Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:37

Neft şirkətində 4 nəfər günvurmadan huşunu itirib


Arxiv foto
Arxiv foto
ARANA XƏBƏRDARLIQ

Bu günlərdə Azərbaycanda isti nəfəs təntidir. Sinoptiklər artıq Aran rayonlarında temperaturun 42 dərəcə olduğunu deyiblər. Başqa bölgələrdəsə temperatur 35-40 dərəcə arasındadır. Buna görə də Dövlət Əmək Müfəttişliyi Xidməti əhaliyə, xüsusən də Aran bölgəsinə xəbərdarlıq edib. Xidmətin rəis müavini Məhərrəm Məhərov:

«Bu qanunun tələbidir. Biz əhalini çağırırıq öz hüquqlarından istifadə edib 41 dərəcədən artıq istidə işləməsinlər. Və işəgötürənləri xəbərdar edirik ki, açıq havada iş aparılmasın. Onları 2000 manat cərimə gözləyir».

Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, havanın temperaturu 41 dərəcəni keçərsə, bütün işəgötürənlər açıq havada və eləcə də soyuducu qurğuları olmayan örtülü yerlərdə bütün növ işləri dayandırmalıdırlar. Ya da işçilərin sərinləməsi üçün fasilələr verməlidirlər.

«HƏR YERDƏ ARAŞDIRMA APARMAQ OLMUR»

Xidmətin rəis müavini Məhərrəm Məhərov etiraf edir ki, bütün iş yerlərində araşdırma aparmaq imkanları yoxdur:

«Mən açıq deyim ki, eyni vaxtda, həmən temperatur olan vaxtda hər yerdə olmaq, yoxlama aparmaq mümkün deyil. Elə ciddi pozuntu da olmayıb».

- Amma Bakıda tikintilərdə iş gedir. Qazıntı aparılır, yol salınır.

- Bakı şəhərində hələ 41 dərəcə isti elan olunmayıb. Buna baxmayaraq, biz yenə də deyirik ki, gün istidir. İşlərin dayandırılması vacibdir. Qanun 41 dərəcə tələb edir, onu təyin etmək, sübut etmək çətinlik tələb etsə də. Çalışırıq ki, günorta iş getməsin.

Bəs Aran bölgəsində durum necədir? Məhərrəm Məhərov deyir ki, düzdür Aranda idarə-müəssisələr azdır. Əhali də əsasən kənd təsərrüfatı ilə məşğul olur:

- Hərənin öz sahəsi var. Ailəsi-uşağı ilə bostan-tərəvəz məhsulları toplayırlar. Pambıqda iş yoxdur. Fərdi təsərrüfatlardır. Bu adamları cərimələmək də mümkün deyil. Sahibkarlıqla məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçməyiblər.

Arxiv foto
ŞİRVANDA NEFT ŞİRKƏTLƏRİ İŞLƏYİR

Aran bölgəsində yerləşən Şirvan şəhəri ilə əlaqə yaratdıq. Şirvanda yaşayan hüquq müdafiəçisi Əlibəy Zeynalov AzadlıqRadiosuna deyir ki, açıq havada demək olar ki, iş getmir. Amma neft mədənlərində iş davam edir. Və avqustun 1-də «Qarasu Oil» əməliyyat şirkətində 4 nəfər günvurmadan huşunu itirib. Onlardan biri Arif Əbilov isə xəstəxanaya aparılıb:

«Ümumiyyətlə tikintilərdə iş yoxdur. Amma neft mədənlərində iş gedir. «Qarasu Oil»da günvurmadan 4 nəfərə həkim yardımı göstərilib. Şirkətin Mışovdağ sahəsində - «Yeraltı» təmir sahəsində iş dayandırılmayıb. Çox kəskin isti var. İstilərə baxmayaraq «Şirvan Oil»da, «Salyan Oil»da təmir işləri gedir».

«Qarasu Oil»un meneceri Yuri Kuroçkinə zəng vurduq. Sualımızı cavablandırmaqdan imtina etdi. Dedi ki, yanında iclasdır, az sonra zəngləşək.

İCRA BAŞÇISININ MÜAVİNİ: «ONLAR QAPALI ZONADA İŞLƏYİRLƏR»

Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Elman Abbasov dedi ki, neft şirkəti özəldir və onların işinə müdaxilə edə bilməzlər. Bundan başqa onların taleyinə görə, məsuliyyət də daşımırlar:

«Bizdə belə məlumat yoxdur. Onlar qapalı zonada işləyirlər. Ora başqa adamları buraxmırlar. Ora «propusk»la buraxırlar. Hər adam gedə bilmir. Neft şirkətidir, hər şey ola bilər».

O ki qaldı başqa idarə-müəssisələrə, müavin deyir ki, son günlər istilərdə şəhərdə iş saat 5-dən sonra başlayır. Əhaliyə də xəbərdarlıq olunub ki, günorta saatlarında işləməsinlər:

«Xəbərdarlıq olunmasa da, işləmək mümkün deyil, açığı».

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə Elman Abbasovun bu cavabından təəccüblənir:

Mirvari Qəhrəmanlı
«Bəla ondadır ki, bizimkilər düşünürlər ki, özəl şirkətdirsə, ona dəymək olmaz. Amma Əmək Məcəlləsi var. Azərbaycan ərazisində fəaliyyət göstərən, Azərbaycan sularında, Azərbaycan bayrağı altında üzən bütün gəmilərdə şirkətlərə, müəssisələrə, orda çalışanlara Azərbaycan qanunları şamil edilir. Və onlar buna əməl etməlidirlər».

Mirvari Qəhrəmanlıya görə, yaranmış durumda iki günahkar var: Əmək Məcəlləsinin tələblərinin yerinə yetirilməsinə nəzarət etməli olan Dövlət Əmək Müfəttişliyi Xidməti və Həmkarlar İttifaqı.

SUMQAYITDA İSTİDƏN ÜÇ ADAM ÖLÜB

Sumqayıt Şəhər Polis İdarəsinin məlumatına görə, 64 yaşlı Zəhra Məmmədova küçədə ürək tutmasından ölüb. 43 yaşlı Asəf Əmirov isə beyninə qan sızmasından həyatını itirib. Xəbəri «APA» yayıb. 60 yaşlı Tofiq Abbasov isə iş başında ölüb - işlədiyi kafenin mətbəxində qəfildən keçinib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov isə deyir ki, Tofiq Abbasov ürək tutmasından ölübsə, təhqiqat aparılmayacaq:

«Əgər istehsalatla bağlıdırsa, mütləq araşdırılacaq. Bizə məlumat verilir o barədə».

Məhərrəm Məhərov istidən ölüm haqda onlara paytaxtdan və ya bölgələrdən məlumat gəlmədiyini deyir.

Kəskin istilər avqustun 3-dək davam edəcək. Məhərrəm Məhərov istisna etmir ki, temperatur artmaqda davam edərsə, hökumət ölkədə iş saatına dəyişiklik edə bilər.
XS
SM
MD
LG