Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:56

«Azərbaycan vətəndaşları tədricən və gizli zəhərlənmələrin qurbanıdırlar»


Arxiv foto
Arxiv foto
Yay gələndə qida zəhərlənməsi ilə bağlı xəbərlər də artmağa başlayır. Söhbət tək qarpız zəhərlənməsindən getmir...

Daxili İşlər Nazirliyinin saytında yazılıb ki, Sumqayıtda Zülfiyyə Həsənova, onun 14 yaşlı oğlu Həsən və qızı 14 yaşlı Çiçək qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Avqustun 7-dəsə xəbər agentlikləri Maştağa qəsəbəsində bir ailənin sosiskadan zəhərlənməsi haqda məlumat yayıblar. Onlar 3 saylı Sabunçu Xəstəxanasına yerləşdiriliblər.

Fərid Həsənov da kolbasadan zəhərlənib. Bu haqda indi zarafatla danışır:

- Özüm almışam. Zəhərlənmişəm, özüm də müalicə olunmuşam.
- Həmin məhsulla bağlı harasa müraciət etdizmi?
- Bu mümkün deyildi. Bu məhsulun üstündə tarix yox idi.

Amma artıq Fərid Zeynalov acı təcrübədən dərs çıxarıb. Aldığı hər məhsulun üstündə saxlanma tarixinə, hazırlanma qaydalarına mütləq fikir verir. Deyir ki, «dayım həkim olmasaydı mən bu həyatla çoxdan vidalaşardım».

TANIŞ DÜKANLAR

Təxminən dörd kvadrat metrlik balaca bir otaq. Üst-üstə qalanmış məhsullar: hisə verilmiş balıq, un, şirniyyat, çörək, kolbasa, pendir... Hamısının da iyi bir-birinə qarışıb. Üstü açıq, bəzən əl-ayağa dolaşan məhsullara müştərinin ayağından qopan toz-torpaq da qarışır.

Bakının az qala hər məhəlləsində belə balaca dükanla rastlaşmaq olar.
Gigiyena qaydalarına çox da məhəl qoyulmayan, ərzağı saxlamaq üçün sərinləşdirici sistemi olmayan belə mağazalar da təhlükə mənbəyidir. Şəhərin mərkəzindəki belə mağazalardan birinə giririk. Satıcı mikrofona danışmaq istəmir. Bir onu deyir ki, əhalinin hamısı imkanlı deyil ki, bahalı mal təklif edək: «Bizim satdığımız kasıb malıdır».

Arxiv foto:
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyir ki, bu, hamısı deyil. Bəzən də marketlərdə vaxtı bitmiş, istehsalçısı bəlli olmayan məhsullara rast gəlirsən:

- Böyük marketləri çıxmaqla kiçik və ya orta həcmli marketlərdə vəziyyət bizi qane etmir. Orda satış qaydaları pozulur. Çünki əksəriyyətinin anbarı yoxdur. Bizim ildə cərimələdiyimiz 1500 nəfərin 50 faizindən çoxu gigiyena qaydalarını pozanların payına düşür. İnzibati qaydada cərimə edirik. Vaxtı keçən məhsulu isə yerindəcə məhv edirik.

İmran Abdullayev sözlərinə görə, tədbir görürlər, amma dövlətin o qədər nəzarətçisi yoxdur ki, hamıya nəzarət edilsin.

«İLDƏ İKİ DƏFƏ YOXLAMA APARILIR»

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası bölməsinin müdiri İmran Abdullayev onu da deyir ki, bu ilin 7 ayında 447 qida zəhərlənməsi qeydə alınıb. Bunu da hamısı ev şəraitində baş verib:

- 533 nəfər zəhərlənib. 18 botulizm hadisəsi qeydə alınıb. Yəni konservləşdirilmiş məhsuldan zəhərlənib. 1 nəfər ölüb. 18 nəfərdən biri ya ikisi yol qırağından balıq alıb. Yerdə qalanı pomidor-xiyar turşusundan zəhərlənib. Daşkəsəndə ən böyük hadisə olub. 43 adam zəhərlənib. Təhqiqat gedir. Mağazadan götürülən toyuqda ya başqa məhsulda yoxlama göstərir ki, təhlükəli bir şey yoxdur. Bişiriblər, qoyublar günün altında milçək gəzib üstündə, bu da zəhərlənməyə gətirir.

İmran Abdullayev deyir ki, Mərkəz ildə iki dəfə ərzaq məhsulları ilə bağlı yoxlama aparır. Yüzdən artıq nümunə laboratoriyada tədqiq olunur.

Bəs satışdan çıxarılan ərzaq məhsulu olurmu? İmran Abdullayev deyir ki, bu il olmayıb. Amma keçən il bəzi məhsulları satışdan çıxarıblar. Bura ət məhsulları, yarımfabrikatlar, spirtli içkilər, çipsilər daxildir. Amma o istehsalçı firmanın adını demir.

«ZƏHƏRLƏNMƏ GİZLƏDİLİR»

Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Səhiyyə Nazirliyinin yoxlamalarından narazıdır. Deyir ki, indiyədək nazirlik hər hansı məşhur istehsalçının malını çıxdaş etməyib, ya da ondan zəhərlənmə halını aşkarlamayıb. Bu da şübhəli görünür:

- Çox təəssüflər olsun ki, gigiyena sertifikatı verən orqan da Səhiyyə Nazirliyinin tərkibindədir. Maraqlar konflikti olduğundan zəhərlənmələrin qeydiyyatı və dinamikası öyrənilmir. Bizim apardığımız iş nəticəsində ötən il nazirlik elan etdi ki, bir nəfər zəhərlənmədən ölüb. Zəhərlənmə gizlədilir. Diaqnoza əl qoyularsa, malın adı ortalığa çıxar. Malın adı çıxanda istehsalçının adı ortaya çıxar. O zaman sertifikat məsələsi gündəmə gəlir. Nə qədər ki, sertifikat verən orqanla əhalinin sağlamlığını qoruyan orqan ayrı-ayrılıqda deyil, bu faktlar gizlədiləcək. Azərbaycan vətəndaşları tədricən və gizli zəhərlənmənin qurbanlarıdır.

Yeri gəlmişkən, Azərbaycanda gigiyena sertifikatını Səhiyyə Nazirliyi, uyğunluq sertifikatını isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi verir.
«GİGİYENA QAYDALARINA MİNİMUM ƏMƏL OLUNURSA SERTİFİKAT VERİLİR»

İmran Abdullayev deyir ki, onlar ildə 200-dək müəssisənin gigiyena sertifikatını ləğv edirlər. Elə bu günlərdə İsmayıllıda iki pendir sexinin bağlaması haqda qərar verəcəklər :

- Bizim məqsədimiz kimisə təkcə ifşa etmək, ya da şou yaratmaq deyil. Dövlətin qanunları çərçivəsində iş görürük. Nöqsanlar ola bilər. Əgər müəssisə sahibi kobud nöqsana yol verirsə, onda cəzalandırırıq. Bunu gizlədiriksə, ildə 1500 sahibkarı necə cəzalandırmışıq?

İmran Abdullayeva əlavə edir ki, mərkəz təhlükəsizlik göstəricilərini yoxlayır. Göstəricilər normativə uyğun olarsa, müəssisədə gigiyena qaydalarına minimum əməl olunursa, sertifikat verilə bilər.
XS
SM
MD
LG