Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 04:13

Ölkəsində tanınmayan dünya şöhrətli yazıçı


Xalid Hüseyni
Xalid Hüseyni
Amerikada yaşayan əfqan əsilli yazıçı və həkim Xalid Hüseyni 2003-cü ildə yayımlanan “Çərpələng uçuran” romanından sonra bütün dünyada məşhurlaşdı.

Yazıçının 2007-ci ilə çap olunan ikinci “Parıldayan min günəş” kitabı da böyük uğur qazandı. Diplomat ailəsində doğulan və 1980-ci ildə ailəsi ilə Amerikaya mühacirət edən Hüseyninin romanlarının əsas mövzusu Əfqanıstandır.

Yazıçının “Çərpələng uçuran” romanı 2011-ci ildə Bakıda da nəşr olunub.

“KÜÇƏLƏR PROTEZLİ ADAMLARLA DOLUDUR”

- Cənab Hüseyni, demək olar ki, 30 ildən sonra birinci dəfə – 2003-cü ildə vətəninizə getdiniz. Bu görüş sizə hansı hissi yaşatdı?

- Uzun fasilədən sonra vətənimə ilk dönüş mənə ağrılı hisslər yaşatdı. 27 ildir ki, Əfqanıstanda olmamışdım. Şəhər tamamilə boşalmış, dağıdılmış, bəzi hissələri isə büsbütün yer üzündən silinmişdi. Mənim böyüdüyüm 70-ci illər Əfqanıstanında sülh hökm sürürdü. Uşaqlığlmda bir dəfə də olsun top, güllə səsi eşitməmişdim. Təbii ki, əvvəllər televizorda və qəzetlərdə müharibə təsvirlərini görmüşdüm. Amma sonra öz gözlərimlə bədbəxtliyi, Kabilin küçələri ilə gedəndə müharibənin nəticələini görmək…. bu dəhşət idi. Hələ yoxsulluq…. İnsanlar dəhşətli şərtlər altında yaşayır: aclıq, işsizlik. Müharibə təkcə fiziki yox, psixoloji də insanlara dərin yaralar vurub.

"Unutmaq olmaz ki, ölkədə savadsızlıq 70 faizdən çoxdur. Qadınlar arasında isə bu yəqin ki 90 faizdir. Yəni orta statistik vətəndaşlar heç zaman kitabım haqda eşitməyiblər, o ki qaldı onu oxusunlar".
Küçələrdə əli və ayağı protez olan çoxlu adam görmək olar. Bu fəlakətdir.

- İnsanlar sizin geriyə dönüşünüzə necə reaksiya verdilər? O mənada ki, uzun müddət – bir əfqan kimi bütün baş verənlərdən kənarda qalmısız və yalnız indi geri dönmüsüz.

- 2003-cü ildə mən normal vətəndaş kimi geri döndüm. “Çərpələng uçuran” romanını bitirsəm də, o hələ çap olunmamışdı. Mən romanımın qəhrəmanı Əmir kimi orda oxşar vəziyyətlə- düşmən kimi qarşılanacağımı gözləyirdim. Amma Əfqanıstanda insanlar əksinə, məni dostyana və inanılmaz səmimiliklə qarşıladılar. Bunu gözləmirdim. Küçələrdə insanlarla söhbət edirdim, nələr yaşadığını bilmək istəyəndə onlar səmimiyyətlə qəlblərini açırdılar və öz hekayətlərini danışırdılar.

- Onlar gördüklərinizi dünya ilə bölüşməyi istəyirdilərmi?

- Hər halda. Mənə elə gəlirdi ki, insanlar öz hekayətlərini mənə ona görə danışırdılar ki, bunu bütün dünyaya çatdırım. Onlar öz ağrlarını, iztirablarını içdən səmimi anladırdılar. Çoxu mənə dedi ki, sən Amerikaya dönəndə burda nə baş verdiyini, bizimlə necə rəftar edildiyini və bizim nələr yaşamağa məcbur olduğumuzu danış.

- 2007-ci ildə siz ikinci dəfə Əfqanıstanda olduz. Bu arada sizin “Çərpələng uçuran” kitabınız da artıq işıq üzü görmüşdü.

- O zaman artıq hər iki kitabım çap edilmişdi. Hərçənd, onlardan heç biri Əfqanıstanda rəsmi olaraq yayınlanmayıb, amma farscaya tərcümə olunduqdan sonra bunu oxuya billənlər var. Amma məni tanımırlar. Unutmaq olmaz ki, ölkədə savadsızlıq 70 faizdən çoxdur. Qadınlar arasında isə bu yəqin ki 90 faizdir. Yəni orta statistik vətəndaşlar heç zaman kitabım haqda eşitməyiblər, o ki qaldı onu oxusunlar.

- Əfqanıstanı başqa ölkələrdən fəqrləndirən nədir?

- Mən Qərbdə bütün dünyanı, o cümlədən Əfqanıstanı gəzən çox adamla görüşmüşəm. Və hər zaman hardasa çıxış edəndə kimsə mənə yaxınlaşıb deyir: “Mən 1974-cü ildə Əfqanıstanda olmuşam. Bütün dünyanı görmüşəm, amma bu ölkədə heç zaman unutmayacağım çox şeylə rastlaşdım“. Deyirlər ki, Əfqanıstana səyahət onların sevimli səfər xatirələrinə daxildir. Əfqanıstanın elə yerləri var ki, orda adam

özünü orta əsrlərdə hiss edir. Burada dağlar və səhra ilə yanaşı, inanılmaz gözəl dərələr, çaylar var. Son nəticədə ölkənin gözəlliyi onun insanlarına da aiddir. Orada qonaqpərvərlik böyük ənənədir. Hətta əgər ev sahibinin heç nəyi yoxdursa, qonaqları xoş qarşılayır. Eyni zamanda insanlar elə sülhsevər və ciddidilər ki, bu çox xoşdur. Ora səyahət edən adamlar bunu görürlər. Onlar Əfqanıstanda yaşanan və qalan çoxəsrlik qədim tarixin varlığını hiss edirlər. Bu, ölkəni, onun insanlarını, ənənələrini, mədəniyyətini formalaşdırıb. Bu böyük bir sərvətdir.

“QADINLARSIZ ƏFQANISTANIN GƏLƏCƏYİ YOXDUR”

- Ölkəni yeniyetmə olanda tərk etmisiz. Qayıdanda sizi nəsə heyrətləndirdimi? Keçən 30 ildə insanlar, ölkə necə dəyişib?

- Mənim diqqətimi dərhal çəkən şey müharibə mədəniyyəti, hərbinin ölkəni mühafizə etməsi oldu. Və bu həyatın bütün tərəflərinə nüfuz edir. Küçələrdən keçəndə hər yerdə silahlanmış adamlar görürsən. Əfqan uşaqlarının bütöv bir nəsli əvvəldən müharibə və zorakılıq atmosferində böyüyüb. 20 il İranda və ya Pakistanda qaçqın düşərgələrində yaşayanlar indi geri dönürlər. Əfqanıstanda baş verən hər şey- vətəndaş müharibəsi və ya Taliban hərəkatı ölkənin görünüşünü və tərzini fomalaşdırır. İnsanlar ölkə haqda düşüncələrini hər şeydə ifadə edirlər: müharibə uşaqların əl işində, xalçalarda və ya toxuma işlərində əks olunur. Küçələrdə çəkilən rəsmlərdə tank, mübarizə, ölüm əks olunub. Bu onu göstərir ki, zorakılğın yeni tarixi insanlarda nə qədər dərin iz qoyub.

- Siz qadınları çadrada görəndə nə düşündünüz?

- Xüsusi olaraq heç nə, çünki mən artıq 70-ci illərdə Kabildə yaşayanda onları çadrada görmüşdüm. Çadra taliblər tərəfindən icad edilməyib. Bu yüzilliklərdən bəri Əfqanıstanda var. Mən bu mənzərəyə adət etmişdim. Çadranın tarixçəsində özəllik odur ki, Taliban qanun vasitəsilə qadınları buna məcbur etdi. Əvvəllər çadra zəif sosial-iqtisadi regionlarda istifadə olunan sadəcə bir geyim idi. Ona görə də kəndlərdə daha çox rast gəlmək olardı. Taliblər gedəndən sonra da çadra qalmaqdadır.

- Siz bunu normal sayırsız?

- Yox, normal saymıram. Demək istəyirəm ki, mənim üçün bunu görmək şok olmadı, çünki Kabildə böyümüşəm və qadınları çadrada o vaxtdan görmüşəm. Gözlənilməz heç nə olmadı. Oxuduğum məktəbin dağıdılması, əl-ayaqlarını itirən insanların qoltuq ağacında gəzməsini isə əvvəllər görməmişdim.

- Qadınların vəziyyəti sizin kitablarınızın əsas mövzususdur.

- Bu Əfqanıstandakı vəziyyətə kənardan müşahidə zamanı kədərli baxışdır. Mən qadınlarla nə baş verdiyini hər zaman izləyirəm, tamamilə səmimi deyirəm: Əfqanıstanda qadınların yeri heç zaman yaxşı olmayıb. Hər şeydən əvvəl ölkənin çənub və şərq regionlarında. Orda formalaşmış patriarxal cəmiyyət yaşayır. Kabildə isə 60-cı və 70-ci illərdə qadınların vəziyyəti nisbətən yaxşı idi. Onlara seçim, iş dünyasına daxil olmağa icazə verilirdi. Sovetlər ölkəni tərk edəndən, mücahidlər hakimiyyəti ələ keçirəndən sonra, qadınlara qarşı ağlasığmyan pozuntular oldu.

Onlarla qul kimi davranıldı, fahişə kimi satıldılar, döyüldülər, hər cürə hüqüqdan məhrum edildilər. Qadınların ictimai həyatda iştirakı qadağan olundu. Bunu müşahidə etmək iztirablı idi. Düşünürəm ki, Əfqanıstan mübarizəsində vacib məqam onun yenidən qurulmasında qadınların iştirakıdır. Əgər qadınlara bu prosesdə iştiraka icazə verilməsə, Əfqanıstanın gələcəyi yoxdur. Biz burda qərbi emansipasyadan danışmırıq, yəni söhbət qısa ətəkdən və s. yox, onların yenidənqurma zamanı iştirakının əhəmiyyətindən gedir.

- Siz geriyə dönüb həkim kimi işləməyi təsəvvür edə bilirsiz?

- Mənim 45 yaşım, 8 və 10 yaşlı iki uşağım var. Mənim üçün onları burdan- bütün imkanların açıq olduğu məkandan, kökündən qoparmaq çətindir. Əfqanıstanda yaşamaq üçün ən adi şeylərə belə çətinliklə sahiblənirsən. Onları böyük güvənsizliyin olduğu ölkəyə aparmaq bir ata kimi mənim tərəfimdən məsuliyytəsiuzlik olardı. Amma təbii ki, mən yenidən Əfqanıstana gedəcəm, çünki onun yenidənqurulması layihəsində iştirak edirəm.

- Kitablarınız ölkənizdə tanınmır. Özünüz isə dünya şöhrətli yazıçısız. Əfqanıstanda demokratiyanın qurulmasına nə dərəcədə inanırsız?

- Mənim məqsədim Əfqanıstanda diqqət mərkəzində olmaq deyil. Uzun müddət burdan uzaq oldum. Dəyişiklik içəridən gəlməlidir. O burda yaşayan, ağrıları görən insanlar tərəfindən gəlməlidir. Mənim işim qərbin nəzər nöqtəsini ölkəyə aşılamaqdır. Çalışıram ki, bu baxış ölkəni fomalaşdırmağa kömək etsin. Mən insanların ölkəni düz istiqamətləndirməsi üçün çalışıram. Qərb Əfqanıstandan nəzərini çəkməməlidir, o bundan sonra da ölkəni müdafiə etməlidir.

- Qərbdə Əfqanıstana qarşı geniş yayılmış yanlış fikir nədir?

- Mən tez-tez insanların Əfqanıstanın Orta Asiyada yerləşdiyini düşünən insanlarla rastlaşıram. Onlar düşünürlər ki, əfqanlar ərəblərdir. İnsanlar inanırlar ki, ölkədə terrorizm və ekstrimizm üçün böyük dəstək var. Buna görə əksər insanlar

Əfqanıstanı düşmən kimi qəbul edir, onlar da qərbi düşmən kimi görürlər. Bin Laden və Taliban, Əl Kaidə: mənim söhbət etdiyim əksər insanlar onlara az rəğbət bəsləyirlər. Belə bir fikir var ki, əfqanlar da taliblər kimidir və onların hərəkətini təqdir edir. Bu orta statistik vətəndaşın düşüncəsidir. Mən çox səyahət edən müstəqil adamlardan danışmıram.

- Siz Əfqanıstanda insanların gündəlik həyatının yenidən stabilləşməyini təmin edə biləcəyinizə inanırsız?

- Bu haqda nəsə demək çətindir, amma uzun müddətdir ki, bunu düşünürəm.

- Ölkənizin müdafiəsini möhkəmləndirmək üçün- xarici hərbi qüvvələrin polisi formalaşdırmasına inanırsız?

- Bəli, əfqan polisi fəlakətdir, buna görə də onu təlimatlandırmaq çox vacibdir. Onlar NATO tərəfindən tərk edilmiş kəndlərin müdafiəsini öz üzərlərinə götürə bilməli və taliblərə verməməlidirlər. Bu, polisin ən böyük problemidir. Detallara varmadan deyim ki, eyni zamanda hərbi aspekt də vacibdir. Arzulayardım ki, o başqa cür olsun. Hərbinin həm də humanist olması vacibdir: Əfqanlar bunu görmək istəyirlər, məktəblərin, küçələrin, xəstəxanaların yenidən tikilməsini. Onlar iş, ailələrini qidalandırmaq istəyirlər. Və ölmək istəmirlər, çünki qışda çox qar yağır. Əgər humanizm hərbiyə uduzursa, bu, insanları məyusluğa aparır. Hərçənd sonda döyüş meydanında müharibəni uduzmasalar da, amma ağıl və qəlb uğrunda müharibəni uduzurlar. Talibanın meydan oxuması təhlükəlidir. Onlar özlərinə tərəfdar toplayırlar. Bu dərin ideoloji etiqaddan gəlmir. Əfqanların çoxu onlara iqtisadi səbəblərdən qoşulur, çünki imkanları məhduddur. Çünki onlar nəyinsə yaxşılığa doğru dəyişə biləcəyini görmürlər.

Stern.de saytından
Almancadan Sevda Sultanova çevirdi
ANN.Az
XS
SM
MD
LG