Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:36

Cabbar Savalanlı həbsdə qaldı (VİDEO)


Cabbar Savalanlı həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00
Direct-ə keçid
İyulun 26-da Sumqayıt Apelyasiya Məhkəməsi AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının apelyasiya şikayəti ilə bağlı qərar verib. Cabbar Savalanlı bəraət istəmişdi, hakim Lətifə Məmmədova isə birinci məhkəmənin hökmünü qüvvədə saxladı. Bu il mayın 4-də narkotik saxlamaqda ittiham olunan Cabbar Savalanlı Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Apelyasiya məhkəməsində iclas başlanan kimi hakim Cabbar Savalanlının saxlanması və cibindən tiryək çıxmasında hal şahidliyi etmiş Rəhim Şıxəliyevin gəlib gəlmədiyini soruşdu. Vəkillərin vəsatəti ilə o, bu iclasda dindirilməli idi. Dedilər ki, hal şahidi prosesə gəlməyib.

Cabbar Savalanlının vəkili Anar Qasımov isə bildirdi ki, həmin hal şahidinin məhkəmədə dindirilməsi artıq onlar üçün əhəmiyyət kəsb etmir:

«Çünki ötən prosesdə jurnalistlər onu izləyiblər, o, məhkəmədən çıxandan sonra polislərlə çay içməyə gedib. Polislərlə çay içən hal şahidinin burda dindirilməsinə ehtiyac yoxdur»

Hakim şahidin məcburi gətirilməsi ilə bağlı qərar çıxarmaqdan vaz keçdi.

Vəkil Anar Qasımov dedi ki, Sumqayıt Şəhər Narkoloji Dispanserinə verdiyi sorğuya cavab alıb. Həmin cavabda həmin hal şahidinin dispanserdə narkoman kimi qeydiyyatda olduğu yazılıb:

«Bu adam özü 2000-ci ildən narkoman kimi qeydiyyata düşüb. Deməli o, əvvəllər məhkum olunub. İndi də polis bu adamı özündən asılı vəziyyətdə saxlayıb, ondan narkotik vasitə ilə saxlanma əməliyyatlarında hal şahidi kimi istifadə edir. Adam narkoman kimi rəsmi qeydiyyatdadır. Kim mənə sübut edə bilər ki, həmin gün də narkotik vasitənin təsiri altında olmayıb? Belə olmasaydı, bir gündə əməliyyatçılarla 3-4 əməliyyatda hal şahidliyi etməzdi».

Vəkil həmin şahidin ifadələrinin işdən çıxarılmasını xahiş etdi.

Anar Qasımov
Sonra vəkil Rəhim Şıxəliyevin Cabbar Savalanlı ilə üzləşmə protokolunun elan edilməsini istədi. Bu protokola görə, üzləşmə zamanı Cabbar Savalanlı cibindən çıxan narkotik maddəni görəndə deyib ki, «bu nədir, zibilə düşdüm». Sonra halı pisləşib, əməliyyatçılar ona su veriblər.

Ancaq sonrakı ifadələrində Rəhim Şıxəliyev bu məqamı qeyd etməyib. Bütün bunları yada salan vəkil qeyd etdi ki, həmin hal şahidinin ifadələri şübhəlidir və işdən xaric edilməlidir.

Vəkil həmçinin əməliyyatçıların Cabbar Savalanlının üzərində axtarış aparmalarının və izahatlar almalarının da qanunsuz olduğunu dedi:

«ƏMƏLİYYATÇILARIN KEÇİRDİKLƏRİ BÜTÜN HƏRƏKƏTLƏR ETİBARSIZ SAYILMALIDIR»


«Qanun buna yol vermir. Əməliyyatçılar təhqiqatçının görməli olduğu işi görüblər. Əməliyyatçının işi şübhələndiyi şəxsi tutub polisə gətirməkdən ibarətdir. Onun üzərinə baxış keçirilməsi, ilkin izahat və ifadələrinin alınması, hal şahidlərinin çağırılması - bunlar istintaqın işidir. Ona görə də əməliyyatçıların keçirdikləri bütün hərəkətlər etibarsız sayılmalıdır».

Vəkil Cabbar Savalanlıya bəraət istədi:

«Beynəlxalq hüquq müdafiə təşkilatları da təsdiqləyiblər və dəfələrlə İlham Əliyevə məktublar göndəriblər ki, Cabbar Savalanlı siyasi əqidəsinə görə həbs olunub və azadlığa buraxılmalıdır. Sirr deyil ki, onu, sosial şəbəkədə «Qəzəb günü» aksiyasına çığırış etdiyinə görə bir neçə gün sonra cibinə narkotik atıb həbs ediblər. Nəyə görə Cabbar universitetdən qovulub? Cabbar atasız kimi sosial təqaüd alırdı, bu gün ailəsini bundan da məhrum ediblər. Cabbarı hərtərəfli blokadada saxlayırlar. Bütün bunlar bir daha göstərir ki, onun həbsi siyasi sifarişdir.

Son söz demək üçün sıra Cabbar Savalanlıya çatdı:

Cabbar Savalanlı. Məhkəmə zalında. Arxiv foto.
«MÜBARİZƏ DAVAM EDİR»

«Vəkilimin dediyi kimi, mənə verilən ittiham və cəza sifarişlidir. Hamı bilir ki, bu məhkəmə cəzanı müəyyən qədər qüvvəsində saxlayacaq. Onu da hiss edirəm ki, barəmdə bu qərarı çıxarandan sonra sifarişlə bu qərarı verdiyinizə görə müəyyən qədər kövrələcəksiniz. Bunlara baxmayaraq mübarizə davam edir. Bu mübarizə mənim həyat tərzimdir. Həbsdəki məhkumluğum həyatdakı ilə demək olar eynidir. Bunun üçün də dörd divar arasında yaşamaq mənim üçün çox da çətin deyil. Onsuz da bu ölkədə demək olar ki, azad olan yer yoxdur. Mənə burda sifarişlə cəza çıxaranlar bilməlidirlər ki, bizi azadlıqdan məhrum etmək heç də insanları azadlıqdan məhrum etmək demək deyil. Azadlıq insanların düşüncəsindədir, əqidəsindədir».

Sonra prokuror Tural Yusifov çıxış etdi. O, Sumqayıt Şəhər Məhkəməsinin Cabbar Savalanlı barəsində çıxardığı hökmün qüvvədə saxlanmasını xahiş etdi:

«Hesab edirəm ki, bu məhkəmə prosesində bir daha təsdiqləndi ki, birinci məhkəmə instansiyasının qərarı düzgün olub. Çünki bu məhkəmədə də dindirilənlər narkotikin Cabbar Savalanlının üstündən çıxdığını və ona məxsus olduğunu bir daha təsdiqlədilər».

Prokurorun çıxışı məhkəmə salonunda əyləşmiş Cabbar Savalanlının anası Təravət Əliyevanın etirazı ilə qarşılandı:

«Onun cibində 40 qəpikdən artıq pul olmurdu. Sənin kimi onun bunun cibinə narkotik atıb qazanmır. Yetim uşaqdır, cibinə 40 qəpik pul qoyurdum, haradan idi onda pul narkotikə verəydi? Siz Azərbaycan vətəndaşı olsaydınız haqq ədaləti yerinə yetirirdiniz, sifarişi yox. Necə ki, prezidentin Qurana əl basıb, qənim olacaq, sizə də olacaq. Bir ana kimi 12 ildir onu yetimçiliklə saxlamışam».

Bu çıxışı zalda əyləşən gənc fəallar alqışladılar.

HÖKM QÜVVƏSINDƏ SAXLANILSIN

Hakim müşavirəyə getdi, təqribən 10 dəqiqədən sonra qayıdaraq qərarı bir cümlə ilə elan etdi. Sumqayıt şəhər Məhkəməsinin Cabbar Savalanlı barədə çıxardığı hökm qüvvəsində saxlanılsın.

Vəkil Anar Qasımov AzadlıqRadiosuna deyib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını əldə edən kimi Ali Məhkəməyə kasasiya şikayəti verəcək.
XS
SM
MD
LG