Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:17

Cavid Zeynallı. Koramal


Hər il belə olur: yaz köçünü çəkər-çəkməz, qarışıq yuxular ləpir-ləpir məni izləyir.

Srağagün ağzıqara canavarla sinə-döş olmuşdum. Havasatın boğanağındamı ya canavarın xofundanmı bilmirəm, qan-tər içindəydim.

Eskalator başında istəklisini qarşılamağa tələsən dostumun ora-bura vurnuxmağından bildim: sübh namazının vaxtıdır.

Ürəyimi didən şübhənin başını qatmaq üçün əlimi telefona atıram. Dan yeri sökülməmiş “A”-ya sms yazıb yuxusuna haram qatmaq vərdişinə təzəcə tutulmuşam.

“Adsız barmağım canavarın ağzında getdi, kömürgözlüm”!

Metroya düşəndə albinos bir kişi elə bil Həzrəti Yusifin əmrini icra edirdi: əlində yuxuyozma kitabı, qızartdaq gözlərini üzümə zilləyib dayanmışdı.

“Bircə manatdır, bəlkə alıb bu mərdimazar canavarın nigarançılığından yaxa

Tündməcaz atası elə həmin yay – imtahanlardan on beşcə gün sonra onun tələbəlik arzusunu bakirəliyinə qatıb bacısı oğlunun yatağına saldı.

O gün mənim boğazımdan bir tikə çörək keçməmişdi. Başı pəncəsi üstə lal-dinməz mənə baxan itimizi yanıma salaraq evdən qaçmışdım.
qurtarım?!”

Kişi heykəl təki hərəkətsizliyimi görüb lal-dinməz uzaqlaşdı.

“Qara mövhumata inanınca, bir dilənçi qız uşağına dondurma boyun olub kədərli bəbəklərini sevindirmək, ən xeyirlisidir”- özümü təsəlliyə tuturam.

Günbatan çağı Bakının gözdən uzaq, könüldən iraq guşəsində yer qaralayıb “A”-nı görüşə çağırıram.

Salamsız-kalamsız yuxunu bitdə-bitdə danışdırır. Ağac koğuşundakı – deyirəm – südəmər canavar balalarını küçük bilib əzizləyəndə, anası üstümə atıldı.

Bənizi allanır, ciyər dolusu köks ötürüb nisgilli gözlərlə dalğın-dalğın dənizə baxır.

Sinəmi arıtlayıram, nəsə demək lazımdı. Məsələn, üzümlər dəyən vaxt tanrı arzuları çin edir, darıxma.

Baxışlarımızın qarşılaşmağı dördüncü ayın içindədir, amma elə bil min illik tanışlığımız var; darıxmağın ağını çıxarmışıq.

Hərdən sevdiyim qızlardan söz salıb danışmağımı istəsə də, fikrini yayındırmağı birtəhər bacarıram.

Söz vermişəm, payızın əvvəlinci yağışı torpağa hopunca barmağına üzük taxacam.

Hələ dünənki sms-inə bax, xeyli gülsəm də, ürəyimə sığmayan isti-ilıq duyğudan yamanca xoşallandım.

“Rayonda içinə qəpik yığdığım itim vardı, dünən göndəriblər. Hər gün mənə qəpik gətir, nişan üzüyümüzə pul düzəldək.”

Mən də gücüm çatan işi boyun olub cavabımı gecikdirmədim.

“Söz verirəm, romanımın birinci cümləsi belə olacaq: Bizim bəxtəvər günlərimizin binası ovcumuzda tərləyən kirli qəpiklərdən başladı”.

lll

Dünənki röyam daha dəhşətliydi. Koramal sinəmə baş qoyub mürgü döyürdü. Dik atılıb yerimin içində oturdum.

Bakının ən uzaq qəsəbəsindən adaxlanan dostumun “nokia”sında Rasim Balayevin zabitəli səsi eşidilir:

“Məhəmməd Surəsi. Mərhəmətli və rəhmli Allahın adı ilə. Kafirlərin, insanları Allahın yolundan sapdıranların əməllərini Allah puça çıxarmışdır. İman gətirib yaxşı işlər görənlərin, öz rəbbindən gerçək həqiqət kimi Məhəmmədə nazil edilənə inananların Allah günahından keçmiş və onların vəziyyətini yaxşılaşdırmışdır”.

Xeyirli olar, inşallah – dodağımın altında pıçıldayıb koramalı unutmağa çalışıram.

Məşəqqətli və qayğılı günlərdən sonra istəkli sevgili, rahat iş tapan dostumun özünü tamam-kamal ibadətə həsr etməsindən xoşhalam. Amma nə ola, o da fitvabaz mollalar kimi əngiboşluq etməyə.

Ayda ildə bir dəfə boğazımı nəm edib evə ayaq basanda, cəhənnəm odunu başımdan tökməyindən heç xoşlanmıram.

Mən də acığımdan Xəyyamın məşhur rübaisini bərkdən-bərkdən oxuyuram:

Xilqətin sirri müəmmadır, əvət,
Ürəfa saçsa da yüz min hikmət,
Burda cənnət yapalım badə ilə,
Nəmə lazım o varılmaz cənnət.


Dalınca da Hüseyn Cavidin “Xəyyam” pyesindən bir şeir parçası gəlir:

Saqi, aman, mey ver mana,
Doldur, peyapey ver mana,
Mən abi-kövsər istəməm,
Mey ver mana, mey ver mana
İçdikcə ruhum şad olur,
Hər qayğıdan azad olur,
Mey ver – gözəlsiz nəşəsiz,
Hər duyduğum fəryad olur.


Açığı, əvvəllər dostumdan sıtqım tamam sıyrılmışdı, amma nə etməli, elə kövrək-göyçək xatirələr var ki, mənim aləmimdə qutsal inanc kimidirlər.

Məsələn, tələbə vaxt quşdamı boyda otağımızda bir tikə boyat çörəyi şirinçayla içəri ötürüb, mədəmizi aldatmışıq.

lll

Saat dördün yarısıdır. Yuxu yatağımdan uzaq düşsə də, gözümün çimirini birtəhər ala bilərəm.

Bəs bu lənətə gəlmiş koramal necə olsun? Hələ mətbəxdəki siçovulu demirəm, döşəmənin taxtasını xartaxart gəmirir.

Şalvarımı əynimə keçirməyimlə qapıdan çıxmağım bir olur. Dönər və sevgi tamlı tələbəliyimin isti-ilıq günlərindən dər-divarında izlər qalan Bakı Dövlət Universitetinin yanından üzü metro səmtə yan-yana düzülən internet klubların birində yer tapıb, facebook-da avaralanmaqdan savayı yolum yoxdur.

Dostluğumdakı içiboş “dahi” yazarlardan iki cüt bir təki online-da marığa yatıblar: Necəsən? Cavab yazıram: Kəmşirin! Yazıçıların məlum çəkişməsinə münasibətin necədir? Ərkim çatan adamdırsa, belə də yazıram: Zəhmət olmasa, cəhənnəm ol burdan.

Aha, Vəfa Hüseynovadan mənə ismarıc var. Oxuyuram: “Salam, Cavid. Səni Hiss.az saytından narahat edirəm. Təzə rubrika yaratmışıq: yazarların uşaqlıq sevgisi. Lütfən, məktəb vaxtı sevdiyin qızlar haqqında bizə yaz. Qonorar mütləq olacaq. :) :) :)... “

Elə bil, sinəmə sərin su səpirlər. Sağ ol, Vəfa, lap çoxdan yazmaq istədiyim yazını qaralamağa bəhanə verdin. Uşaqlıq sevgililərim indi qızlarının saçını hörüb məktəbə göndərirlər.

Rayona yolum düşən vaxtlarda qapılarının ağzından keçib getmək istəsəm də, ürək eləmirəm. Nə isə, Hiss.az saytından gələn xahişi çox gecikdirmədim.

“Humaya qədərki qızlara olan hisslərim yaz yağışı kimi aldadıcı olub.

Ayanı adına görə sevmişəm, Samirə əlaçı olduğundan xoşuma gəlib, Nərminin səsindən havalanmışam, Sevda ovuc-ovuc tum, torba dolusu gilas, ərik gətirdiyinə görə ürəyimə yol tapıb.

Eh, Humay, Humay... Həkim olmaq arzusuyla sinfimizdə fizikanı, biologiyanı hamıdan yaxşı bilən, sevgi romanları oxumaqdan başqa bir işə yaramayan havalı gözaltısına görə riyaziyyat dərslərində yanağı allanan istəkli qız!!!

Təzə-təzə eşqə düşəndə saçımı suyla darayıb gödəkçəmin yaxasını qaldırardım, sinfə girəndə anamın ütüləyib cibimə qoyduğu yaylıqla ayaqqabımı parıldadardım ki, səliqəli olduğum xoşuna gəlsin. Mən nə edim ki, bütün dərslərdə dil-dil ötən bu mələk təbiətli qızın üzünə bəxti gülmədi.

Tündməcaz atası elə həmin yay – imtahanlardan on beşcə gün sonra onun tələbəlik arzusunu bakirəliyinə qatıb bacısı oğlunun yatağına saldı.

O gün mənim boğazımdan bir tikə çörək keçməmişdi. Başı pəncəsi üstə lal-dinməz mənə baxan itimizi yanıma salaraq evdən qaçmışdım.

Biçilmiş zəmi yerlərində axşamacan havalı-havalı dolaşıb ağrımı itlə bölüşmüşdüm: it ulamışdı, mən tələbə olmağımın sevincinə tüpürüb, tapdanan qüruruma, alçalan kişiliyimə qahmar çıxa bilməyib, yumruğum gözümdə xısın-xısın ağlamışdım.

Amma nə gözəl ki, Humayın sonrakı taleyi yaxşı gəldi: Həyət-baca becərdi, ərini sevib mənim adımı, xatirələrimi boyat çörək kimi toyuq-cücəyə yedirtdi.

Əkiz uşaq doğdu, gəlin gəldiyi evdən xeyli aralıda bir daxma qaralayıb içinə girdilər.

Hərdən qulağıma çatırdı ki, deyingən bibisinin tənələrindən uzaq olduğuna yaman sevinirmiş. İndi mənim yaralarım sağalıb. Amma Humayın uzun hörüklərindən sarı yaman nigaranam.

Baxışlarımızın qarşılaşmağından bircə həftə sonra “A”dan saçlarını hördürməyi istəsəm də, elə bil nəsə duyubmuş kimi (ona Humaydan bir kəlmə də danışmamışdım) eyham vurmuşdu ki, mümkün olan iş deyil.

İkinci əhvalat mənim uşaqlıq sevgimlə bağlı yox, talesiz bir qızın kədərli həyatı haqdadır.

Nimdaş xatirə olsa da, içimi yun kimi didik-didik edir. Anamla ögey dayıuşağı olan Çimnaz adlı qızın deyiklisi vardı, Qubad, 93-cü ilin vurhavurunda Qarabağa getməmək üçün Kazana – əsgər yoldaşının yanına qaçmışdı.

Quran dalınca Quran açdılar, molla dua yazdı, ocağa-pirə nəzir apardılar, cadu-piti etdirib axır 2001-ci ilin yayında Qubadı rayonumuza gətirtdilər ki, qızı arxayın salmısan, o da sinəsinə daş bağlayıb səni gözləyir.

Allah məni öldürsün, bu bəxtsiz qızın faciəsi elə ağrılıdır ki, bir düyün qəhər boğazıma tıxlanıb danışmağıma imkan vermir.

Baldızları Çimnazı yanına salıb cehizinin kəm-kəsirini düzəltmək üçün bazara aparmaqlarını xatırlayanda, əlim-ayağım hər yerdən üzülür. Qubad toypulunu düzəltmək üçün İnşaatçılardakı göydələnlərin birində günəmuzd iş tapdı.

Qızın ad günündə günbatan çağı rayona gəlmişdi; ətir almışdı, ayaqqabı almışdı, gecəylə Bakıya qayıdanda demişdi ki, “Nizami” metrosunda gümüş sırğa görmüşəm, pulum çatmadı, gələn dəfəyə qalsın.

O qalsın, bu qalsın, nə Çimnaz gümüş sırğa taxdı, nə də Qubad rayona qayıtdı. Dedilər, kiminsə səhlənkarlığı üzündən yeddinci mərtəbədən başına daş düşüb, daş!!!

Elə yerindəcə keçinmişdi. Qubadın öldüyü on-onbeş gün idi, evlərindən get-gəl, əl-ayaq kəsilmişdi. Humayla məktəbdən evə qayıdanda Çimnazı yolda gördük.

Elə bil əkin-əkinəcəkdə sərçə-sığırçın qovmaq üçün yerə sancılan müqəvva idi bədbaxt, qaraltısı qalmışdı. İki kərə özünü öldürmək istədi Çimnaz: birincidə gilas ağacına ip keçirdi, nə yaxşı qardaşı duyuq düşübmüş, özünü yetirib qızı ölümün cəngindən almışdı.

Deyirdilər, insafsız qardaş bacısının boğazındakı ipi çıxarmamış qıza əl qaldırıb.

Üz-gözü göyəribmiş Çimnazın, qardaş təpiklərinin ağrısı bir həftə sinəsindən çəkilməyib, küt zoqqultulardan gecələr yorğan-döşəkdə qıvrılır, it kimi ulamaq istəyirmiş. Sonrakı ölüm arzusu da zavallının gözündə qaldı.

Bir ovuc dərman içib köpük qusanda üstünə təcili yardım gətirdilər. Həkimlər əllərini üzsələr də, anası Allaha pənah apardı, yeddi qapıya niyyət elədiyi qurbanı qəbul oldu.

Bir də xəbər tutduq, Çimnazın Dərbənddə yaşayan böyük qardaşının arvadı ərinə gənəşib, yolxərci yollayıb ki, qızı bizə göndərin, uşaqlar bibisini görmək istəyir; həm də eyni açılar, dərd-səri ürəyindən atar, babaldı.

O ərəfələrdə anamın gözü-könlü gülür, sevincək deyirdi ki, maşallah, qardaşarvadı zirəkmiş, baldızı üçün dil bulayıb, qonşuluqda tək yaşayan halal, diribaş kişinin ağzını Çimnaza sarı döndərib.

İndi yer-yurdlu, kök-köməcli külfətdi Çimnaz. Keçən payız rayona gəlmişdi. Ətə-qana dolub, iki uşağı yanında, biri də qarnında...

Əri sir-sifətdən bir az natarazdı, amma nolar, alaməzhəb adam deyil, qəlbigenişdi. Çimnazın, balalarının əyin-başını tez-tez dəyişir, korluq çəkməklərinə dünyasında razı olmaz, şad-xürrəm yaşayırlar”.

lll

Otağımın pəncərəsindən boylanan iyul Günəşi Selma Hayekin divardakı şəklinin üstünə düşübsə, deməli, saat onun yarısıdır.

Dünənki yuxusuzluq məni əldən salıb, əsgərlikdən gələndən bu vaxtacan yatdığımı xatırlamıram. Sms səsindən diksinirəm. ”A” yazıb:

“ Kaş başqalarına olan səmimiyyətindən mənə də bir pay düşərdi. Ürəyini sevgilisindən gizləyən adamın yuxusunu canavar nədir, ilan-qurbağa da qarışdırar :) :) :)”

525-ci qəzet

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG