Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:47

Tehran qəbiristanlığında ölülər üçün yer tükənir


Arxiv foto
Arxiv foto
Yanaqlarından yaş süzülən kişilər kəfənə bürünmüş Zəhra Yusifinin nəşini çiyinlərinə qaldırırlar. Ah-nalə çəkən qara çadralı qadınlar onları müşayiət edirlər. Rəhmətə getmiş yaşlı evdar qadının qohum-əqrəbaları onu son mənzilə yola salırlar. Son mənzil paytaxt Tehranın cənub ətrafında, tozlu, quraq çöldə yerləşir.

Müqəddəs Fatimeyi-Zəhranın şərəfinə «Behişti-Zəhra» adlandırılan böyük ərazi şəhərin əsas qəbiristanlığıdır. Burda daim qələbəlik olur. Hər gün bu qəbiristanlıqda 150 dəfn mərasimi həyata keçirilir, gündə təqribən 15 min adam buranı ziyarət edir. Həftəsonu yarım milyon insan burada dəfn edilmiş ailə üzvlərini, məşhur sənət adamlarını və İslam İnqilabının və İran-İraq müharibəsinin şəhidlərini yad etmək üçün «Behişti-Zəhra»nı ziyarət edir.

DÜNYANIN ƏN BÖYÜK QƏBİRİSTANLIĞLARINDAN BİRİ
olan «Behişti-Zəhra»nın altı da üstü kimi basırıqdır. Zarafat deyil, artıq 40 ildir ki, o, ölü qəbul edir. İndiyədək 1.6 milyon insan dəfn olunub burada. Artıq yeni qəbirlər üçün yer çox az qalıb.

Qəbiristanlıq 1969-cu ildə açılıb. O vaxt Tehran sürətlə böyüyürdü və şəhər rəhbərliyinin məscidlərdə dəfn praktikasını yığışdırmaq, bunu vahid bir yerdə cəmləmək qərarı «Behişti-Zəhra»nın yaradılmasına gətirib çıxarıb. İki il əvvəl şəhər rəhbərliyi qəbiristanlığı genişləndirmək və onu yolun o biri tayı ilə birləşdirmək üçün 200 yard uzunluğunda yeraltı keçid tikib.

«Yerdən daha səmərəli istifadə etmək üçün əvvəllər bir nəfərin basdırıldığı yerə indi üç nəfəri sığışdırırıq», – qəbiristanlığın sözçüsü İsmail Daneşpayi belə deyir. O, xəritəni çıxarıb, yeni ərazidə 400 min ölünün necə yerləşdirəcəklərini izah edir.

Daneşpayi əlini uzadaraq deyir ki, ən ucuzu yuxarıdakı qəbir yerləridir – təqribən 150 dollar. «Behişti-Zəhra»nın onilliklər ərzində üzərində şam ağacları və yaşıl kolluqlar bitmiş qədim hissələrində isə bir qəbir yeri 10 min dollaradır.

Rəsmilər qəbiristanlığın nə vaxt tam dolacağı barədə dəqiq fikrə malik deyillər. Amma Daneşpayinin təbirincə desək, Tehranın 12 milyonluq əhalisinin potensial «müştəri» olduğunu nəzərə alaraq, şəhər rəhbərliyi yeni yerlər axtarır: «Bizim fikrimizdə iki yeni yer var, ancaq həmin yerləri almamış adlarını açıqlamırıq».

Arxiv foto. Tehran
TARİXİ QƏBİRSTANLIQ

İran hakimiyyətinin «Behişti-Zəhra»nı ağzına kimi doldurmaqda başqa məqsədi var. Bu qəbiristanlığın İran İnqilabı tarixində xüsusi yeri var. İnqilabın banisi Ayətullah Xomeini 1979-cu ildə İrana qayıdanda kütlə qarşısında ilk çıxışını Şah rejiminə qarşı mübarizədə həlak olmuş şəxslərin şərəfinə məhz bu qəbiristanlıqda edib.

Qəbiristanlıqda quraşdırılmış xüsusi avadanlıq sayəsində, ziyarətə gələnlər mobil telefonun bluetooth sistemi ilə istədikləri qəbiri və ya yeri asanlıqla tapa bilirlər.

52 yaşlı çörəkçi İbrahim Kərim 1981-ci ildə qətlə yetirilmiş inqilab ruhanilərindən Ayətullah Məhəmməd Behiştinin qəbri başında göz yaşı tökür. Hər həftə bura ziyarətə gələn Kərim deyir ki, «burada uyuyan insanlar bizim üçün müqəddəsdirlər».

O, qəbiristanlığın getdikcə daha basırıq olmasından da şikayətçi deyil. Kərim deyir ki, burada hətta bir qəbirdə beş insanı basdırsalar da, o, «Behişti-Zəhra»da dəfn edilməsini istəyir.
XS
SM
MD
LG