Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Dünya ədəbiyyatında ən gözəl hekayələr: “Lotereya”


Rubrika: Dünya ədəbiyyatında ən gözəl hekayələr

Tərcümə: FEYZİYYƏ

Şirli Cekson

LOTEREYA
(Hekayə)


27 iyun gününün səhəri aydın və günəşli idi. Yayın ən qızğın vaxtı olduğundan hər yer çiçəkləmiş, otlar yam-yaşıl olmuşdu.

Saat ona yaxın kənd camaatı bankla poçt şöbəsinin arasındakı meydana toplaşmağa başladı.

Bəzi şəhərlərdə əhali o qədər çox idi ki, lotereya oyunu iki gün çəkirdi. Buna görə də oyuna ayın 26-dan başlamaq lazım gəlirdi.

Amma bu kənddə cəmi üç yüz nəfər yaşadığından lotereya heç iki saat da çəkmirdi.

Saat ondan başlamaq kifayət idi ki, sakinlər saat on ikiyə nahara qayıda bilsinlər.

Təbii ki, meydana ilk növbədə uşaqlar yığışdılar. Məktəbdə tətil yenicə bağlanmışdı deyə uşaqlar hələ azadlığa alışmamışdılar.

Onlar bir yerə yığışaraq sonradan ucadan deyib-gülmək, səs-küylü oyunlar oynamaq üçün bir müddət özlərini sakit aparır, müəllimləri, kitabları, aldıqları cəzalar haqqında qeybət edirdilər.

Bobbi Martin atrıq ciblərini daşla doldurmağa imkan tapmış, digər oğlanlar da ona baxıb özlərinə xeyli yumru, hamar daşlar yığmışdılar.

Bobbi və Harri Cons, Dik Delakrua (onun soyadını burada Dellakroy kimi tələffüz edirdilər) küncə xeyli daş toplayıb onları başqa oğlanlardan qorumaq üçün keşikdə dayanmışdılar.

Qızlar bir kənara çəkilib arada oğlanları süzərək söhbətləşirdilər.

Körpələr ya meydanda toz-torpağın içində oturmuş, ya da böyük qardaş-bacılarının yanında dayanmışdılar.

Tezliklə kişilər də toplaşmağa başladılar. Onlar uşaqlara göz qoyaraq əkindən, yağışdan, traktordan və vergidən danışırdılar.

Kişilər daş qalağından bir qədər aralıda toplaşıb sakitcə zarafatlaşır, gülümsəyir, amma gülmürdülər.

Rəngi solmuş ev paltarları və sviterlər geymiş qadınlar kişilərdən az sonra görünməyə başladılar.

Onlar salamlaşıb aralarında bir az dedi-qodu etdilər. Sonra hərəsi öz ərlərinin yanına gedib uşaqlarını çağırmağa başladılar.

Uşaqlar gəlmək istəmirdilər – deyə qadInlar onları yanlarına gətirmək üçün bir neçə dəfə çağırmalı oldular.

Bobbi Martin anasının əllindən qurtulub, bərkdən gülərək daşların yanına qaçdı.

Atası onun üstünə qışqırandan sonra Bobbi öz yerinə qayıdıb atası ilə böyük qardaşının arasında dayanmağa məcbur oldu.

Kadril, gənclər klubunun toplantısı və Bütün Müqəddəslər Günü ilə bağlı proqram kimi lotereyanın da təşkilati işləriylə cənab Sammers məşğul olurdu: öz kəndinin sakinlərinə həsr etməyə qüvvə və vaxt tapırdı.

Bu yumrusifət baməzə adam əvvəllər kömür satmaqla məşgul idi.

Sonsuz olduğuna və deyingən arvadının əlində qaldığına görə hamının ona yazığı gəlirdi.

O, taxta qutu ilə meydanda peyda olub dedi: “Bağışlayın, nədənsə mən bu gün gecikdim”.

Izdihamdaт bir uğultu qopdu. Poçt müdiri cənab Qreyvz əlində kətil onun arxasınca düşmüşdü.

Nəhayət kətili meydanın ortasına gətirdilər. Cənab Sammers də qara qutunu kətilin üstünə qoydu.

Adamlar kətildən bir qədər aralıda dayanmışıdılar.

Cənab Sammers: “Kim mənə kömək edə bilər?”- deyə soruşanda əvvəlcə heç kim yerindən tərpənmədi.

Sonra iki nəfər – cənab Martin böyük oğlu Baksterlə irəli çıxaraq kətilin üzərindəki qutunu saxladılar. Cənab Sammers də biletləri qarışdırdı.

Bütün lotereya ləvazimatları çoxdan itib batmışdı, kətilin üzərinədəki yeşik isə hələ qoca Uorner doğulmamışdan öncə düzəldilmişdi. Bu kənddə isə Uornerden yaşlısı yox idi.

Cənab Sammers tez-tez bu yeşiyi dəyişmək haqqında söhbət açsa da, söhbətin belə xirda məsələdən getməsinə baxmayaraq heç kim ənənəni pozmaq istəmirdi.

Deyilənə görə, bu yeşiyin bəzi hissələri əvvəlki yeşikdən qalma idi. O yeşikdən ki, onu burda ilk insanlar məskunlaşadan sonra düzəltmişdilər.

Hər il lotereyadan sonra cənab Sammers yeni qutudan söz salır, amma hər şey olduğu kimi qalırdı.

Bu dəfə isə qutu lap pis vəziyyətə düşmüşdü. Indi qutunun rəngi heç qara da deyildi, çünki böyürdən üst qatının bir parçası qopmuşdu, altındakı taxta parçası görünürdü.

Qutunun bəzi yerlərini nəyəsə bulaşdırmışdılar, qalan yerlərində isə qara boya solmuşdu.

Cənab Sammers yavaş-yavaş biletləri qarışdırırdı. Cənab Martin ilə böyük oğlu Bakster də qutudan bərk yapışmışdılar.

Bu oyunun bir çox ənənəsi artıq çoxdan unudulmuşdu. Cənab Sammers də nəsillərin işlətdiyi oyun çöplərini kağız biletlərlə əvəzləmişdi.

Cənab Sammers hesab edirdi ki, oyun çöpləri yalnız əhali az olanda istifadəyə yaralı ola bilər.

Indi sakinlərin sayının üç yüzə çatdığı və əhali çoxalmaqda davam etdiyi bir vaxtda çöpləri elə bir şeylə əvəz etməyə ehtiyac duyulurdu ki, onlar həm də qutuya asanca yerləşə bilsin.

Oyunqabağı, axşam cənab Sammers və cənab Qreyvz biletləri hazırlayıb qutuya yerləşdirdilər.

Cənab Sammers qutunu kömür şirkətinin ofisindəki sefyə qoyub ağzını qıfıllayar, ertəsi günsə meydana çıxarardı.

Qalan vaxtlarda qutu müxtəlif yerlərdə saxlanmışdı. O, bir il cənab Qreyvzin anbarında, o biri il poçtda ayaq altında, üçüncü il isə Martinin ərzaq dükanının piştaxtasının altında qalmışdı.

Cənab Sammers lotereyanın başlandığını elan etməmişdən əvvəl bir neçə vacib mərhələni keçmək lazım idi.

Ilk növbədə - ailə başcılarının, ev sahiblərinin və ailə üzvlərinin siyahısı tərtib edilməli idi.

Sonra poçt müdiri cənab Sammersi lotoreyanın keçirilməsinə məsul şəxs kimi and içməyə dəvət etməli idi.

Çox az adam lotereyaya məsul şəxsin toplantı qabağı himn oxuduğunu xatırlayır.

Bəziləri düşünürdü ki, o himn oxuduğu zaman xüsusi bir rəsmi görkəm almalı idi.

Bəziləri isə əksinə, onun meydanda camaat arasında gəzişməsini istəyirdi.

Himnin özü isə mənasız formallıqdan savayı bir şey deyildi, əvvəlcə musiqi yaddan çıxdı, sonra isə sözlər.

Bundan savayı cənab Sammers öz oyun çöpünü çəkməyə gələn hər oyunçunu rəsmi salamlayırdı.

Amma zamanla bu ənənə də unudularaq sıradan çıxdı. Indi isə bir neçə sözlə kifayətlənmək olurdu.

Cənab Sammers bu rola çox yaxşı yarayırdı. Onun əynində ağ köynək və cins şalvar var idi.

Bir əlini ehmalca bilet qutusunun üstünə qoyub, Cənab Qreyvz və Martinə nə isə deyirdi.

Bu mənzərə bütövlükdə onu möhtəşəm və qürurlu göstərirdi.

Cənab Sammers söhbətini yekunlaşdırıb üzünü camaata sarı çevirəndə sviterini çiyinlərinə atmış xanım Hatçinson meydançaya yüyürdü.

“Tamam ağlımdan çıxmışdı”- deyə o, üzünü Delakruaya tutdu.- “Mən də elə bilirəm, kişi həyətdə qurcalanır”- xanım Hatçinson sözünə davam elədi, - bir də baxıram ki, uşaqlar yoxdu. Elə onda yadıma düşdü ki, bu gün ayın neçəsidir”.

O, əllərini önlüyünə sildi və xanım Delakrua dedi: “Onsuz da onlar hələ ağızlarına gələni danışırlar.”

Xanım Hatçinson boynunu uzadıb camaatın arasında ərini və uşaqlarını axtarmağa başladı.

Onlar izdihamın önündə dayanmışdılar. O, xudahafizləşərək, xanım Delakruanın əlinə toxundu və izdihamın içinə soxularaq özününkülərə tərəf getməyə başladı.

Adamlar onun qabağa keçməsi üçün yol verir, zarafatlaşırdılar: “Bu da sizin Hatçinson”, “Bill, hər halda o gəldi”.

Xanım Hatçinson nəhayət ki, ərinin və uşaqalarının yanına çatdı və cənab Sammers zarafatca dedi: “Biz isə sənsiz başlamağa qərar vermişdik.”

“Co, mən qabları bulaşıq qoyub gələ bilməzdim”- deyə xanım Hatçinson gülümsəyərək cavab verdi.

Camaat arasından gülüş səsləri gəldi, sonra hamı sakitləşib cənab Sammersə tərəf baxdı.

- Yaxşı, deyə o, ciddi səslə davam elədi,- gəlin başlayaq, tez də yekunlaşdıraq. Onsuz da işimiz çoxdur. Hamı burdadır?

- Danbar, Danbar - deyə bir neçə adam səslənməyə başladı.

Cənab Sammers sıyahıya baxdı. “Klayd Danbar, doğurdan, axı o, ayağını qırıb. Onun əvəzinə kim bilet çəkəcək?”- deyə soruşdu.

- Yəqin ki, mən,- deyə Danbarın arvadı dillənəndə cənab Sammers ona tərəf döndü.

- Arvad ərini əvəz edəcək? Ceyni, axı sənin böyük oğlun var, niyə o oynamır?

Cavabı yalnız cənab Sammers deyil, bütün kənd camaatı bilməsinə baxmayaraq lotereyaya məsul şəxs kimi bu sualı vermək onun vəzifə borcu idi.

- Horasın hələ on altı yaşı var,- qadın təəssüflə bildirdi, görünür bu dəfə qocanı mən əvəz edəsi olacağam.

Cənab Sammers nəzakətlə onu dinləyib, “Aha” –dedi və siyahıya işarə qoydu. - Gənc Uotson bu dəfə oynayır?

- Mən burdayam,- deyə kimsə camaatın arasından səsləndi. – Özümün və anamın əvəzinə oynayacağam. Hündür boylu yeniyetmə əlini qaldırdı və sonra gözlərini qırparaq pərt halda başını çiyinlərinin arasında gizlətdi. Bir neçə nəfər razılıq elədi:

“Əhsən, Cek, evin kişisidi, anasının dayağıdı”.

- Deməli belə, - cənab Sammers dedi. Demək ki hamı burdadır. Qoca Uorner gəlib?

Sonra o, öskürüb siyahıya baxdı. Qəflətən araya bir sükut çökdü.

- Hamı hazırdır? Mən alilələri çağıracağam, ailə başçıları irəli çıxıb bilet çəkəcəklər. Hamı bilet çəkməyənə qədət bileti çevirib baxmaq olmaz. Aydındır?

Camaat o qədər lotereya oynamışdı ki, qayadalara diqqətlə qulaq asmırdı.

Çox adam susur, dodaqlarını yalayaraq ətrafına baxırdı.

Cənab Sammers əlini yuxarı qaldırıb: “Adams”- deyə çağırdı. Izdihamdan bir nəfər ayrılaraq irəli çıxıdı.

“Salam Stiv”,- dedi cənab Sammers. “Salam Co”,- deyə Adams cavab verdi.

Onlar əsəbi və könülsüz halda bir-birlərinin üzünə gülümsədilər.

Sonra cənab Adams əlini qara qutunun içinə uzadıb kağız çıxartdı.

Tezcə yerinə qayıdıb biletin küncündən möhkəm tutaraq qohumlarından bir qədər kənarda dayandı.

- Allen, Anderson, Bentam, - deyə cənab Sammers sadaladı.

- Sanki lotereyalar arasında heç zaman keçmir - deyə xanım Delakrua arxa cərgədə cənab Qreyvzə dedi.- Vaxt necə də uçur, sanki keçən həftə oynamışıq.

- Hə, vaxtın necə keçdiyini hiss etmirik,- cənab Qreyvz dedi.

- Klark, Dellakroy.

Mənimki getdi, - xanım Delaktura dedi. O, nəfəs dərmədən ərinin davranışlarını izləyirdi.
- Danbar, - cənab Sammers səsləndi. Xanım Danbar üç addıma qutuya yaxınlaşdı. Qadınlar: “Hə Cenni”, “Bu da Cenni, gəldi”,- deyə danışırdılar.

- Növbəti bizik, - xanım Qreyvz dedi. O, cənab Qreyvzin qutuya yaxınlaşıb, təmkinlə cənab Sammerslə salamlaşmasını və bilet çəkməsini izləyirdi.

Indi kişilərin çoxunda belə burulmuş biletlər var idi, onlar əlləri ilə bileti didişdirirdilər.

- Harbert... Hatçinson.

- Get Bill,- xanım Hatson deyəndə adamlar gülüşməyə başladı.

- Cons...

- Deyirlər ki, şimaldakı qəsəbədə lotareyadan imtina etmək istəyirlər,- cənab Adams yanında dayanan Uornerə dedi.

“Hm” - Qoca Uorner dedi: - “Axmaqlar!. Bu cavanların hansına qulaq assan görərsən ki, heç nəyi bəyənmirlər. Sabah da deyəcəklər ki, qədim insanlar kimi mağaralara dönək, işləməyək, bir müddət də belə yaşayaq. Əvvəllər bir məsəl vardı: “Gərək iyunda lotereya olsun ki, qarğıdalı da yetişsin”. Hə, bunların sözü ilə oturub dursan, gərək donuz kimi palıd qozası yeyəsən, təki işləməyəsən. Lotereya ta qədimlərdən var”, - deyə o əsəbi halda dedi. - “Nə olsun ki, burnufırtıqlı Co Sammers hamıynan zarafatlaşır”.

- Bəzi yerlərdə lotereya artıq oynanılmır,- cənab Adams dedi.

- Bunun nəyi yaxşıdır ki? - deyə qoca Uorner israr etdi, - Axmaqlar.

- Martin.

Bobbi Martin atasına tərəf baxdı.

- Overdayk... Persi.

- Bir az tələssəydilər yaxı olardı, - xanım Danbar böyük oğluna dedi. – bircə tələssəydilər...

- Demək olar ki yekunlaşıb, - oğlu cavab verdi.

- Tez qaçıb atana xəbər verərsən, - təkidlə xanım Danbar dedi.

Cənab Sammers öz soyadını səsləndirərək irəli yeridi və qutudan bilet çıxartdı. Sonra növbəti adamı səslədi.

- Uorner.

Qoca Uorner izdihamın arasından götürüldü. “Yetmiş yeddinci dəfə”- o dedi,- yetmiş yeddinci dəfədir lotoreya oynayıram.

- Uotson.

Hündürboy oğlan yöndəmsiz hərəkətlərlə irəli yeridi. Kimsə dilləndi: “Narahat olma Cek”. Cənab Sammers isə: “Eybi yoxdur oğlum, tələsmə”,- dedi.

- Zanini...

Sonra uzun bir sükut yarandı,- ölü bir sükut. Nəhayət cənab Sammers, bilet olan əlini yuxarı qaldıraraq dedi:- “İndi olar”.

Bundan sonra yenə bir müddət kimsə yerindən qımıldanmadı, sonra bircə anın içində bütün biletlər çevrildi.

Bütün qadınlar bir ağızdan danışırdı: “Bu kimdir? Kimdir axı? Kim? Uotson? Danbar?” Daha sonra danışmağa başladılar: “Bu Hatçinsondur. Billdir. Bu Bill Hatçinsondur.”

- Qaç atana xəbər ver,- xanım Danbar böyük oğluna dedi.

Camaat Hatçinsonun ailəsini axtarmağa başladı. Bill Hatçinson hərəkətsiz dayanaraq əlindəki biletə baxırdı. Birdən Tessi Hatçinson mister Sammersin üstünə qışqırdı.

- Siz ona yaxşı seçim etməyə imkan vermədiniz. Mən hamısını gördüm. Bu ədalətli olmadı?

“Ağıllı ol”- xanım Delakrua ona səsləndi. “Hər kəsin şansı eynidir”,- cənab Qreyvz dilləndi.

- Mumla Tessi,- Bill Hatçinson dedi.

Cənab Sammers üzünü camaata tutdu:

- Nəhayət ki... Biz işin öhdəsindən tez gəldik. Gəlin bunu yekunlaşdıraq. Bill, indi sən bütün Hatçinsonların əvəzindən bilet çəkəcəksən. Sizin ailədən daha kim var?

- Don və Yeva,- xanım Hatçinson qışqırdı. Onlar da buradadır.

- Qız ərinin ailəsindən hesab olunur,- cənab Sammers onu sakitlşədirməyə çalışdı,- sən ki, yaxşı bilirsən, Tessi.

- Bu düzgün deyil,- Tessi cavab verdi.

- Yox, Co,- Bill Hatçinson məyus səslə dedi.- Qızımız ərdədir, o ərinin ailsindəndir, burda mübahisəli heç nə yoxdur. Bundan başqa uşaqlar da var, vəssalam.

- Deməli sizin bir eviniz, bir ailəniz var, doğrudur?

- Doğrudur,- Bill Hatçinson cavab verdi.

- Bill, sizin neçə uşağınız var?,- cənab Sammers bu dəfə rəsmi tonla soruşdu.

Üç,- deyə o cavab verdi,- oğlum Bill, Nensi, bir də balaca Deyv, bir də mənlə Tessi.

-Əla, cənab Sammers dedi.- Harri onların bileti sizdədir?

Cənab Qreyvz başını yırğalayaraq biletləri gosterdi.

- Onları qutuya qoy,- cənab Sammers dedi,- Billin biletlərini götürün.

- Mənə elə gəlir ki, yenidən başlamaq lazımdır,- xanım Hatçinson dilləndi,- Bu düzgün deyil. Siz ona bilet seçməyə yaxşı imkan yaratmadınız. Bunu hamı gördü.

Cənab Qreyvz beş bilet götürüb onları yeşiyə atdı, qalanlarını isə yerə tulladı. Biletləri külək apardı.

“Camaat, qulaq asın”, - deyə xanım Hatçinson üzünü ətrafındakı adamlara tutaraq deyirdi.

- Bill, sən hazırsan?- cənab Sammers soruşdu. Bill Hatçinson arvadına və uşaqlarına nəzər yetirib başını yırğaladı.

- Unutmayın ki, hamı bilet çəkməyənə qədər biletləri çevirmək olmaz- cənab Sammers dedi.- Harri balacaya kömək elə.

- Cənab Qreyvz Deyvi qucağına aldı. Balaca həvəslə qutuya yaxınlaşdı.

- Bilet çək,- cənab Sammers dedi,- Harri, bileti hələlik siz saxlayın.

Cənab Qreyvz bükülmüş bileti Deyvin əlindən aldı.

Balaca maraqla cənab Qreyvzə baxırdı.

- İndi isə Nensi,- cənab Sammers dedi.

Nensinin on iki yaşı vardı. Sinif yoldaşları onu nigarancasına izləyirdi. O, ətəkliyini düzəldib irəli cıxdı və nəzakətlə gəlib bilet çəkdi.

- Balaca Bill, - cənab Sammers səsləndi. Qırmızı sifəti, yöndəmsiz, iri ayaqları olan Billi bilet çəkəndə az qalmışdı ki, qutunu aşırsın.

- Tessi,- cənab Sammers səsləndi. Tessi bir müddət ətrafındakıları qəzəblə süzdü, sonra dodaqlarını büzüb irəli yeridi. Sonra o, biletini çəkib əllərini axrasında gizlətdi.

- Bill, deyə cənab Sammers səsləndi. Bill Hatçinson yeşiyi eşələyib sonda biletini çıxartdı.

Sakitlik yarandı. Qızlardan biri: “Bircə Nensi yox”,- deyə pıçıldayanda bunu meydançada hər kəs eşitdi.

- Əvvəl belə deyildi, qoca Uorner dedi. - Əvvəl insanlar başqa cür idi.

- Bu da belə,- cənab Sammers, dedi. - Biletləri çevirin. Harri, Deyvin biletini çevir.

Cənab Qreyvz kağızı çevirdi. O, bileti qaldıran kimi camaat onun boş olduğunu görüb bir ağızdan ah çəkdi. Elə bu vaxt Nensi və balaca Billi də öz biletlərini çevirdilər və məmnun halda gülümsəyərək onu hamıya göstərməyə başladılar.

- Tessi,- cənab Sammers dedi. Bir neçə dəqiqədən sonra Bill Hatçinsona göz qoydu, o da biletini çevirmişdi. Onun bileti də boş idi.

- Bu Tessidir,- cənab Sammers yavaşca dedi. Bill, onun biletini bizə göstər.

Blll Hatçinson arvadına yaxınlaşıb bileti əlindən məcbur aldı, onun üzərində axşam tərəfi cənab Sammersin kömür şirkətinin ofisində sadə karandaşla yazdığı qara işarə var idi. Bill Hatçinson bileti başının üstünə qaldıranda camaat hərəkətə gəldi.

- Camaat,- cənab Sammers dedi,- gəlin artıq yekunlaşdıraq.

Köhnə ənənələr unudulsa da, köhnə qara qutu çoxdan mövcud olmasa da, insanlar daş atmağı yaddan çıxarmamışdılar.

Oğlanların əvvəldən qalaqladıqları daşların üzərinə kağız səpələnmişdi.

Xanım Delakrua daşın elə irisini götürmüşdü ki, onu iki əlli tutmalı olmuşdu.

O xanım Danbardan soruşdu: “Nə dayanmısan?”. Xanım Danbar balaca daşlardan hər iki əlinə yığıb, boğuq səslə cavab verdi:

“Qaça bilmirəm. Mən sonra sənə çataram”.

Uşaqlar artıq daşları əllərinə yığmışıdılar. Kimsə balaca Deyv Hatçinsona da bir neçə çay daşı vermişdi.

Tessi Hatçinsonun ətrafında bir boşluq yaranmışdı. O, əlini basabas salan izdihama sarı uzatdı: - “Bu ədalətli olmadı” - dedi. Onun başına kiçik bir çay daşı dəydi.

Qoca Uorner dedi:- Gəlin, gəlin nə dayanmısınız? Qabaqda cənab Adams və cənab Qreyvz dayanmışdı.

- Bu düzgün olmadı, ədalətli olmadı- deyə xanım Hatçinson qışqırdı.

Artıq onlar daşları yağdırmağa başlamışdılar.


____________

Hekayə haqqında

ABŞ yazıçısı Şirli Ceksonun bu hekayəsi 1948-ci ildə məşhur “Paris review” ədəbi jurnalında çap olunandan sonra səs-küyə səbəb olmuşdu.

Bəzi amerikalı oxucular jurnalın abunəsindən imtina etmiş və müəllif yüzlərlə qəzəb dolu məktub almışdı. Oxucuları hekayədəki “aşırı qəddarlıq” qəzəbləndirmişdi.

Amma bir çox tənqidçilər hekayənin - tarixi inkişafa baxmayaraq insanların barbarlıq dövründə olduğutək yenə də bir-birilərinə qənim kəsilməkdə davam etdiyini, cəmiyyətdə mövcud olan ikiüzlü əxlaqı ustalıqla ifşa etdiyi qənaətinə gəlmişdilər.

Bu hekayə artıq Amerika ədəbiyyatında klassik hekayə kimi qəbul edilir və məktəblərdə oxunması tövsiyə edilir.



Dünya ədəbiyyatında ən gözəl hekayələr silsiləsindən həmçinin oxu:
Stefan Sveyq. Naməlum qadının məktubu

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG