Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:24

Cərimələrin banka ödənilməsi imkanı yaradılıb


Yol polisi
Yol polisi
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri 37 bankın və «Azərpoçt» MMC-nin 1000-ə yaxın ödəniş məntəqəsində, sistemin internet səhifəsində ödəniş aparmaq mümkündür.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) daxili informasiya sisteminin Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) inteqrasiya olunması üzrə işlər başa çatdırılıb. Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən AnsPress-ə məlumat verilib.

Bu üsul sürücülərə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri bank vasitəsilə ödəməyə kömək edəcək. Bankdan bildiriblər ki, KÖMİS-ə qoşulmuş 37 bankın və «Azərpoçt» MMC-nin toplam olaraq 1000-ə yaxın ödəniş məntəqəsində, eyni zamanda sistemin internet səhifəsində (www.apus.az) cərimələr haqqında məlumat almaq və ödəniş aparmaq mümkündür.

Bank və poçt şöbələrinin sistemə qoşulmuş iş yerlərində, həmçinin KÖMİS-in internet səhifəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin ödənilməsi imkanı yaradılıb.

Aparılan hər bir ödəniş haqqında qəbz təqdim edilir və məlumat real rejimdə dərhal BDYPİ-nin daxili informasiya sisteminə ötürülür.

Prezident İlham Əliyev bu il fevralın 14-də «Yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında» fərman imzalayıb. Fərmana görə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilən cərimələrin 25 faizi yol patrul xidmətini həyata keçirən əməkdaşların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunmalıdır. Həmçinin hökumət cərimələrin yalnız plastik kartlar və bank vasitəsilə ödənilməsinin mexanizmlərini hazırlayıb dövlət başçısına verməli idi. Yeni qaydaların konkret nə vaxtdan qüvvəyə minəcəyi haqqında məlumat yoxdur.

Yanvarın sonundan Azərbaycanda rüşvət və korrupsiyaya qarşı rəsmi kampaniya başlayıb. Dövlət başçısı vətəndaşlara da müraciət edib ki, belə hallar barədə ona müraciət etsinlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG