Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Novruz Məmmədovun İrana məsləhəti, Turqut Ərlə müsahibə...


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzeti: «VİDADİ İSGƏNDƏRLİYƏ QARŞI İTTİHAMLAR ALT-ÜST OLDU»

Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin işi üzrə Göyçay rayon Məhkəməsində proses davam edir. Avqustun 11-də məhkəmə iclası başlayan kimi Vidadi İsgəndərli çıxış edərək, ona qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu bildirib. Qeyd edib ki, iş üzrə zərərçəkmiş qismində tanınan 11 nəfərdən 5-ini hələ də məhkəməyə gətirmək mümkün olmayıb:

«Azərbaycan tarixində belə məhkəmə olmayıb ki, zərərçəkmişlər prosesdə iştirak etməsin. İttiham tərəfi çıxılmaz vəziyyətdə qalıb. Çünki zərərçəkmişləri məhkəməyə gətirə bilmirlər. Gətirdikləri də məhkəmədə ittiham tərəfi biabır eləyir».

Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında AXCP üzvü Şahverdi Mikayılov ifadə verib. O bildirdi ki, seçki zamanı namizəd Səmid Məmmədovun səlahiyyətli nümayəndəsi olub. Seçki günü müşahidə aparmaq məqsədilə günün ikinci yarısında 2 saylı seçki məntəqəsinə gəlib. Həmin vaxt məntəqədə səs-küy olub. Neyman Əsgərov adlı şəxs seçkinin saxtalaşdırılmasına etirazını bildirib:

«Məntəqənin veb-kamerası var, həmin kameraya baxış keçirilsə, bu, açıq-aydın görünər. Daha şahidlərə də ehtiyac qalmaz. Həmin səs-küy zamanı Vidadi İsgəndərli orada olmayıb. Neyman Əsgərov seçkinin saxtalaşdırılmasına, kəsilmiş bülletenlərin gizlədilməsinə etiraz edirdi. Vidadi İsgəndərli isə bir qədər sonra gəlmişdi…».

«AZƏRBAYCAN TÜRKİYƏNİ ŞANTAJ ETMƏYİ XOŞLAYIR»

«Azadlıq» qəzeti «Azadlıqdan Tiranlığa...» kitabının müəllifi, 1994-2000-ci illərdə Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri vəzifəsində çalışmış Turqut Ərlə Türkiyənin Baş naziri R. T. Ərdoğanın Azərbaycana son səfəri barədə müsahibə dərc edib:

- Bizim ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın səviyyəsi də yetərincə deyil. Dövlət və hökumət başçılarının müntəzəm xarakter alan görüşləri belə, bu əməkdaşlıq səviyyəsini qaldıra bilmir.

- Azərbaycanla Türkiyə arasında ticari-iqtisadi əməkdaşlıq ildən-ilə sanki geri gedir. İndi Azərbaycanın Türkiyəyə ixracının miqdarı ildə 7 milyard dollardan artıqdır, amma bu, petrol və qazın hesabına belədir. Türkiyənin Azərbaycana idxalının həcmi 1994-96-ci illərdə 240-250 milyon dollara çatırdı, indi isə 225 milyon dollardır.
Turqut Ər

Amma bunlar, sadəcə olaraq rəqəmlərin ifadə etdiyi nəticələrdir. Rəqəmlərlə ifadə edilməyən göstəricilər də var. Bizim hamımız bilirik ki, Türkiyə iş adamları Bakıda davamlı olaraq təqib olunur. Heç kimə sirr deyil ki, Azərbaycana yük daşıyan TIR sürücülərindən davamlı olaraq rüşvət tələb edilir. Görün, vəziyyət hansı həddə çatıb ki, iki ölkənin hökumət başçılarının ardıcıl görüşmə və müzakirələrindən sonra da bu məsələ həll edilə bilmir. Bizim orada iş qurmaq istəyən, yatırım yapmaq istəyən vətəndaşlarımız ağlagəlməz şərtlərlə üzləşirlər. Onlardan, nəinki rüşvət, hətta aylıq ortaqlıq haqqı da tələb olunur. Türkiyə Cümhuriyyəti dövlətinin rəhbərləri Azərbaycanda qarşılaşdığımız bu əngəllərin ortadan qaldırılmasını istəyirlər, hesab edirlər ki, bu şərtlər iki ölkə arasındakı münasibətlərin bəyan edilən səviyyəsinə uyğun deyil. Amma problemlər ciddi imiş və qalırmış. Azərbaycan Türkiyəyə ixrac etdiyi petrol və qazla bağlı müntəzəm olaraq hansısa problemlər yaradır. Əsasən, qiymət anlaşmalarında şantaj siyasəti hiss edilir. Amma Azərbaycan tərəfi onu qiymətləndirmir ki, bağımsızlıq və strateji güvən qaz və petrolla əvəz olunmaz. Türkiyə Azərbaycanı birtərəfli qaydada İran və Rusiya kimi iri dövlətlərin təzyiqləri altına düşməkdən qoruyan böyük bir zəmanətdir.

NOVRUZ MƏMMƏDOV: «BİR ÖZÜNÜZƏ FİKİR VERİB, DİAQNOZ QOYUN»

«Azərbaycan» qəzeti Azərbaycan rəsmilərinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana qarşı bəyanatına kəskin münasibətlərini dərc edib.

«Trend»ə müsahibəsində Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib:

«Təəssüf ki, bütün faktorları nəzərə alsaq, iki ölkənin rəhbərlərinin bəyan etdikləri kimi dostluq əlaqələrinin alternativinin olmamasını, deyəsən, İran İslam Respublikasında bəziləri heç başa düşmək istəmirlər. Bu baxımdan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Seyid Həsən Firuzabadinin iki gün əvvəlki bəyanatı xarakterinə və niyyətinə görə heç bir çərçivəyə sığmır. Sual verilə bilər, cənab general, əgər siyasi prosesləri belə dərindən bilirsinizsə və onlarla çox maraqlanırsınızsa, bir özünüzə fikir verib, diaqnoz qoyun. Qoy sizin fikirlərinizdən nəticə çıxarılsın. Yox əgər siz hərbçi tonu ilə göstəriş vasitəsilə qonşu və dost dövlətin daxili siyasətinə müdaxilə etmək və tövsiyə verməklə özünüzü müctəhid və ya ayətulla səviyyəsində görmək istəyirsinizsə, bu, çox gülməlidir. Daha bir fikir ondan ibarətdir ki, general İran İslam Respublikasının daxilindəki prosesləri yaxşı bildiyi üçün bəlkə də siyasi hakimiyyətə keçmək iddiasına düşüb. Amma bu, bizə maraqlı deyil, bu, onun öz işidir.

Belə yüksək rütbəli və vəzifəli general gərək tarixi, siyasəti, təbabəti və bir də etikanı yaxşı bilsin. Yoxsa kimin damarlarında kimin qanı axır, kimin qəlbi hansı hisslərlə döyünür və kimin axırı necə olacaq deyə, falçılığa aludə olan general bu yolla uzağa gedə bilməz. Yəqin başa düşür ki, falçılığı İslam dini qəbul etmir və İranda falçılıq çox təhlükəli hesab edilir».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG