Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:43

«Sədərək» Ticarət Mərkəzində ancaq «Dübrar» suyu satılır


Satışda yalnız «Dübrar» adi suları var
Satışda yalnız «Dübrar» adi suları var
«Sədərək» Ticarət Mərkəzindəki satıcılar son vaxtlar bazara gələnlərin sayının artdığını deyirlər. Ancaq alıcıların sayı artdıqca, bazar rəhbərliyinin şərtləri də sərtləşir deyəsən. İndiyə kimi yer pullarının qaldırılmasından, mağazalara sayğacların baha qiymətə qoyulmasından gileylənən satıcılar indi də yalnız bazar rəhbərliyinin icazəsi olan məhsulları sata bildiklərini deyirlər. Məsələn, ticarət mərkəzində satışda yalnız «Dübrar» suları var.

RƏHBƏRLİK BAŞQA SULARIN SATIŞINA İCAZƏ VERMİR

Bazar rəhbərliyi başqa suların satışına icazə vermir. Satıcı Seymur Həsənov deyir ki, hər gün bazar rəhbərliyi tərəfindən başqa suları satmamaq üçün onlara nəzarət olunur:

«Satışda yalnız «Dübrar» adi suları var. Başqa suların satışına icazə yoxdur. Özləri axşamdan gəlib sifarişi götürürlər, səhər də malları gətirirlər. Amma bilmirəm haradan gətirirlər. Onların da icazəsi olmadan başqa suların satışına icazə verilmir».

«Dübrar»ın yarım litrinin qiyməti 40-50 qəpik, bir litrinin qiyməti isə 60 qəpikdir. Baxmayaraq ki, şəhərdə bu cür adi suların yarım litri 20-30 qəpiyə, bir litri isə 40 qəpiyə satılır. Satıcılar suyun baha satılmasını onu baha almaları ilə əlaqələndirirlər:

SU İKİ DƏFƏ BAHA QİYMƏTƏ SATILIR

- «Satışda ancaq «Dübrar» suları var. Bizə malın özü baha gəlir deyə, biz də baha satmalı oluruq».

- «Deyilənə görə, bazar rəhbərliyinin öz zavodu istehsal edir bu suları. Ona görə də başqa yerdən, daha ucuz qiymətə su ala bilmirik. Şirin sulara icazə verilir, amma adi sular yalnız
Bütün mağazalarda eyni su satılır
«Dübrar» olmalıdır».

ÇEŞİDƏ UYĞUN SEÇİM

«Başqa su yoxdur?». Alıcıların bu sualla satıcılara müraciətinin bir neçə dəfə şahidi oldum. Söhbətləşdiyim alıcıların əksəriyyəti ticarət mərkəzində yalnız bir firmanın sularının satılmasından narazılıq edirdilər:

- «Başqa hansı su satılır ki? Bütün mağazalarda eyni su satılır. Məcburuq ki, yalnız bu sudan alaq. Qiyməti də olduqca baha».

- «Çox bahadır, adi su 40-50 qəpik olar?».

Alıcı Zaur Bayramlı isə deyir ki, çeşid zənginliyi olmadığından seçim imkanları yoxdur:

«Çeşid nə qədərdir, seçimimiz də o qədərdir. Cibimizə uyğun oldu-olmadı, yalnız bu sular satılır. Satıcıya deyə bilmərik ki, bunu neçəyə al, neçəyə sat!».

«BİZƏ MÜRACİƏT OLSA, ARAŞDIRMA APARILAR»

Azərbaycanda inhisar hallarının qarşısının alınması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi yanında Anti-inhisar siyasəti və istehlakçıların hüquqlarını müdafiəsi Dövlət Xidməti yaradılıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, bazarlarda bu cür halların qarşısının alınması məqsədilə dövlət xidməti tərəfindən müntəzəm monitorinq və araşdırmalar keçirilir:

Natiq Cəfərli
«Anti-inhisar xidməti ölkənin istehlak bazarında mütəmadi olaraq dövlət nəzarəti tədbirlərini həyata keçirir. Bu monitorinqlər də nəzarət tədbirlərinə daxildir. Həm ərzaq, həm də qeyri-ərzaq bazarında intensiv qaydalarda monitorinqlər aparılır. «Sədərək» Ticarət Mərkəzində konkret dediyiniz məsələ ilə bağlı araşdırma aparılmayıb. Amma bizə müraciət edən olsa, bu məsələni araşdıracağıq».

«ONLARIN HAVADARLARI VAR...»

Abbas Əliyev deyir ki, «Sədərək» Ticarət Mərkəzində araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

İqtisadçı ekspert Natiq Cəfərli isə «Sədərək» Ticarət Mərkəzində baş verənləri Azərbaycanın kiçik modeli kimi qiymətləndirir:

«Sədərəkdə baş verən hadisə bütün ölkədəki vəziyyətin kiçik bir modelidir. Bu, lokal hadisə olmasına baxmayaraq, Azərbaycandakı vəziyyətin bir nümunəsidir. Onların çox güman ki, havadarları var, məmurlar sinfində olan insanlarla əlbir şəkildə bu cür addımlar atırlar. Çünki bu, həm məntiqə ziddir, həm iqtisadi qanunlara ziddir, həm də ümumilikdə qanunvericiliyə ziddir. Konkret hal olduqca utancverici olsa da, çox təəssüf ki, Azərbaycan reallığıdır».

«Dübrar» suları «Deka» şirkəti tərəfindən istehsal olunur. Bu şirkətin «Sədərək» Ticarət Mərkəzinin ərazisində «Bakı Pilsen» adlı pivələri də istehsal olunur. Özünü şirkətin icraçı direktoru kimi təqdim edən, adının çəkilməsini istəməyən şəxs «Dübrar» sularının Xızı rayonunda istehsal olunaraq bazara gətirildiyini bildirdi. Şirkətin rəhbərliyi haqda isə heç bir məlumat verilmədi.
XS
SM
MD
LG