Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:00

Uyğurların lideri: «Ya azad olacaqlar, ya da öləcəklər»


Uyğur müsəlmanlarının sürgün edilmiş lideri Rabiya Kadeer
Uyğur müsəlmanlarının sürgün edilmiş lideri Rabiya Kadeer
Çinin cənubunda Sinszyan Uyğur Muxtar Respublikasında etnik uyğurlar və han çinlilər arasında qanlı toqquşmalar davam edir.

Uyğur fəalları deyirlər ki, onların qəzəbini Çin repressiyası coşdurur. Pekin isə uyğurları seperatizmdə, terrorşuluqda ittiham edir və zorakılığın alması üçün sərt kütləvi təhlükəsizlik tədbirlərinə əl atıb.

«ÇİN HAKİMİYYƏTİ HƏLƏ DƏ İNSANLARI HƏBS EDİR»

Uyğur müsəlmanlarının sürgün edilmiş lideri Rabiya Kadeer AzadlıqRadiosuna verdiyi müsahibəsində Sinszyandakı vəziyyəti təhlil edib. O, «son zamanlar Sinszyanda zorakılıq hadisələri artıb. Bu qədər qan tökülməsinə nə səbəb olub və bütün bu hadisələrin bir-biri ilə əlaqəsi varmı?» sualına belə cavab verib:


Rabiya Kadeer kimdir?
  • 11 uşaq anası olan Rabiya Kadeer 1976-cı ildə Çində bir camaşırxana açıb işlətməklə pul qazanmağa başlamışdı. 1990-cı illərin ortalarında isə o, artıq Çində böyük ticarət mərkəzinə sahib olan ölkənin beş ən varlı adamından biri idi. Sincan əyalətində uyğurların hüquqları uğrunda mübarizə aparması onu az qala hər şeydən məhrum edib. İlk dəfə 1997-ci ildə Sincanın Yining şəhərində nümayişçilərə divan tutulmasına görə Pekini tənqid edən Kadeeri hakimiyyətin hədəfinə çevrildi. Bundan dərhal sonra parlamentdəki yerini itirdi, ölkədən çıxmasına qadağa qoyuldu. 1999-cu ildə ABŞ konqresmenləri ilə görüşüb uyğurların hüquqlarının pozulması barədə məlumat verməyə cəhd etdiyinə görə həbs olundu. 2000-ci ildə dövlət sirrini yaymaq ittihamı ilə azadlıqdan məhrum olundu. 2005-ci ildə səhhətinə görə azadlığa çıxandan sonra ABŞ-a sığındı. Rabiya Kadeer 2006-cı ildə Amerika Uyğurları Assosiasiyasının və Dünya Uyğur Konqresinin prezidenti seçilib. Bundan dərhal sonra onun Çində yaşayan oğlunu vergi pozuntuları ittihamı ilə həbs ediblər.
«Bəli, bütün hadisələrin bir-biri ilə əlaqəsi var. 2009-cu ildə iyulun 5-də regional paytaxt Urumçidə han çinləri ilə uyğurlar arasında baş verən iğtişaşlar zamanı 10 minə yaxın adam həbs olundu. 4-5 min adam itkin düşdü, 4-5 min adam öldürüldü. Fikrimcə, indiki qarşıdurmalara ölənlərin yaxınları qatılıb».


Rabiya Kadeerin sözlərinə görə, Çin hakimiyyəti hələ də adamları həbs edir, onların sayı 70 minə çatıb: «İtkin düşənlərin də sayı artıb. Hakimiyyət uyğurların evinə polis göndərir. Kişiləri sorğu-sual edirlər, onlara işgəncə verirlər ki, iyulun 5-dəki hadisılərlə əlaqələri varmı, bu hadisələrdə iştirak ediblərmi? Ona görə də biz deyirik ki, hadisələr iyulun 5-dən başlayıb. Fikrimcə, Çin uyğurların öldürülməsini dayandıracaq, amma uyğurlar dayanmayacaq. Çin öz siyasətini dəyişənə qədər. Ya azad olacaqlar, ya da öləcəklər».


«HADİSƏLƏRİ TERRORÇULUĞA BAĞLAYAN HAKİMİYYƏT YALAN DANIŞIR»

Rabiya Kadeer Çinin bu iğtişaşların arxasında Pakistan hərbçiləri tərəfindən öyrədilmiş müsəlman extremistlərinin durması ilə bağlı iddialarını rədd edir, deyir ki, bu, yalandır: «Hərkəs, Çin hökuməti də, uyğurlar da, çinlilər də, jurnalistlər də bunun yalan olduğunu bilir». Onun sözlərinə görə, zorakılıqda əli olan adamlara işgəncə verildiyi faktdır və görünür, Çin 5-6 adamı məcbur edib ki, islamçı və Pakistan terrorçuları ilə əlaqələri olduğunu söyləsin: «Onlar hadisələri saxtalaşdırmağı bilirlər. Mənə qarşı da bu medotdan yararlandılar, «etiraf» etdirdilər, sonra da bu «etiraf» əsasında məni sürgünə göndərdilər».

Rabiya Kadeerin fikrincə, qarşıdurmaların arası kəsilməyəcək. O deyir ki, Çin qarşıdurmalarda terrorizm izi axtarır və bu bəhanə ilə də uyğurları öldürəcək. Amma belə olarsa Çin böyük səhvə yol vermiş olacaq. Rabiya Kadeerin sözlərinə görə, uyğurlar hər yerdə ayağa qalxır və bu davam eləsə, qazaxlar, monqollar da qalxacaq. Çində yaşayan qazaxların bir etnik qrup kimi güncə sıxışdırıldığını söyləyən xanım Kadeer əlavə edir ki, uyğurların savaşı azadlıq uğrundadır, bunu terrozim adlandımaq səhvdir:

«Bu savaş uyğurlarla hökumət arasındadır. İkinci dünya müharibəsində Yaponiya Çinin bir hissəsini işğal etdi, çinliləri öldürdü. Çin də cavabsız qalmadı. İndi Çinin hərəkətini terrorizmmi adlandırmalıyıq? Uyğurlar indi eyni vəziyyətdədilər».

Arxiv foto
«UYĞURLARLA BƏRABƏRHÜQUQLU DAVRANILMALIDIR»

Rabiya Kadeer Çin hökumətinə məktub yazıb qan tökülməsinin dayandırılmasını, dialoqa getməyi, uyğurlara bərabərhüquqlu və insani rəftar göstərməyi, həbs edilənlərin dərhal azadlığa buraxılımasını istəyib. Amma cavab alıb ki, onlar milli separatçıların və terrorçuların liderini dinləmək niyyətində deyillər:

«Amma hələ də ümid edirəm ki, Çin hakimiyyəti özündə güc tapıb həbs olunmuş uyğurları sərbəst buraxacaq, onlarla yaxşı rəftar edəcək, bərabər hüquqları olduğunu tanıyacaq. Ona da ümid edirəm ki, uyğurların müsadirə edilmiş torpaqlarını vaxt itirmədən özlərinə qaytaracaqlar. Yurd-yuvalarından qovulmuş uyğurlara evlərinə qayıtmağa izacə verəcəklər».

Rabiya Kadeer deyir ki, bu problemlər həll olunandan sonra uyğurlar müstəqilliklə bağlı suallara cavab tapa və bu məsələni də beynəlxalq normalara, uyğurların arzularına uyğun həll edə bilərlər.
XS
SM
MD
LG