bala çıxarmalıyıq. Deyin görək, balalarınıza nə yedirdəcəksiniz, özünüz yeməyə bir şey tapmırsınız?! Yaxşı, tutaq ki, birtəhər, min əziyyətlə balalarınızı uçurdunuz, axı, sizi yeni müsibət və məşəqqətlər gözləyir. Qışın soyuğu, yayın istisi, acanda yem dərdi, susayanda su dərdi - bir sözlə həyat uğrunda daim şiddətli çarpışma. Bu dağlar nə qədər müqəddəs olsa da, biz boynumuza almalıyıq ki, vəziyyətimiz burda ağırdır, çox ağırdır. Biz çarə tapmalı, bir tədbir tökməliyik.
Bizim dağların günbatan tərəfində, burdan iki günlük yolda böyük dağlar qurtarır, böyük düzənlər başlayır. Bu düzənlər başdan-başa hündür ağaclı sıx meşələrlə örtülüdür. Bu meşələrdə quşun, heyvanatın əlindən tərpənmək olmur. Ağacların budaqları quş yuvaları, dibi isə çöl siçanları ilə doludur. Hər ağacın altından bir bulaq qaynayır. Meşələrdə ceyran, cüyür sürüləri sakit-sakit otlayır. Uca ağaclar yayda yandırıcı şüaların, qışda dondurucu küləklərin qarşısını alır, meşələrin qışı mülayim, yayı sərin keçir. Mən təklif edirəm ki, biz qışda soyuğun dondurduğu, yayda istinin yandırdığı bu sərt qayalardan əl çəkək, birdəfəlik düzənmeşələrə köçək. Orada biz yem problemini tamamilə həll edərik, təhlükəsizliyimizi də birdəfəlik təmin edərik. Bu meşələr qoruq elan olunub və insanlar tərəfindən qorunur. Biz özümüzdən daha güclü, daha ağıllı insana pənah aparmalıyıq.
Bol yemək, yaxşı şərait dalınca getmək günah deyil, bu, canlıların həyat uğrunda mübarizə formalarından biridir. Bir çox quşlar - zəif qaranquşlardan tutmuş güclü qu quşlarına kimi - qış düşüb yem qıtlığı olana qədər uçub isti ölkələrə gedirlər. Canavarlar öz doğma yuvalarını tərgiyib maral və ceyran sürülərinin dalınca uzaq dağlara və düzənlərə səpələnirlər. İnsan, bəli, yer üzünün Allahı insan doğma yurdunu, ata-babalarının qəbirlərini qoyub yaxşı güzəran, bol yemək dalınca gedir. Budur, Quş qayasının ətəklərində yerləşən bir neçə kənd boşalıb. Bu kəndlərin əhalisi sərt dağları buraxıb mülayim düzənliklərə köçür. İnsan təbiətin yetişdirdiyi ən ali varlıqdır, o, iti düşüncəyə, dərin təfəkkürə malikdir. Biz insanlardan nümunə götürməliyik. Biz yaddan çıxarmamalıyıq ki, insanlar Böyük yaradanın - başını batmaqda olan günəşə doğru çevirdi - yer üzündə elçiləridir, insanlar yer üzünün allahlarıdır.

Burda Göygöz bir anlıq sözünə ara verdi, üzünü tərəfdarlarına çevirdi. Həm nəfəsini dərmək, həm də onların fikrini bilmək istəyirdi.

Razılıq dolu baxışları, hayqırtıları görüb daha da ürəkləndi, başını dik tutdu, göy gözlərini Ağbaşa zilləyib qətiyyətlə bəyan etdi:

- Bizim fikrimiz qətidir: nə qədər ki, acından ölməmişik, nəslimiz kəsilməyib, bu sərt dağları buraxıb mülayim meşələrə köçməliyik. Ailəmizin hazırkı başçısı Ağbaş özü də bizə mane ola bilməz.O, Ağsaqqallar şurasının razılığı olmadan heç bir qərar qəbul edə bilməz. Ağsaqqallar isə ailənin fikri ilə - bizim fikrimizlə hesablaşmalıdırlar.
Göygözün çıxışı məclis üzvlərinə möhkəm təsir etmişdi. Onun dəstəsi öz liderlərinin səsinə səs verir, sözlərini hay-küylə təsdiq edirdilər. Ağbaşın tərəfdarları isə gözlərini ona dikmişdilər, onun sözünü eşitmək istəyirdilər. Ağbaş üzünü ağsaqqallara tutub söz istədi, irəli çıxdı.
- Deyirlər, çox danışmaq əqlin azlığına, yalan danışmaq iradənin zəifliyinə dəlalət edir. Odur ki, mən çox danışmayacağam, ancaq Göygözün cavabını verməliyəm. Göygöz bizi baş əyməyə, bizdən daha yüksək olan insana pənah aparmağa çağırır. O, yaddan çıxarır ki, insan nə qədər yüksək olursa-olsun, onun gözləri daim göylərdə, biz qartallardadır. Mən hələ insanın əngin səmalarda nöqtə kimi görünən qartallara baxan, qibtə ilə dolu gözlərində göz yaşı da görmüşəm.
Qartalın qartallığı ondadır ki, azaddır, heç kimə baş əymir. Əgər biz insana pənah aparsaq, ona baş əysək, onda bizim toyuqdan fərqimiz nə olar?! Axı, toyuqlar da bir vaxt azad quş olmuş, insana pənah apardıqdan sonra aciz toyuğa çevrilmişlər.
Göygöz deyir ki, insanlar yer üzünün allahlarıdır. Yox, mən bununla razı deyiləm. Allah sözünün əsl mənası ali, nöqsansız deməkdir. İnsan isə bizim kimi, nöqsanlardan xali deyil. Allah Böyük yaradanın - Ağbaş başını qürub etməkdə olan, üfüqləri qan rənginə boyamış günəşə çevirdi - adlarından biridir. Böyük yaradan isə heç bir canlıya öz keyfiyyətlərini tamamilə vermir, o, heç kimi incitmək istəmir, ədalətlə hərəyə bir keyfiyyət bəxş edir. Böyük Yaradan insana dərin düşüncə, iti söz veribsə, bizə uçan qanad, iti göz verib. İnsana təfəkkürün dərinliyini bəxş edibsə, bizə də səmanın ənginliyini bəxş edib.
Göygöz bizim Quş-qayanı sevmir, onun sərt təbiətini düzənliklərin mülayim iqliminə dəyişmək istəyir. Bizim dağların sərt iqlimində bitən hər hansı çiçəyi aparıb düzənlikdə əkmək olar. Ancaq şübhəsiz ki, bu çiçək məhv olar. Çünki onun kökləri dağlara bağlıdır, vətənə bağlıdır.
Göygözün fikri bu kökləri qırmaq, qartalı dağlardan ayırmaqdır. Bu isə xəyanətdir, Quş-qayanın qartallarına qarşı xəyanətdir. Mən sözümü tamamlayıram, ailəmizi onu dağlara, vətənə bağlayan kökləri qırmamağa çağırıram.

Ağbaşın sözlərini onun tərəfdarları böyük hərarətlə qarşıladılar. Göygözün tərəfdarları isə öz narazılıq səslərini ucaltdılar. Dəstələr qarşı-qarşıya dayandı. Bir az da keçsə, ara qarışacaq, Quş-qayanın qartalları bir-birinə qənim kəsiləcəkdi. Bu zaman batmaqda olan günəşin son şüaları altında bozarmış lələkləri tutqun rəngdə görünən qoca qartalların ən qocası irəli çıxdı. Qartallar nə qədər qızğın olsa da, nə qədər gözlərini qan tutub nəcib hisslərini söndürsə də, onlarda əcdadlardan qalma ağsaqqala hörmət hissi var və bu hissi heç bir qüvvə öldürə bilməz. Ağsaqqal ortaya çıxan kimi səs-küy kəsildi, hər dəstə öz yerinə çəkildi. Qoca qartal qocalara məxsus təmkinlə sakitlik bərpa olununca gözlədi, elə bu təmkinlə də sözə başladı:

- Quş-qayanın yaşını heç kim deyə bilməz. Onun yaşını hesablamaq üçün nə dağların qarları, nə də düzənliyin otları kifayət etməz. Dünyanın tarixi iki böyük Xaliqin, Böyük yaradanla - qoca qartal başını qan rəngli üfüqlərdə boğulmaqda olan günəşə çevirdi - dağıdıb məhv edən Zamanın mübarizə tarixi olmuşdur. Yaradan bir ucdan yaratmış, Zaman bir ucdan dağıdıb məhv etmişdir. Quş-qayada qartalların sayı bəzən artıb yüzlərlə, bəzən də azalıb onlarla olmuşdur. Aclıq və bolluq, sərt qış və bərəkətli yay daim bir-birini əvəz etmişdir. Quş-qayanın qartalları isə heç zaman məhv olmamış, Böyük yaradanın iradəsilə Zamanın hökmünə qarşı durmuşlar. Bunun səbəbi birlikdədir, bunun səbəbi Vətənə bağlılıqdadır. İndi Göygöz bu birliyi pozmaq, qartalları Quş-qayaya bağlayan bu minillik bağları qoparmaq istəyir. O, deyir ki, Quş-qayanın iqlimi sərt - qışı soyuq, yayı istidir, yaşamaq üçün, bala çıxarmaq üçün əlverişli deyil. Lakin bizim nəslimiz min illərdir ki, bu dağlarda yaşayır, bu iqlimə uyğunlaşıb. Ağbaş haqlıdır, qartal dağ çiçəyi kimidir, onu düzənliyə aparsaq, kök tutmaz, məhv olar.

Göygöz deyir ki, indi bizim dağlarda quşların, heyvanatın sayı azalıb, ov etmək günü-gündən çətinləşir. Ancaq o, qartal kimi sinə gərmək, çarpışmaq əvəzinə, meydandan qaçmaq, öz vətənini tərk etmək, əsarətə getmək istəyir. Mən artıq qocalmışam, gözlərim ov seçmir, qanadlarım sözümü eşitmir. Ancaq mən bircə gün əsarətdə yaşamaqdansa, bu dağlarda ölməyi üstün tuturam.
Artıq hamıya aydındır ki, Göygöz bizim ailəni parçalamaq istəyir, bu isə sözsüz xəyanətdir. Doğrudur, Ağbaş bu barədə dedi, amma dərinə getmədi. Məncə, bunun kökləri çox dərinə gedir. Göygöz təmiz dağ qartalı deyil, onun damarlarında ağbaşlı dağ qartallarının qanı ilə yanaşı göygözlü düzən qartallarının qanı axır. Bunu cavanlar bilməsə də, biz qocalar bilirik, onun göy gözləri buna sübutdur.Odur ki, onu özündən asılı olmayaraq düzənlik çəkir. Düzən qartalları insanlara çox yaxın olduqlarına görə onların dəhşətli xəstəliyinə - liderlik xəstəliyinə tez yoluxurlar. İndi Göygöz də bu xəstəliyə yoluxub, odur ki, ailəni parçalamaq, özü başçı olmaq istəyir. Bizim ailəni Ağsaqqallar şurasının dəstəyi ilə başçı idarə edir, şuranı isə qartallar seçir. Ailənin başçısını isə biz seçmirik, ailənin ən güclü, ağıllı, cəsarətli oğulları açıq mübarizədə bu vəzifəyə layiq olduqlarını göstərməlidirlər. Qocaların yaddaşı zəif olur, amma mən Göygözün belə bir mübarizədə Ağbaşa məğlub olduğunu unutmamışam.
Mən sözümün sonunda demək istəyirəm ki, bu dağlarda hər bir dərə bir qartal məzarı, hər bir qaya bir qartal yuvasıdır. Biz məzarlarımızı yalqız, yuvalarımızı sahibsiz qoya bilmərik. Ağsaqqalların qərarı belədir.
Ağsaqqalın çıxışından sonra ortaya sükut çökdü. Göygöz bu sükutdan istifadə edib məclisin qaydasını pozdu, icazəsiz irəli çıxdı. Ağbaş vəziyyəti gərginləşdirməmək üçün dillənmədi.
- Ağsaqqalların mənim təklifimi qəribçiliyə salacağını bilirdim. Axı, qocalar mühafizəkardırlar, hər bir yeniliyin əleyhinə olurlar. Onlar yuva qurmayacvq, bala çıxartmayacaqlar, ona görə də aclıq onları maraqlandırmır. Onlar tezliklə həyatdan köçəcəklərini bilirlər, ona görə də hər dərəsi bir qartal qəbri olan bu sərt qayalıqlardan əl çəkmək istəmirlər. Olsun ki, dağlardan düzənlərə iki günlük yolu qət etməyəcəklərini bilirlər. Onların sözündən belə çıxır ki, guya mən ancaq özümü düşünürəm, ailəyə isə xəyanət edirəm. Mənim gözlərim göy olsa da, iti, qanadlarım güclüdür. Mən hələ bir dəfə də ovdan boş qayıtmamışam. Mən ancaq öz ailəmi düşünürəm, onu xöşbəxt gələcəyə aparmaq istəyirəm və aparacağam. Doğrudur, mən də Ağbaş kimi ailə başçısı olmaq uğrunda mübarizə aparmışam, lakin bu, öz qüvvəsinə inanan hər bir qartalın haqqıdır və bu haqqı heç kəs bizim əlimizdən ala bilməz. Ağbaş bizə mane olmaq istəyir, o, düzənliyə köçməyin əleyhinədir. Çünki orada yemək boldur. Yeməyin bol olduğu yerdə isə ailə sərbəst olur və başçı səlahiyyətdən düşür. Onu qorxudan da budur.
Amma biz, Ağbaşın da, ağsaqqalların da dediyi kimi, azad qartallarıq, gələcəyə aparan yolu özümüz seçə bilərik və artıq seçmişik. Biz sabah sübh açılmamış, göylər göllər rənginə boyanmamış günbatana doğru yola düşəcəyik. Məni istəyənlər mənimlə gedir. Bizimlə getməyi Qızıl-qayanın bütün qartallarına təklif edirik. Biz ovun yoxa çıxdığı bu sərt qayalıqların əvəzinə onlara quşla, heyvanatla dolu zəngin meşələr vəd edirik. Biz bütün qartallara bolluq, əmin-amanlıq, qorxusuz bir gələcək vəd edirik.

Məclis öz işini qurtaranda gün artıq batmışdı. Səma mavisini itirib tutqun bənövşəyi rəngə boyanmışdı. Bir azdan dağlar zülmətə qərq olacaqdı. Quş-qayanın qartalları üçün bu zülmət çox çəkəcəkdi. Axı, xəyanətin zülməti bəzən elə qatı olur ki, onu həqiqətin məşəli yara bilmir...
Cavan qartalların çoxu Göygözün tərəfində idi.

Bunlar hələ bərkə-boşa düşməmiş, iliklərinə vətən sevgisi hopmamış, fikirləri gözləri kimi iti olmayan dəliqanlılar idi. Onlar yüngül həyat, macəra dalınca gedirdilər. Bilmirdilər ki, həyatda yüngül şey olmur, nə qədər yüngül alsan, bir o qədər ağır qaytarmalı olursan. Onlar ailənin gələcəyi idi, amma Ağbaş onları zorla saxlamaq istəmirdi. Çünki bilirdi ki, bir şey çıxmayacaq, könülsüz sevginin şikəst balası olar deyirlər.

Səhər günəş aləmi nura qərq edib Quş-qayanı salamlayanda, onun səmaları artıq boş idi. Quş-qayanın cavan qartalları uçub getmişdi. Ağsaqqallar və Ağbaşın on beş - iyirmi tərəfdarı Quş-qayada qalmış, Göygözün xəyanətinə aldanmamışdı. Qızıl-qaya qartallarının tarixində ən ağır, ən çətin səhifələr başlanırdı. Həyat uğrunda mübarizə artıq kökü kəsilməmək uğrunda çarpışmaya çevrilirdi. Bu isə böyük təbiətin özünə meydan oxumaq demək idi...

İllər keçdi... Böyük yaradanla lağıdıb məhv edən Zamanın mübarizə burulğanına düşmüş Quş-qaya qartalları bir daha bu burulğandan salamat çıxdılar. Təbiətin ən böyük qanunu - daha güclünün, daha ağıllının sağ qalması, yaşaması qanunu onları çəkib bu girdağdan çıxartdı. Quş-qayanın səmasında qartallar görünməyə başladı - məzarlar yalqız, yuvalar boş qalmadı...

İllər keçirdi... Ağbaş qocalırdı, amma onun ürəyindəki yara, həsrət yarası sağalmırdı ki, sağalmırdı. Deyirlər, vaxt bütün yaraları sağaldır... Amma yox, həsrət yarasını sağaltmır, vaxt keçdikcə o, daha da dərinləşir, daha çox ağrı verir. Ağbaş neçə illər bundan əvvəl Göygözün xəyanətinin qurbanı olmuş, Quş-qayanı tərk etmiş qartalların həsrətini çəkirdi. Neçə dəfə getmək, ya elçi göndərmək istəmişdi, amma qartal qüruru imkan verməmişdi...

Ağbaş sübh tezdən, gün hələ çıxmamış, sönməkdə olan ayın işığı altında günbatana doğru istsqamət götürdü. Onun yolu uzaq, məqsədi aydın idi. O, bir vaxt Quş qayasından uçub getmiş, yoxa çıxmış ailəsinin dalınca uzaq düzənmeşəliklərə uçurdu. Bu, bir-bir dünyanı tərk etmiş qoca qartalların - ağsaqqalların vəsiyyəti idi, bu, onun qəlbinin səsi idi. Yoxsa, o, bu dünyadan gedə bilməzdi. Hazırlaşmaq isə lazım idi, Zaman öz işini görürdü.

Ağbaş mənzil başına ertəsi gün, hələ gün batmamış gəlib çatdı. Uzaq yol gəlsə də, dincini almadan axtarışa başladı, ucsuz-bucaqsız düzən meşələri ələk-vələk etdi. O, gah səmanın ənginliklərinə qalxır, gözdən itirdi, gah da qanadları ağacların başına dəyincə aşağı düşürdü, axtardıqca yorulur, yorulduqca axtarırdı.

Hər hansı canlı öz həmcinsini axtaranda, onu görməsə də, eşitməsə də, nə isə güclü bir hissiyyatın təsiri ilə onun varlığını duyur, hiss edir. Bu hissiyyat birbaşa təbiətin özündən gəlir, onun hesabına həyat davam edir, nəsillər bir-birini əvəz edir. İndi həmin hissiyyat Ağbaşa deyirdi ki, bu səmalarda, bu meşələrdə qartal yaşamır. Bu hissə inanmamaq olmazdı, o, tarixlərin sınağından çıxmışdı, o, heç zaman aldatmırdı.

Ağbaşın ürəyi sıxıldı, o, bir dağ kəkliyi kimi göyə, səmanın ənginliklərinə milləndi. Qalxdıqca qalxdı, yorulmuş qanadlarında bir ağrı hiss edəndə dayandı, qanadlarını geniş açdı, hələ itiliyini itirməmiş gözlərini aşağı, meşələrə zilləyib süzməyə başladı. Birdən onun diqqətini meşələrin qurtaracağında, yuxarıdan nazik xətt kimi görünən yolun qırağında bir tikili cəlb etdi. Onun iti gözləri tikintinin dövrəsində adamların gəzişdiyini, ağ, qırmızı maşınların dayandığını gördü. Bu adamlar dairə halında dayanıb nəyə isə baxır, əl-qollarını ölçə-ölçə danışırdılar. Ağbaşın diqqətini cəlb edən də həmin bu, idi. Bu, qartal idi, Quş-qaya ailəsindən olan erkək qartal idi. Ağbaş bunu öz instikinin gücü ilə hiss etdi, diqqətlə baxmaq üçün yavaş-yavaş enməyə başladı və tezliklə yanılmadığına əmin oldu. Deyəsən, yerdəki qartal da onu gördü, çırpındı…

Bu, Göygöz idi. O, uça bilmir, iri qanadlarını yerə çırpsa da, qalxa bilmirdi. Göygöz də onu tanımışdı. Ağbaşın iti qulağı onun boğazından çıxan fəryadı eşitdi, səsinə səs verdi. Adamlar qartalın narahat olduğunu hiss etdilər, amma onun boğazından gələn xırıltının fəryad olduğunu başa düşmədilər. Qartalın göyə baxıb çırpındığını görən bir-iki nəfər başını qaldırdı, amma şər qarışdığından göylərin alaqaranlığında bir şey seçmədilər. Burada qaranlıq dağlardakından tez düşürdü. Ağbaş bu gün artıq heç nə edə bilməzdi.

Ağbaş sübh tezdən, günəş hələ qaranlığı qovmamış, insanları oyatmamış meşənin qurtaracağına, yolun qırağında olan tikilinin yanına qondu. Dünəndən onu görmüş, indi də həsrətlə göydən yerə enməsini seyr edən Göygöz bir anlıq elə bil ki, dondu.Onun geniş açılmış göy gözləri yaşla, həsrətlə, ağrı ilə dolu idi. Göz yaşları dimdiyinə doğru axır, ordan yavaş-yavaş torpağa damcılayırdı. Qartal ağlayırdı... Bu, görünməmiş şeydi. Ağbaş nə isə demək istədi, ancaq boğazından boğuq bir xırıltı çıxdı. Bu, dünən Göygözün boğazından çıxan xırıltının eyni idi, bu, fəryad idi. Ağbaş da ağlayırdı... Əgər, iki qartal birdən ağlayırdısa, deməli, qartalın ağlaması görünməmiş şey deyildi...

İki rəqib üz-üzə dayanmışdı. İllər keçsə də, hər iki qartal qocalsa da, heç birinin gözləri işıqdan, qanadları gücdən düşməmişdi. Hər ikisi başını dik tutur, məğrur bir əda ilə qanadlarını böyrünə sıxırdı.

Amma biri ruhdan düşmüşdü, bunu onun gözlərindən oxumaq olurdu. Bu gözlər artıq qığılcım saçmırdı, ümidsizliyin doğurduğu acı göz yaşları bu qığılcımları söndürmüşdü.

O, qartal olsa da, las toyuqdan fərqli deyildi, çünki azad deyildi, çünki qul idi. Ağbaş öz azad, məğrur başını dik tutmuşdu, göz yaşları acı olsa da, onun qəlbini sakitləşdirmişdi. İndi o, qulaq asmağa hazır idi. Göygöz də onu çox gözlətmədi.

- Söz vaxtına çəkər deyərlər, yəqin yadındadır, biz də onda elə bu vaxtlar yola çıxmışdıq. Əvvəllər elə bilirdik ki, buralar əsl cənnətdir. Ailə həm məndən, həm də güzəranından razı idi. Heç kim gəldiyinə peşman deyildi - meşələr geniş, yem bol idi. Quş-qayadan fərqli olaraq, biz burda yuvalarımızı ağaclarda qurmuşduq. Buna görə də, ağaca dırmaşan heyvanlar - yenotlar, meşə pişikləri bizə qənim kəsilmişdi. Əlbəttə, onlar bizimlə üz-üzə gəlməyə cəsarət etmirdilər. Ancaq yuvalardan yumurtaları, ətcə balaları oğurlayıb yeyirdilər. Beləliklə, yuvalarımızın yarıdan çoxu bu cür qarət edildi.
Bu azmış kimi, qartallar dağlarda görmədiyimiz meşə qızdırmasına tutulub ölməyə başladılar. Payızın axırında artıq köçün yarısı qırılmışdı. Tezliklə qış gəldi, hər tərəfi qar tutdu. Sevindik ki, qızdırmadan qurtulduq, sən saydığını say...
Dağ qartallarının dağlardan düzənlərə uçub gəlməsini elə yazdan müşahidə edən qoruq işçiləri də, deyəsən, qışı gözləyirdilər. Onlar meşələrdə tələlər qurub qartalları tutur, dəmir qəfəslərə salıb hara isə göndərirdilər. Həmin ili yaza çıxan qartalların sayı Quş-qayada qalanlardan çox deyildi. Onlar dağlara, Quş-qayaya qayıtmaq istəyirdilər, amma mən bir az tərsliyimdən, bir az təkəbbürümdən razılıq vermirdim. Yəqin sizdən bir elçi gəlsəydi, biz qayıdardıq. Nə isə...
İkinci ili qırılan qırıldı, sağ qalanları da qoruq işçiləri tutub qəfəslərə saldılar. O vaxt bu yeməkxana - Göygöz tikilini göstərdi - təzə tikilirdi. Onun sahibi məni maraqlı bir şey kimi bura gələnlərə göstərmək məqsədilə qoruq işçilərindən satın aldı, gətirib burda zəncirlədi. (Ağbaş onun ayağına bağlı yoğun zəncirə baxdı, zəncir yerə vurulmuş qalın dəmir payaya pərçim edilmişdi.) İndi budur, burda «bolluqda», «əmin-amanlıqda» yaşayıram, - o, ətrafa atılmış sümük və ət parçalarını göstərdi, - soyuqdan ölməyim deyə, qışda məni dəmir qəfəsə salıb yeməkxananın içərisində saxlayırlar. Gördüyün kimi, təhlükəsizliyim də tam təmin olunub. Eh, sən toyuq deyirdin, Ağbaş, mən indi toyuqdan pisəm. Toyuğun heç olmasa, ayağı bağlı deyil, ora-bura qaçır.

Göygöz susdu, ortaya ağır, onu bağlandığı zəncirlərdən də ağır sükut çökdü.

Ağbaş onu sakitləşdirmək, nə isə demək xatirinə sükutu pozdu, amma nə özü dediyini başa düşdü, nə də Göygöz bunu eşitdi.
Səma tünd mavi rəng almağa, üfüqlər qızarmağa başladı.

Getmək vaxtı idi. Vidalaşarkən Göygöz göz yaşları içində dedi:

- Get, Ağbaş, get bütün bunları Quş-qaya qartallarına söylə. Qoy hamı bilsin ki, qartalı qartal edən dağlardır, vətəndir. Kökü vətən torpağına bağlı olmayan hər kəs, başı Böyük yaradana qədər ucalsa da, - Göygöz başını artıq qızarmaqda olan günəşə doğru çevirdi - ölümə və əsarətə məhkumdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG