Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:52

CAVİDAN. Aqressiya


(Şeirlər)

Aqressiya...

Mən sənin ananı...
Ağlar qoymadım,
Almadım səni ondan...
Mənə
Bir rəhmət
Düşür, ya yox?
Mən sənin ağzını...
Yuma bilmədim,
Hər kəsə yaydın
Aramızda olanları...
Sənə
Bir töhmət
Düşür, ya yox?

Mən səni...
Sən
Məni sevən gün
Unutdum...


Çıxacaqlar...

Atamı mən seçmişdim
Şeir yazan bir gənc idi
Anamı da özüm seçdim
Məsum bir kənd mələyiydi...

Onlar sevişərkən baxırdım
Fürsət axtarırdım
Anamın bətninə soxulmağa...
Atam çox kobuddu,
Həm də arsız...
Anam çox utancaqdı paltarsız...

Səhərə yaxın nənəmin səsi gəldi
Atamla anam yığışdırdılar özlərini
Tez-bazar ört-basdır elədilər məni...

Nənəm
Namaza oyanmışdı...

Sonra bir gün
Səhərə yaxın
Çıxdım gizləndiyim yerdən
Anamı öldürmüşdüm az qala
Atam məni doğratdırmaq istəyirdi
Nənəm namaza oturmuşdu...

Səhərə yaxın vaxtları çox sevirəm
Səhərə yaxın
Çıxmışdım göylərin qoynundan
Sonra anamdan...

Səhərə yaxın
Bir dəfə də özümdən çıxacağam
Sonra Yerin orbitindən
Sonra Qalaktikamızdan...

Gör nə qədər çıxacaq var bu həyatda
Hamısını da özüm seçmişəm
Sanki
Tanrı ilə gizlənpaç oynayırıq...

Bəs
Nənəm harda gizlənib?
Çoxdandı namaz qılmır...


Bu şəhərdə...

Başını itirmiş
qadınlar şəhərində
küçələr boyunca
qadın kəllələri diyirlənər
bədənləri
daş evlərə gömülmüş,
divarlara hörülmüş...

Başını itirmiş
qadınlar şəhərində
divarlardan
iniltilər eşidilər,
pəncərələrdən
qan-yaş damar...

Başını itirmiş
qadınlar şəhərində
hər qadın
bir kişinin başını
bişirməyə borcludur,
sonra isə yeməyə...

Başını itirmiş
qadınlar şəhərində
başı yeyilən kişilər
küçələrdən yığışmazlar...
diyirlənən
qadın başlarını
bir-bir yoxlayarlar
bədənlərinin ölçüləriylə...


Div telefonları...

Beş yaşlı oğlan
Qəbir daşlarını
Cib telefonları bildi...
- Bu nəhəng telefonları
Bura kim düzüb belə?
Hansı divindi bunlar?
Kimə zəng etmək olar
Bu boyda telefonlarla?


Beş yaşlı oğlanın
Başından
beş dəfə böyük sualları
cavabsız qaldı...

əlimdəki
cib telefonuna baxdım –
əlimdə
kimin başdaşıydı?
Indi zəng çalınsa
Üstündə
Kimin adı yazılacaq bu başdaşının?..

...molla qardaş,
Al bu beş manatı,
Yığ ölənlərimin
Başdaşlarındakı rəqəmləri,
Çağır
Bu div telefonlarının
Üstündəki adları,
Bir
Polifonik
Yasin oxu onlarçın...
Bir
Salavat mesajı göndər...


Striptiz...

Mən
bayağı mahnılara
soyunmaq istəmirəm
mənimçin
bir
Füzuli kantatası səsləndirin…
işıqlar sönsün,
bax, belə…
indisə
projektoru salın işə
bircə mən görünüm
sarılım
səhnədəki dəmir ağaca
öncə dəmirağaclarını soyunum
sonra bütün Lənkəranı
yağışdan islanmış plaş kimi…
nənəmin
o dünyadan da
mənə zillənən nəzərlərini
atım üstümdən
Gəncə kələğayısı tək…
sonra anamın laylalarını soyunum,
sonra nağıllarını
çoxdandı
saçlarıma hörülmüşdü onlar
anamın
ər öpüşü görməyən
kəndçi barmaqlarıyla…
Ah…
saçlarıma ilişdi
bu laylalar, nağıllar.
qoparmaq çətin oldu…
amma
siz narahat olmayın
hər şey
hələ indi başlayır…

Məni candan usandırdı
atamın eqoist hökmranlığı
allahlıq iddiası,
soyunum, atım
əynimə dar olan
sintetik jaket kimi,
bir az
dərindən nəfəs ala bilim…

Fələklər yandı ahimdən…
ilk sevgimin
məktəb partalarına yazılmış
sirli hərflərini soyunum,
deyə bilmədiyim,
eşidə bilmədiyim
“sevirəm” sözünü soyunum
ipək yaz donum kimi…
Üstündəki bənövşələr
hələ də solmaq bilmir,
yaman üzübərkdilər…

çıxarım
nişan üzüklərimi barmaqlarımdan,
necə çoxdular,
ayaq barmaqlarım da
azlıq elədi bunlara,
boynuma da taxılıb
it xaltası tək,
gətirin baltayla qırın!
Aparın atın onları
Araza, Kürə,
nə bilim, Nil çayına…
Amma…durun bir az…
onlardakı nifrətdən,
ağrıdan, göz yaşlarından
Axar sular bulanmazmı?..

Soyunum
üfüq boyu düzülən
arzularıma gedən addımlarımı
cındır ayaqqabılar tək,
tullayım,
itaparan olsun,
çıxarım
sevmədiyim evlərə
gəlin getməklərimi
ilmələri qaçmış
qara kapron corablar tək,
ayaqlarım sayalı olsun…
Həbibim, fəsli-güldür bu…
Çox seksi görünürəm, deyilmi?
Nə oldu?
Niyə ah çəkirsiz?
Can köynəyimə heyfiniz gəlir?
Onu çıxarıb atmayım?
Atmıram…
bu köynəyi
onu ən çox sevənə
əmanət saxlayacam
birgə almışdıq onu
Tanrının uşaq talkuçkasından…
nə isə…
qoy gözlərimi qurudum…
harda qalmışdıq?
Sevgilərimdə…
Ümidlərimdə…
Onların da
kürəyimə sancılan
qarmaqlarını dartıb açım
gipür büstqalter kimi
atım üstünüzə…
didin bir-birinizi
bir tikəsini əldə etməkçin…

Mənə tən eyləyən qafil
cahil və görməmişlər!
gözünüzü dikmisiz
əynimdəki son dünya malına
gözləyirsiz
ehtiraslarımı,
dişi ruhumu da
atım sizinçin,
didim-didim eləyəsiz?!.
Götürün…
təki gözününz doysun…
mənisə rahat buraxın
artıq
nə soyunmağa bir şeyim qaldı,
nə sizə bağışlamağa…
bircə vücudum - onu Yerçin soyunacam…
bir də ruhum - onu Göyə aparacam…

Ağlamayın
qoyun sizə bir də baxım,
qoyun sizi bir də sevim,
axı hələ
Şəbi-hicran yanar canım,
axı hələ
Tökər qan çeşmi-giryanım…

Nə oldu?
Hara gəlirsiz?
Rəqs etməyə?
Soyunmağa?
Ay dəlilər…
elə bilirsiz, sizdə də alınacaq…?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG